Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var


Emin Pirinin "Mikayıl Müşfiq qadına görə öldürülüb" adlı yazısını təqdim edirik.
Biz nə qədər ideoloji, milli, bəşəri anlamlar verməyə çalışsaq da, bəzi qərarlar, məhz o qərarların yaratdığı ideoloji, milli, bəşəri görüntülər şəxsi travmalar, hislər, eqo, özünü isbatlamaq, qisas istəyindən başqa bir şey deyil.
Hitlerindən Napoleonuna, Oktavian Avqustundan Misir fironlarına kimi tarix kitablarının bizə öyrətdiyi siyasət, tarixi gedişat bəzi hallarda travmaların, hislərin, eqonun yaratdığı situasiyalardır.
Mədə və seks. İnsan varlığının başlanğıcından ta indiyə kimi həyat bu iki ehtiyacın təminatı və bunun uğrundakı mübariz fonunda qurulub. Yaxud keçmişin bu cür təminatsızlığının qisasını almaq üzərində gedən gələcəyin ideoloji, şəxsi savaşları...
Bəli, məhz mədə və seks. İstər milliyətçi, istər əksi olan ideologiyaların alt qatında sənin və dəyər verdiklərinin bu iki əsasda başqalarından daha çox təmin edilməsini düşünməyin durur. Düşünməsən belə, insan xislətində yatan, özünə belə etiraf etməyə qorxduğu, vəhşi canlı həmişə oyaqdır.
Yuxarıda qeyd etdiyimiz kimi bu iki təminatsızlıq gələcəkdə ideologiyayla pərdələnərək qisasa, daha geniş formatda isə dünya tarixinin, xəritələrin dəyişməsinə rəvac verir.
Napoleon kimi bir şəxsin, hər halda Rusiyada planları başqa cür ola bilərdi. Zamansız kişilik eqosu, onu hirslə Rusiya buzlaqlarına aparmasaydı, hər şey dəyişə bilərdi. Əlbəttə ki, Rusiya şahzadəsinə etdiyi evlilik təklifinə cavab olaraq “Korsika qurbağası” damğasıyla alçaldılmasaydı. Çar bacısının - bir qadının “yox” cavabı idi kişilik eqosunda boğulan Napoleonu zamansız Rusiya çöllərində sərgərdan edən - “mən Napoleonam və səninlə məhz öz evində, Kremlin taxtında sevişəcəm”, düşüncəsinin yaratdığı eqo və kişilik qüruru.
Gələcəyin böyük potenasiallı liderinin sevdiyi biri ilə evlənmək ömür boyu çiynində Demokl qılıncı gəzdirməkdir. Böyük imperator Oktavian Avqustun sevdiyi qadınla evlənən əyan oğlunu dövlətə xəyanətdə ittiham edərək edam etdirməsi kimi.
Dövlətə xəyanət demişkən, bizim 30-cu illər yadıma düşür. Sağdan, soldan millətçilərə heç bir adiyyatı olmayan, sovet dövründə yetişən xeyli şəxsiyyət dövlətə xəyanətdə ittiham olunaraq sürgün və edama məruz qaldı. Onların hamısı dövlətə xəyanət etmişdi? Və ya şeirlərində az qala başdan-başa Soveti tərənnüm edən biri milliyyətçi damğasıyla necə qurban gedə bilərdi? Bir-birindən xoşu gəlməyənlər şəxsi davalarına görə donoslar göndərərək bunu dövlətçilik adıyla pərdələyərdi.
Hansısa milli şairlə, elə götürək Hüseyn Cavidlə görüşə görə bir adam repressiya oluna bilərmi? İndini götürək, üzdə olan şairlər az qala hamsı bir-biriylə və ustad bildikləri ilə görüşür, oturur. O dövrdə də eynilə. Ustad Cavidlə onun kimi şəxslərlə hansı şairlərin yolu kəsişməmişdi ki?
37-ci illərdə qadının ucbatından “dövlətə xəyanət” adıyla çox ziyalının, şairin başına bəla gəlib. Hər halda hansısa sovet məmurunun “filankəsin xanımından xoşu gəlməsinə görə” ərini edama, sürgünə göndərməsi üçün maddə yox idi. Adını da qoyurdular dövlətə xəyanət, pantürkçülərlə əlaqə, antiinqilabçılıq və.s.
Müşfiq yadıma düşdü. Nakam, gözəl Müşfiq. Yaradıcılığının böyük əksəriyyəti sovet tərənnümü olan, saf, bir qədər dəcəl, Azərbaycanın ən ilhamlı şairlərindən biri. Qadın ucbatından, hansısa sovet məmurunun hislərinə görə dövlətə xəyanətdə ittiham olunaraq edam olununur...
Nəyəsə eyham etmirəm, əsla! Sözdü də, deyirəm, hərdən bizə fövqəladə görünən hadisələrə, qərarlara mədə və seks prizmasından baxaq. Bəlkə çox şeyi görə bildik. “Çörək və tamaşa” illuziyasında yaşayanlar onsuz da belə şeyləri anlayacaq gücdə deyillər.

Kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10