![](/uploads/posts/2020-07/medium/1593599596_1593599576904.png)
Milli Məclisin hökumətin təklifi əsasında tibbi maskalardan istifadə etməməyə görə cərimələri ikiqat artırması cəmiyyətdə birmənalı qarşılanmayıb. Dövlət rəsmiləri, deputatlar bu qərarın vacibliyini əsaslandırmağa çalışsalar da, ictimaiyyət nümayəndələri bunun hazırkı situasiyada adekvat addım olmadığnı bildirirlər.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, bundan sonra epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.
Tanınmış iqtisadçı, ekspert Azər Mehtiyev Pressklub.az-a şərhində bildirdi ki, Milli Məclisin cərimələrin artırılması ilə bağlı qərarı əsassızdır:
![](https://pressklub.az/wp-content/uploads/2020/07/azer-mehtiyev-300x169.jpg)
A.Mehtiyev qeyd etdi ki, Milli Məclisdə oturanlar üçün 30 qəpik bəlkə də çox kiçik puldur, amma əhalinin böyük bir hissəsi, xüsusən karantin dövründə gəlir imkanları məhdudlaşan vətəndaşlar üçün bu vəsait böyük xərcdir: “Bir ailənin gün ərzində bir neçə maska almağa məcbur olduğunu nəzərə alsaq, ailə büdcəsi üçün kifayət qədər böyük xərc çıxır. Hesab edirəm ki, maskaların qiyməti ucuzlaşdırılaraq ona əlçatanlığın təmin olunması vacib məsələdir”.
Ekspert təklif edir ki, bununla yanaşı, hökumət qurumları əhalinin sıx olduğu yerlərdə maskaların pulsuz paylanmasını təmin etməlidir: “Məsələn, metrodan, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar pulsuz maskalar əldə edə bilməlidir”.
A.Mehtiyevin fikrincə, Koronavirusla Mübarizə Fonduna toplanmış ianələrdən bu məqsədlə istifadə etmək olar. “Bütün hallarda cərimələri artırmaqla, yəni təhdid yolu ilə maskalardan istifadəni kütləviləşdirmək effektiv yol deyil”, – deyə iqtisadçı söylədi.
Milli Məclisin üzvü Vüqar Bayramov Pressklub.az-a bildirdi ki, maskalardan istifadə olunması, insanlar arasında sosial məsafənin gözlənilməsi pandemiyanın təsirlərinin minimallaşdırılması baxımından çox vacibdir:
![](https://pressklub.az/wp-content/uploads/2020/07/vugar-bayramov-300x194.jpeg)
Deputatın sözlərinə görə, Azərbaycanda tibbi maskalardan istifadə olunmamasına görə cərimələrin artırılması yoluxma səviyyəsini azaltmağa hesablanmış addımdır: “Son iki həftədə ölkədə koronavirusa yoluxmanın səviyyəsi 50 faiz artıb. Bu fakt da ona əsas verir ki, maskalardan istifadə olunmasına ciddi nəzarətə ehtiyac var”.
V.Bayramovun fikrincə, pandemiya dövründə tibbi maskaların qiymətlərinin tənzimlənməsi üçün dotasiyalar ayrıla bilər:
“Məlumdur ki, bəzi strateji məhsulların dotasiyalaşdırılması və subsidiyalaşdırılması mümkündür. Bizim müşahidələrimiz göstərir ki, maskalardan kütləvi istifadə olunmamasının səbəbi onların qiyməti ilə bağlı deyil. Əsas səbəb bəzi vətəndaşlarımızın arxayınçılığı, laqeydliyidir. Amma nəzərə alsaq ki, pandemiya dövründə dövlət sahibkarlara, vətəndaşlara mütəmadi dəstək olur, bu baxımdan maskaların qiymətinin ucuzlaşdırılması üçün istehsalçı müəssisələrə subsidiyaların verilməsi mümkündür. Beləliklə, qiymətləri optimallaşdırmaq olar”.
Keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli də qərarı tənqid edərək onu məntiqsiz adlandırıb:
“Məntiqə bax ki, vətəndaşın vergiləri hesabına formalaşan büdcədən, yəni sahibkarlığa kömək fondundan ayrılan kredit hesabına sex təşkil ediblər, maya dəyəri 5 qəpik olan maskanı 30 qəpiyə satırlar. Hələ cərimə də edirlər…”
pressklub.az