Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əmlak və kapital amnistiyası kimlərə aid ediləcək?







Azərbaycanda əmlak və kapital amnistiyası işçi qrup səviyyəsində müzakirə edilir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir deyib ki, bu sahədə beynəlxalq təcrübə nəzərdən keçirilir və proses başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev mövzu ilə bağlı “Press Klub”a açıqlamasında xatırlatdı ki, bu il martin 19-da prezident “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb:
“Bu sərəncamla bağlı 4 aprel tarixində Nazirlər Kabineti tərəfindən geniş Tədbirlər Planı işlənib və təsdiq olunub. Bu planda əmlakın və kapitalın amnistiyası məsələsi də var”.
Ekspertin sözlərinə görə, uzun müddətdir fəaliyyət göstərən bir sıra müəssisələr kölgə iqtisadiyyatındadır və amnistiyanın məhz onlara şamil olunması gözlənilir:
“Yəni bir müəssisə bir neçə il bundan əvvəl avadanlıq alıb, hətta binası da var. Son dövrlərdə rəsmləşdirmə həyata keçirildikdən sonra bu əmlakı rəsmiləşdirə bilmir, çətinlik çəkir. Rəsmiləşdirə bilməyənlər vergi məsələləri ilə bağlı qanunverciliyə uyğun olaraq məsuliyyət daşımalı olur”.
R.Atakişiyev qeyd etdi ki, əmlak və kapitalın amnistiyası çərçivəsində birinci növbədə şirkətlərin, müəssisələrin qeyri-rəsmi fəaliyyət göstərdikləri dönəmdə əldə etdikləri mülkiyyət və avadanlıqların sonrakı dövr üçün rəsmiləşdirilməsi həyata keçirilir:
“İkincisi, təbii ki, bütün bu fəaliyyət şəffaflaşır. Onsuz da həmin müəssisələrin bəziləri işləyir, məhsul istehsal edir, işçi götürür. Ona görə də onların şəffaflaşmasına ehtiyac var”.
Bu cür amnistiya cinayət yolu ilə gəlir və əmlak əldə edənlərin bağışlanması demək deyilmi? Bu suala R.Atakişiyev belə cavab verdi:
“Cinayət yolu ilə əldə edilən vəsaitlər və yaxud hər hansı bir məmurun dövlət vəsaitlərini oğurlaması ilə bağlı hallar bura aid deyil. Onsuz da həmin vəsaitlər qanunvericiliyə uyğun müsadirə olunub, dövlət büdcəsinə keçirilir. Ona görə də, əmlak və kapitala amnistiya cinayət yolu ilə, dövlət büdcəsi vəsaitlərinin oğurlanması ilə əldə olunmuş vəsaitlərə şamil olunmur. Onlar onsuz da aşkarlandıqda qanuna müvafiq şəkildə müsadirə olunub, dövlət büdcəsinə köçürülməlidir. Bu amnistiya müəssisə və şirkətlərin kapital və əmlaklarına aid ediləcək”.
Ülviyyə Şahin








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10