Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda koronovirus – 3 gündə rayonda bu xəstəlikdən 3 nəfərin ölməsi həyəcan siqnalıdır


Yaxud çox danışırıq ki, heç nə deməyək

Pandemiya, necə  deyərlər, gülə-gülə canlar ala-ala gedir.

Bəzi səhv, bəzi düz addımlarına baxmayaraq hakimiyyət strukturları pandemiyaya qarşı müxtəlif formada mübarizə aparırlar.

 Reydlər, yoxlamalar, cərimələr, mobil təbliğat qruplarının işi, dezinfeksiya işləri, hüzr və toy məclislərinə, hətta kimsə rəhmətə gedəndə verilən azanlara qadağalar və sair. Hamısı işdir, əziyyətdir.

Hüzr məclisləri kimi həssas tədbirlərə müdaxilə də, Hər hüzr sahibinə icra başçısı səvviyyəsində zəng edib, başsağlığı vermək asan deyil.

Belə məqamda Xanaliyonda bir nəfərin qardaşının il məclisində ehsan əvəzi 65 ailəyə 2 kiloqram ət paylaması, Şərəfədə 20-yə yaxın ailəyə hər biri 25-30 manat ərzaq verməsi də təqdir və geniş təbliğ olunası işdir. Hansı ki, biz bu təklifləri səsləndirmişik.

Lakin deyəcəyimiz təkcə bunlar deyil.

İcra hakimiyyətinin Masalli-ih.gov.az saytı, insaf xatirinə deyək ki, ən azından qonşu rayonların hökumət saytları ilə müqayisədə daha fəaldır, daha çox yazılar yerləşdirir və bu çox yaxşı haldır.

Lakin bu təbliğat işi alayarımçıq qurulduğu üçün adama elə gəlir ki, onlar “çox danışıram ki, heç nə deməyim” prinsipi ilə işləyirlər.

Hər gün Masallı icra hakimiyyətinin saytı “Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə”  başlığı altında yazılar verir.

Bu yazıların  ilk abzasları hər gün təkararlanan məlumatlardan ibarətdir – filan yerlər dezinfeksiya olundu, filan qədər cərimələr olundu, filan qədər  mobil qrup təbliğat işi apardı.

Bu başlıq altında gedən məlumatların ən çox diqqət çəkən hissəsi yoluxanlar, sağalanlar və ölümlər haqqında məlumatlardır.

Bir neçə dəfə irad bildirildikdən sonra belə məlumatların sayta yerləşdirilməsi yaxşıdır. Lakin məlumat elə ümumi verilir ki, bilinmir son gün nə olub. Məsələn, iyulun 6-dakı məlumatda ölüm sayı 6 göstərildiyi halda 3 gün sonra həmin məlumatda ölüm sayı 9 göstərilib. Yəni, rəsmi məlumata inansaq, son 3 gündə hər gün Masallıda 1 adam koronovirusdan ölür. Təsəvvür edin ki, mart ayından bəri, 4 ayda cəmi 6, son 3 gündə isə 3 nəfər. Yəni, əvvəl  3 ayda 2 nəfər ölürdüsə, indi 3 gündə 3 nəfər. Yəni ölkə üzrə ölənlərin 10-12 faizi Masallının payına düşür. Bu olduqca yüksək göstəricidir.

 Sayta yazmasalar da, ərazilər də bəllidir – Həsənli, Tüklə və şəhər mərkəzi. Hərəsi rayonun əks qütübləri. Yəni, ölüm halları rayonun hər istiqamətində var.

Nə olar ki, hər şey açıqlığı ilə yazılsın-Yəni, bu gün Masallıda filan ərazidə 1 nəfər ölüb, 5 nəfər yoluxub,  10 nəfər də sağalıb. 

Onsuz da həmin kənddəkilər bunu bilir, qonşu kənddəkilər bilsə nə olar? 

Yəqin ki, həmin kənddəkilərlə təmasdan qaçarlar.

Ən qəribəsi nədir? həmin pandemiya halları ilə bağlı görülən işlər haqqında məlumatının sonunda yazılar ki, filan nəfər yoluxub, filan nəfər ölüb. Belə anlaşılır ki, yoluxanlar və ölənlər də icra hakimiyyətinin  bu sahədə gördüyü işlərə daxildir.

Yaxud, deyirlər,  filan nəfərdən yaxma götürülüb? Xəstəxanadan aldığım məlumata görə, sağlam adamlardan, hətta onlar könüllü müraciət etsələr belə,  yaxma götürülmür. Yaxma ancaq Təcili Yardlmla gətirilən qızması və digər KORONAVİRUS halları olan xəstələrdən götürülür. İndi bunun nəyi görülən işdir? Bəlkə yazasınız ki,   hər gün neçə nəfərə iynə vurulub, neçə tablet verilib?

Daha onu demirik ki, niyə ərzaq dükanında onlarla adam ola bilər, ayaqqıbı dükanına təkəmseyrək adam girə bilməz? Eyni vaxtda 5 ailə üzvü bir yerdə, evdə  maskasız gəzə, amma həmin adamların həmin sayda öz maşınlarına minəndə mütləq maska vurmaları tələb olunur.

Belə həssas məqamda insanlara daha real, daha inandırıcı,  ölənin yaşadığı ərazi, yaşı, yoluxduğu şərait və sair haqqında ətraflı məlumatlar vermək ancaq işin xeyrinə olar. Şablon, yorucu məlumatların heç kimə faydası yoxdur. Bir də bu gün təkcə məlumat vermək yox, həm də həmin məlumatı jurnalistikanın müasir formalarından faydalanmaqla verdikdə effektli olur.

Hər dəfə bir irad tutandan tutana “Qaynar xətt” nömrələrini sayta qoyub götürməkdənsə, elə saytın reklam bölümündə onu pandemiya dövründə daimi yerləşdirmək faydalı olmazmı?

Burada qoyulan 3 telefon nömrələrinin  hamısı AZERCELL nömrə etmək əvəzinə birini AZERCELL, birini CİN, birini NAR etmək lazımdır ki, zəng edənlərə daha rahat olsun.

Pandemiyadan 4 aydan artıq vaxt keçməsinə baxmayaraq, dəfələrlə irad bildirməyimizə baxmayaraq, hələ də ictimayyitə bəlli deyil ki, Masallıda Operativ Qərargahın üzvləri kimdir?

Elə bilirik, təkliflərimizə həsaslıqla yanaşıb,  onları nöqsan, kin - küdürət kimi KİM  yox, normal bir irad, təklif kimi dəyərləndirəcəklər.

Biz də bölgədə daha geniş meydanı olan sayt kimi,  bu məqamda hər cür təbliğati dəstəyimizi göstərməyə hazırıq.

Zahir Əmənov, cenub.az








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10