Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İki diplomat Andrey: biri “Cənab Yox” idi, o biri “Cənab Hə” oldu – Kozırevin əsas “kozır”ı


28 il SSRİ-nin xarici işlər naziri vəzifəsini daşıyan Andrey Qromıkonun “Cənab Yox” titulu bütün dünyaya bəlli olub. Eyni adı daşıyan daha bir xarici işlər naziri Andrey Kozırev isə “Cənab Hə” titulu qazanaraq, Qromıkonun “yox”larını qərbli həmkarlarına unutdurmağa çalışıb. Bununla da Andrey Kozırev SSRİ-nin, sonralar isə Rusiyanın xarici siyasət tarixində qərb meylli diplomat kimi yadda qalıb.
19 yaşında zavodda sıravi çilingər işləyən, 39 yaşında isə nazir kreslosuna əyləşən bir şəxsi şanslı adam saymaq olar. 20 il ərzində Andrey Kozırev siyasi karyerasında sürətlə və uğurla irəliləyib.
Andrey Kozırev 1951-ci ildə Belçikanın paytaxtı Brüsseldə anadan olub. Onun atası SSRİ Xarici Ticarət Nazirliyində işləyib və 1950-ci illərin əvvələrində Belçikaya uzunmüddətli xidməti ezamiyyətə göndərilib. Kozırevin dünyaya gəlməsi də məhz bu ərəfəyə təsadüf edib.

Moskvada orta təhsilini başa vurduqdan sonra Kozırev ilk əmək fəaliyyətinə “Kommunar” maşınqayırma zavodunda çilingər kimi başlayıb. Onun zavodda çilingər işləməsi heç də bu sahəyə olan marağından irəli gəlməyib. Mövcud dövrdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul üçün sənəd verən abitruyentlər arasında iki il istehsalatda iş stajı, yaxud həqiqi hərbi xidmətdə olanlara üstünlük verilib. Bu baxımdan atası Kozırevə iki il zavodda işləməyi məsləhət görüb.
İki il “məqsədli” çilingərlikdən sonra Andrey Kozırev Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra onun təyinatı birbaşa SSRİ Xarici İşlər Nazirliyinə verilib.
Referent, baş referent, nazirliyin beynəlxalq təşkilatlar idarəsinin birinci, ikinci, üçüncü katibi vəzifələrini sürətlə dəyişərək yuxarı ranqlara irəliləyən Kozırev 1989-cu ildə həmin idarənin rəisi vəzifəsinə təyin edilib.
Diplomatik fəaliyyəti ilə yanaşı, Andrey Kozırev elmi yaradıcılıqla da məşğul olub, 1977-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

Andrey Kozırev Amerika Birləşmiş Ştatlarında xidməti ezamiyyətdə ilk dəfə 1975-ci ildə olub. Nyu-Yorkdan qayıdan diplomat Amerika haqqında yüksək təəssüratlarını bölüşməkdən çəkinməyib. “Amerikada sıravi vətəndaşlar da şəxsi avtomobilə sahibdirlər və onların supermarketlərdə istənilən qədər alış-veriş etmək imkanı var” kimi fikirlər onun çalışdığı qurumda həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Təbii ki, nazirlikdə gənc diplomatın bu cür söhbətləri ABŞ-ın təbliğatı kimi qəbul olunub və məqbul sayılmayıb.

Siyasi baxışlarının qərbyönümlü olmasına baxmayaraq, qarışıq 1990-cı illərdə Andrey Kozırev öz mövqeyini qoruya bilib və 1990-cı ilin oktyabrında Rusiya Nazirlər Sovetinin sədri İvan Silayevin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri vəzifəsinə təyin edilib. SSRİ süquta uğradıqdan sonra Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin Kozırevi yeni hökumətdə xarici işlər naziri vəzifəsinə təsdiq edib. Beləliklə, Andrey Kozırev Rusiya Federasiyasının ilk xarici işlər naziri kimi tarixə düşüb.
Nazir kimi Andrey Kozırev Rusiyanın beynəlxalq münasibətlərində yeni siyasi kurs müəyyənləşdirməyə cəhd edib. O, ABŞ və Avropa ölkələri ilə yeni münasibətlər yaratmağa çalışıb. Daha doğrusu, əvvəlkilərdən fərqli olaraq Amerika ilə münasibətlərin köklü dəyişilməsinə, əlaqələrin yeni müstəvidə daha da yaxınlaşmasına və yaxşılaşmasına səy göstərib.
Kozırev sübut etməyə çalışıb ki, ABŞ-a qarşı mənfi köklənmək Rusiyaya heç bir xeyir verməyəcək, Avropa ilə soyuq münasibətlər Rusiyanın xeyrinə olmayacaq. Bu cür yanaşmalara görə “amerikapərəst” kimi tanınan Kozırevin siyasi opponentləri günü-gündən artıb. Digər tərəfdən, özünə güvənən Kozırevin bir neçə siyasi layihələrinin iflasa uğraması onun siyasi mövqeyini xeyli zəiflədib, Kremlin nazirə münasibətini dəyişib.

Sözsüz ki, belə bir durum Andrey Kozırevin nazir postundakı fəaliyyətində yetərincə çətinlik və problemlər yaradıb. 1996-cı ildə Dövlət Dumasına seçkilər başlayanda Kozırev siyasi səhnədən getməmək üçün xilas yolu kimi seçkilərə qatılmağa qərar verib və deputat seçilib. Seçkilərdən sonra isə özünün söylədiyinə görə, könüllü şəkildə, əslində isə məcburən nazir vəzifəsi ilə vidalaşıb.
Andrey Kozırev siyasətə tez gəldiyi kimi, tez də ondan uzaqlaşıb. Siyasi meydanda özünə yer tapa bilməyən sabiq nazir 1990-cı illərin sonlarında biznez fəaliyyətinə başlayıb, kommersiya bankına və böyük əczaçılıq şirkətinə sahib olub. 2012-ci ildə isə o, gənclik illərinin arzusunu gerçəkləşdirərək Amerikaya köçüb.
Hazırda ABŞ-da yaşayan Andrey Kozırev bizneslə yanaşı, memuarlarını yazmaqla, mühazirələr oxumaqla məşğuldur. Diplomat kütləvi infornasiya vasitələrində də tez-tez görünür, müsahibələr verir və məqamı düşdükcə Rusiyanın əleyhinə fikirlər də səsləndirir.

Rusiya Federasiyasını hazırkı prezidenti Vladimir Putin Kozırevi bu fikirlərinə görə belə adlandırıb: “Kozırevin başı yoxdur, onda yalnız kəllə qutusu var...”
Təbii ki, diplomat prezidentin bu ifadəsini cavabsız qoymayıb: “Mövqelər göz qabağındadır. Biz heç kimlə müharibə etmək istəmirdik. Qardaş Ukrayna xalqına müharibə elan etməmişdik. Amerika və Avropa ölkələri ilə dostluq münasibətləri yaradırdıq. Tətbiq olunan sanksiyalar yox idi. Hərbçilərimiz Suriyada diktator rejiminə görə həlak olmurdular. Bütün bunları siz etdiniz. İndi düşünün, kimin başı yoxdur? Əlbəttə ki, baş əvəzinə “kəllə qutusu” adlandırdığınız əsl liderlərin maraqları və mövqeləri DTK rejimi ilə həmahəng ola bilməz...”
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10