Hər sözünün əvvəli və sonu Ərkivan idi
Bu gün, əkivanlı şəhid zabitin 2 döyüş dostu Ərkivana gəlmişdi. Anargilin ata həyətində oturub xeyli söhbətləşdik.
Həmin döyüşçülər –baş leytenant Cəfərov Mirrəhman Mirməmməd oğlu, baş gizir Əliyev Samir Əliabbas oğlu sanki Anarı yenidən bizim üçün diriltdilər, bizi onun döyüşdüyü meydanları, dərd- sərini paylaşdığı cəbhə dostlarının yanına apardılar.
“Bir gün əvvəl hamımızla halallaşdı. Günorta üstü isə yüzə yaxın əsgərimiz polkun qabağında idi. Yanımıza gəldİ. Adət üzrə bir az zarafatlaşdı. Daha sonra isə bir az duruxub, sonra dedi ki, axşam gedirik yenə döyüş meydanına, hamınız haqqınızı halal eləyin, mən də halal edirəm. Həyatdır, döyüşdür... nə bilmək olar.
2 saat sonra isə bizi, 2-3 yaxın dostunu çay stolunun ətrafına yığdı. Yenə bir az oradan-buradan danışıb, xəyallandı- “Ürəyimə damıb ki, axırıncı çay içməyimizdir...”. Daha ardını gətirmədi, yenə söhbəti ora-bura fırlatdı. (Həmin şəkil onun son şəkli idi)
- Həmişə hamıya hədsiz ruh verən Anar həmin gün çox narahat idi.
Həmin gün axşam 10-11 arası yenə danışdıq. “Anar, vəziyyət necədir?” deyə soruşduq. Yenə, zarafatından qalmadı - “Başınızı aşağı əyin, atırlar”. Güya telefondan bizi vuracaqmışlar.
Həmin günün səhəri, təxminən 8 radələrində ona təkrar zəng vurduq, lakin telefonuna zəng çatmadı. Qalanı isə yəqin ki, çoxlarına bəllidir.
- Öhtəsində yüzlərlə əsgər olsa da, sanki hamısı ilə dost-qardaş idi. Sərt qərarlar verməyə tələsməzmdi, çalışardı hər şeyi təmkinlə, dostyana yoluna qoysun. Çox illik döyüş təcrübəsi ona çox şey öyrətmişdi.- Ona həm də ona görə çox hörmət edirdilər ki, necə ağır döyüş yolu keçdiyindən çoxları xəbərdar idi. Elə bizim hissədə neçə əsgər, neçə zabit həyatını ona borclu idi. Çünki bir neçə dəfə onları ağır döyüşdə mühasirədən çıxartmışdı.
“O başdan ayağa ərkivanlı idi”
Təsəvvür edin, adi konfetlə çay içirdik. Deyirdi, bilin ha, Ərkivan konfetidir. Hər hansı siqaretə kimisə qonaq edəndə deyirdi, diqqətlə bax, Ərkivan siqaretdir. Hətta 1 saatlıq istirahətə, yatmağa gedəndə elan edirdi ki, Ərkivan bələdiyyəsi adından əmr edirəm, məni 1 saat narahat etməyin. Sözünün əvvəli, axırı Ərkivan idi. Bəzən ən sərt göstərişin sonunda deyirdi ki, Ərkivan bələdiyyəsi adından ...
—Hansın deyib, hansını danışaq? Onun son yadigarı kimi, otağın, maşının bəzəmişik, sonuncu içdiyi stəkanı da qorumuşuq.
Hissəmizin sütunu idi. O işlədən silahı hər kəs işlədə bilmir. O göstərən nümunəni çox az adam göstərir.
O gənc olsa da, ağsaqqal idi. Çalışırdı təriflə hamını ruhlandırsın,
-Adamı yandıran ermənilər onun ölümünü toy bayram etməsidir. İndi aşağıda erməni saytlarının paylaşdıqlarını təqdim edəcəyik. Lakin ermənilər çox sevinməsin. Çox tezliklə ermənilərin sevincini zəhərə döndərəcəyik. (Bunu erməni saytları yayıb)”.
Sonda bir məqamı da xatırladaq. Anar Novruzov şəhid olan günün səhəri onun qardaşı oğlunun oğlan nəvəsi dünyaya gəldi. Adın Anar qoydular.
Zahir Əmənov (Cenub.az)