Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ramiz Mehdiyev əslində nə demək istəyir?


AMEA prezidenti hakimiyyət daxilindəki dəyişiklikləri təqdir etmir...


Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ona ünvanlanan ittihamlara münasibət bildirib. Mehdiyevin bəyanatı ilə tanış olduqda bütün cümlələrin və sözlərin son dərəcə diqqətlə seçildiyi aydın görünür. Sabiq PA rəhbəri ölkədəki hazırki situasiyaya münasibətini də bu açıqlamada əks etdirməyə çalışıb.
Bəs, Ramiz Mehdiyev haqqında kimlər, nə danışırlar?
AMEA rəhbərinin ölkədə prezidentin rəhbərliyi ilə aparılan islahatlar kursunu sabotaj etdiyi barədə ilk dəfə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı danışıb. O, Mehdiyevi hakimiyyət daxilində müxalif qruplaşma yaratmaqda, yüksək vəzifələrə gətirilmiş yeni simalara mane olmaqda ittiham edib. Açıq mətnlə bildirib ki, AMEA prezidenti öz iş otağını qərargaha çevirərək hakimiyyətə qarşı fəaliyyətlə məşğul olur.
Parlament üzvünün çox yaxın keçmişə qədər hakimiyyət komandasının ən güclü simalarından biri haqqında belə kəskin ifadələr işlətməsi şübhəsiz ki, yuxarılarla razılaşdırılıb. F. Ağamalı xalq hərəkatında iştirak etmiş, ölkə müstəqillik qazandıqdan bəri siyasətdə olan, daxili rəqabət və çəkişmələrdə təcrübə toplamış şəxs kimi mövcud oyun qaydalarını poza və özbaşına hər hansı ciddi bəyanat səsləndirə bilməz. Deməli, R. Mehdiyevin fəaliyyətinin AMEA prezidentliyi çərçivəsindən kənara çıxması barədə iqtidarın üst səviyyələrində qənaət və narahatlığın yarandığı təsdiqlənir. F. Ağamalı vasitəsilə bu narahatlıq həm keçmiş PA rəhbərinə, həm onunla bir komandada olduğu ehtimal edilən şəxslərə, həm də cəmiyyətə çatdırılır.
Sonrakı mərhələdə F. Ağamalının tezisləri ilə danışan keçmiş məmurlar, redaktorlar, siyasətçilər, politoloqlar dövriyyəyə girir. Onların sayı çoxaldıqca ittihamların çeşidi və həcmi də böyüyür, yeni-yeni tezislər əlavə olunur. Hazırda Ramiz Mehdiyevə ünvanlanan ittihamları şərti olaraq belə quruplaşdırmaq olar:
– Birinci vitse-prezidentin dəstəyi ilə siyasi postlara təyin olunan islahatçı komanda üzvlərinə qarşı çıxır;
– Hökumətin üzləşdiyi cari problemlərin böyük əksəriyyəti onun yarıtmaz idarəçiliyi, apardığı hakimiyyətdaxili intriqalarla bağlıdır;
– Ölkədə klan-oliqarxiya idarəçiliyinin davam etdirilməsini istəyir, köhnə münasibətlər sisteminin demontajına çalışan qüvvələrə ciddi problemlər yaradır;
– Keçmiş səhiyyə naziri Əli İnsanovla birləşərək, siyasi müxalifətin radikal hissəsinin dəstəyi ilə çevriliş etmək istəyir;
– Hüquq-mühafizə orqanlarında və hakimiyyətin başqa qollarında yerləşdirdiyi şəbəkə vasitəsilə idarəçiliyi sabotaj edir, cəmiyyətlə iqtidar arasında qarşıdurma yaradır və s…
Ramiz Mehdiyev yaydığı bəyanatla bu ittihamlara cavabında nə deyib?
Mətinin girişində yer alan ilk tezis:
“… Həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir”. 
Bu cümləni “tərcümə” etdikdə belə nəticə çıxır ki, R. Mehdiyev hakimiyyətdəki bəzi qüvvələr üçün arzuolunmaz şəxsdir, vaxtilə vəzifələrdən uzaqlaşdırdığı şəxsləri ona qarşı danışdırırlar. İqtidarda mövqe əldə etmək istəyən yeni kadrlar da ona qarşı mənfi münasibətdən istifadə edib, həmin “siyasi güc”ün qarşısında xal qazanmaq istəyirlər.
Mehdiyevin ikinci tezisi:
“… Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünkü inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidq-ürəklə xidmət etmişəm”.
AMEA prezidenti bu cümlələri quraraq haqqında “problemlərin mənbəyi, yaradıcısı” kimi ittihamları təkzib edir. Bildirir ki, əksinə, ölkənin bütün uğurlarında mərhum Heydər Əliyev və İlham Əliyevlə bərabər onun da payı var, hakimiyyətin “böyük çətinliklər”dən xilas edilməsində müstəsna fəaliyyət göstərib, bunun danılması yolverilməzdir.
Mehdiyev davam edərək yazıb ki, əvvəlki iqtidarların sərt təzyiqləri altında olsa da, əqidəsindən dönməyib, amalı Heydər Əliyev və İlham Əliyevin apardığı müstəqillik və azərbaycançılıq siyasətinin inkişafıdır. Dediklərindən belə nəticə çıxarmaq olar ki, o, sankı uzun müddət icraçısı olduğu siyasi xəttin davamına bu gün təhlükə görür. Siyasi postdan uzaqlaşdırılmasını həm bu xəttin davam etdirilməsinə, həm də öz siyasi həyatına təhlükə hesab edir.
Mehdiyev prezident İlham Əliyevin vəzifədən çıxarılarkən onun haqqında işlətdiyi “ölkəmizin uğurlu və hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz” fikrindən möhkəm yapışaraq əleyhdarlarına mesaj verməyə çalışır. Bildirir ki, onun dövlət adamı olduğunu ölkə rəhbəri təsdiq edirsə, bunun əleyhinə danışmaq elə prezidentin fikirlərinə qarşı çıxmaqdır. Sabiq “boz kardinal” bu kombinasiya ilə rəqiblərini neytrallaşdırmağa çalışmaqla bərabər, idarəetmədəki problemlərlə bağlı özünün ictimaiyyətə hələ bəyan etmədiyi mövqeyinə bəri başdan zəmin yaradır.
Nəhayət, R. Mehdiyev sonda yazır:
“Cənab Prezidentin məni təyin etdiyi bu vəzifədə dövlət başçısına həmişə olduğu kimi, bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm”.
Keçmiş PA rəhbəri bu cümlələrlə deyir ki, vəzifədən gedənədək bütün sahələrdə prezidentə yardımçı olub və idarəetmədəki problemlər onun fəaliyyətinin nəticəsi deyil, ondan sonra yaranan, məhz onun yoxluğundan qaynaqlanan qüsurlardır. Yeri gəlmişkən, R. Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər…
Yekunda belə nəticəyə gəlmək mümkündür ki, Ramiz Mehdiyev vəzifədən kənarlaşdırıldıqdan sonra hakimiyyət komandasında baş verən yenilikləri müsbət yöndə xarakterizə etmir və bu siyasətin gələcəyinə inam ifadə etmir. O, yalnız bir fikri xüsusi vurğulayır ki, yeganə yol Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin davam etdirdiyi siyasi xəttin bundan sonra da davam və inkişaf etdirilməsidir. R. Mehdiyev hazırda hakim olan bu dəst-xəttə hansı təhlükənin mövcud olduğundan yazmır. Amma özünün siyasi mövcudluğuna təhlükə olduğunu inkar etmir, şəxsinə olan təzyiqləri də bu xəttə və dövlətçiliyə olan təhdid kimi qiymətləndirir.
pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10