Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

1-ci müavinin ölümündə müəmmalar


İlqar Dadaşov yol gedərkən ölüb, ya istirahət məkanında?!

Bir həftə öncə ölkənin aparıcı saytları Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 1-ci müavini (o, həm də YAP-ın Rayon Şöbəsinin və rayon Fövqəladə Hallar Komissiyasının sədri vəzifələrini icra edirdi) İlqar Dadaşovun vəfatı ilə bağlı məlumat yaymışdı. "Ölkə.Az"-ın məlumatına görə, Dadaşov Masallıdan Lənkərana gedərkən, xidməti avtomobilində infarkt keçirib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İ.Dadaşovun 61 yaşı var. Uzun illər Lənkəran Şəhər Komsomol Komitəsində katib, 15 ilə yaxın isə Lənkəran Şəhər İcra hakimiyyətində müavin işləyib. Lənkəran rayonunun Şilavar kəndindəndir.
Bu ilkin məlumatdan sonra 1-ci müavinin ölümü ilə bağlı digər müəmmalı söhbətlər də dolaşmağa başladı. Dolaşan söz-söhbətlərə görə İlqar Dadaşov heç də yolda olarkən vəfat etməyib. O, İsti-Su ərazisinə gedən yolda yerləşən istirahət mərkəzlərinin birində dünyasını dəyişib. Ən qəribəsi odur ki, o, öləndən sonra nəşi öncə kottecdən çıxarılaraq həmin ərazidəki yolun kənarında qoyulub. Daha sonra, guya kottec işçiləri bunu görüb, heç nədən xəbərləri yoxmuş kimi onun istirahət mərkəzinin daxilinə gətiriblər. Masallıdan Təcili Yardım maşını gələndə İlqar Dadaşovun cənazəsi kottecdə olub. Və buradan da Lənkərana yola salınıb.
Necə deyərlər, ölüm haqdır. İnsan, xüsusən yaşı 60-ı haqlamış hər bir insan hər hansı bir yerdə dünyasını dəyişə bilər. Təəccüblü olan isə rəsmi şəxsin meyitinin yol kənarına qoyulması, sonra kottecə qaytarılması, ölüm hadisəsinin gah Lənkəran, gah Bakı, gah Masallının Banbaşı kəndindən keçən yolda baş verməsi barədə qəribə informasiyaların yayılmasıdır.
Biz İlqar müəllimi komsomolda işlədiyi dövrdən, sadə bir insan kimi tanıyır, ona rəhmət diləyirik. Və onun haqqında müxtəlif söz-söhbətlərin, xüsusən, guya ona bəzi şəxslərin 200 min manatdan artıq borcu olmaları və borc almanın səbəbləri haqqında şayiələrin dolaşması təəssüf doğurur.

Keçmişdə məclisdə bir çoxları dua edərdi ki, Allahım, mənim canımı alanda əlil öldürmə, zəlil öldürmə, qərib yerdə öldürmə... Mən isə bu duaya bir əlavə də etmək istəyirəm-məni pis adamların yanında öldürmə.

P.S: Bu barədə digər məlumatı olanların də bildiklərini araşdırmağa hazırıq. Eləcə də hadisənin hansı məkanda baş verməsi, orada hansı rəsmi şəxslərin olması barədə məlumatlar əlimizin altındadır. Lakin araşdırma tam başa çatmadığı üçün hələ ki, bütün detalları açıqlamırıq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10