Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj


Xalq yazıçısı Sabir Əhmədlinin evindən hazırlanan reportajı təqdim edirik.
Sabir Əhmədli adı mənim üçün bir çox şeyi ifadə edir; dağılan, əsir qalan Cəbrayılı, sinifləri boşalan, bəlkə də çoxdan xarabalığa çevrilmiş Cəmil Əhmədov adına orta məktəbi, divarlarını mamırlar bürümüş evimizi, kökü buz kimi kəhrizdən su içən nəhəng çinarımızı və nəhayət ədəbiyyatı, sözü, şərəf və layaqəti.
Onun ömrünün son illərini yaşadığı bu evə artıq ikinci dəfədir ayaq basıram. İlk dəfə Sabir Əhmədlinin iş otağına girəndə əl-ayağım titrəmiş, heç bir əşyaya toxunmağa ürək etməmişdim. Mənə elə gəlmişdi ki, istənilən əşyaya toxunsam, onlar Sabir müəllimin səsi ilə dil açıb danışacaq, illərin həsrətini, dərdini, gileyini deyəcək.
İndi isə bir az öyrəncəli idim. Yazıçının oğlu Etibar, qızı Yaqut xanım və gəlini Aytən xanımla onun otağına girəndə hər şey elə əvvəlki yerində idi. Otağın ortasında dayananda qəlbə rahatlıq gətirən enerjini hiss etməmək mümkün deyildi. Açıq pəncərədən otağa dolan külək pərdəni tərpədərək sanki yazıçının divara söykənmiş portretinə sığal çəkirdi.
Gallery

Sabir Əhmədli sonbeşiyi, oğlu Məhəmmədin şəhid olmasından sonra Yasamaldakı evindən uzaqlaşmağa, kənar olmağa çalışaraq bu evdə, bu otaqda qərar tutur. Etibar bəy deyir ki, bu otaq Sabir müəllimdən onlara qalan son yadigardı:
“Əvvəl biz Şərifzadə küçəsindəki evdə yaşamışıq. Səhv etmirəmsə, 1961-ci ilən orda olmuşuq. Atam “Yamacda nişanə”, “Toğanna”, “Dünyanın arşını”, “Yaşıl teatr”, “20 Yanvar hekayələrini” və başqalarını o evimizdə yazmışdı. Amma burda konkret olaraq “Ömür urası”, “Yazılmayan yazı” romanlarını, son hekayələrini yazıb. Bir romanı isə yarımçıq qaldı”.
Sabir müəllimin iş prosesini, günün hansı saatlarda yazması ilə maraqlanıram. Yaqut xanım yazıçının daha çox gecələr yazdığını deyir:
“Atamın iş prosesi səhər saat altıda başlayırdı. Erkəndən oyanmağı sevən adam idi. Çox yatmağı xoşlamazdı. Bir də axşamlar işləyərdi. Biz onun iş rejiminə öyrəşmişdik. O, işdən gələndən sonra bir az dincəlirdi, yatırdı. Sonra gecə oyanıb səhər dördə, beşə qədər işləyərdi. Hərdən gecələr kofe qoxusuna oyanardıq. Gecələr özünə kofe dəmləyib içərdi. Biz demək olar ki, onun makinasının səsi altında yatıb, dururduq”.
Gallery
Sabir Əhmədlinin kitab şkafına tərəf yan alıram. Uzun illərdən bəri yan-yana düzülüb bir-birlərinə sığınan köhnə kitablara nəzər salıram. Rəflərdəki kitabların arasından Çingiz Abdullayevin kitabı diqqətimi cəlb edir:
“Bildiyimə görə Çingiz Abdullayevin də kitabxanasında Sabir müəllimin kitabları olub”.
Yaqut xanım, rəflərdəki kitablara əli ilə toxunub onlara diqqətlə nəzər salır:
“Atam “Ədəbiyyat qəzeti”nin baş redaktoru olanda Çingiz Abdullayevlə çox yaxşı münasibətləri vardı. Qəzetin işləri ilə əlaqədar bir-birləri ilə görüşürdülər. Onda atam kitablarıdan Çingiz Abullayevə bağışlayıb, o, da öz kitablarını atama. Onun kitablarını da elə biz oxuyurduq. Sabir müəllim detektiv ədəbiyyatı əsl ədəbiyyat hesab eləmirdi”.
Yazıçının masasının üzərindəki kompüterə tərəf gedirəm. Onu da deyim ki, Sabir müəllim 60-cılar nəsli içərisində kömpütürlə dostlaşan ilk yazıçılardan biri, bəlkə də birincisi olub. Bu öyrənmə mərhələsi barədə Etibar bəydən xəbər alıram:
“Kompüteri atama Adil Minbaşı bağışlamışdı. Onun hədiyyəsidir. Kompyuteri Adil müəllim özü gətirdi, özü də quraşdırdı. Atam sona qədər onu öyrəndi. Özü kompüterdə işləyirdi. Çox şeylər tez-tez yadından çıxırdı. Bir dəfə də nəsə yazmışdı, kompüterdən itmişdi. Gecə saat on birdə bizə zəng vurub, uşaqlara deyirdi ki, gəlin, o yazını tapın”.
Yaqut xanım da təsdiqləyir:
“Yazıları itirə-itirə, yavaş-yavaş öyrəndi. Amma ona qədər həmişə bax, o makinada yazıb”.
Gallery
Fotoqrafımız makinanın şəkillərini çəkərkən, mən də Etibar bəydən otaqda olarkən hansı hissləri keçirdiyini, yaşadığını öyrənməyə cəhd edirəm:
“Bu otaqda əyləşərkən, ən çox nələri xatırlayırsınız, hansı hissləri keçirirsiniz?”
“Xatirələr əbəttə ki, çoxdur. Amma qəribədir ki, indinin özündə də mən onun “Yazılmayan yazı” romanını oxuyanda atamın səsini eşidirəm. Möcüzə kimidir”.
Yaqut xanımdan atasının yazdıqlarını onlara oxuyub oxumadığını xəbər alıram:
“Bəli. Yazdıqları əsərlərin hamsını oxuyardı bizə. İndi bir çox yazıçıların iş otağ qalmayıb. Amma bu otaqda atam özü hər şeyi necə qoyub gedibsə, olduğu kimi də qalır. Buna görə də Etibara təşəkkür edirəm. Biz bu otağa nə zaman giririksə, elə bilirik atam özü indicə bu otaqdan çıxıb”.
Yazıçı üçün yazmaqdan uzaqlaşmaq, yaza bilməmək asan məsələ deyil. Əlbəttə yaradıcılğın müxtəlif illərində durğunluq, fasilə ola bilər. Amma ömrün son günlərinə təsadüf edən yaza bilməmək faktı xeyli kədərlidir. Sabir Əhmədli həyatı boyu ağır sınaqlardan keçmiş, qardaş, torpaq və oğul itkisi yaşamışdı. Amma bu itkilərin heç biri onu yazmaqdan uzaqlaşdıra, soyuda bilməmişdi. Dərd artıqca o, dərdi ilə dostlaşmış, ürəyindəkiləri vərəqlərə tökmüşdü. Ancaq övladları deyrilər ki, ömrünün son illərində o, iş otağına girməyi azaltmış, əl-ayağını yazı-pozudan soyutmuşdu.
Gallery
“Etibar bəy, son gününə qədər bura girib çıxırdı?”
“Lap son günlər əhvalı yox idi deyə, bura çox girmirdi. Amma ona qədər hər səhər mütləq yuxudan oyanan kimi yuyunub, özünü səliqəyə salıb bura girərdi. Elə bil işə gedirdi. Yazmasa belə, divanda əyləşib fikirləşirdi. Onun üçün sakitlik çox vacib məslə idi. Biz uşaq vaxtımızdan öz rejimimizi onun sakitliyinə kökləmişdik”.
Bu məqamda yadıma Sabir müəllimin həyat yoldaşı Şaban xanım düşür. Yazıçı ilə uzun illər mehribanlıqla yollaşan Şaba xanım olduqca müdrik, anlayışlı qadın olub. Yazıçının qızı da anası ilə Sabir müəllimin münasibətlərindən bəhs edir:
“Anam lap əvvəldən atamı məişətin bütün qayğılarından azad etmişdi. Əlbəttə bəzən evdə təmir olunası nəsə olanda atam bunu özü edirdi, amma gündəlik işlərdən, bazarlıqdan azad idi. Atam rəhmətə gedəndən sonra anamdan başqa atamın əlyazmalarını heç kim oxuya bilmirdi. Atamın xətti çox çətin anlaşılırdı”.
Etibar bəy atasının iş otağına ancaq yazı yazmaq üçün girməsini də vurğulayır:
“O, bura ancaq işləmək üçün girərdi. Dincələndə xoşlayırdı ki, ətrafında yaxşı kampaniyası olsun. Xoşlayırdı ki, yaxşı söhbət etsin, dadlı xörəklər yesin, dünyada, cəmiyyətdə baş verənlərdən danışsın. Gündəmi izləyən adam idi. Yəni təklik sevən adam deyildi, ancaq iş prosesində təklənərdi”.
Sabir Əhmədli yaşlı yazıçılar içərisində gənclərlə dost olmağı bacaran çox az nasirlərdən biridir. Onun özündən xeyli gənc və istedadlı yazıçı və şairlərlə dostluğu bu günə qədər də müzakirə olunur. Bir dəfə yazıçı Həmid Herisçi ilə müsahibə alan zaman Sabir Əhmədlinin şəklinin ona məxsus şkafın ən gözəgəlimli yerinə sancıldığını gördüm. Saatlarla çəkən söhbətimizdə Həmid Herisçi dəfələrlə Sabir Əhmədlinin adını çəkir, onu böyük qürur hissi ilə xatırlayırdı. Yaqut xanım vurğulayır ki, Həmid Herisçi onların evinə ən çox gəlib gedən yazıçılardan olub:
“Həmid onun mənəvi oğlu kimi idi. O, bizə demək olar ki, hər gün gəlirdi. Ondan başqa Seymur Baycan, Şərif Ağayar, Mövlud Mövlud da atamla tez-tez əlaqə saxlayırdılar. Mövlud bir dəfə Şəriflə bizim o biri evimizə gəlmişdilər. Onlar bizdən çıxandan sonra Mövlud ağlamışdı. Şərif bu haqda “Yuxarıda yaşayan adam” adlı yazıda yazmışdı”.
“Mövlud niyə ağlamışdı?”
“Uşaq idi axı. Atam gəncləri çox istəyirdi, onlarla söhbətdən imtina etmirdi, ona görə də onlar həmişə bizə həvəslə gəlirdilər”.
Yazıçının gəlini Aytən xanım da qeyd edir ki, Sabir müəllim gənclərdən ilhamlanır, onları sevirdi:
“O, gənclərin hamısına Laçın gözü ilə baxırdı. Ona elə gəlirdi ki, gənclər kanonları dağıdacaq, daha da yüksəklərə qalxacaqlar”.
Gallery
Etibar bəy başqa məqamı vurğulayır:
“Ondan bir az cavan olan həmkarlarından Sirus Təbrizli, Sabir Rüstəmxanlı ilə də yaxın olub. Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı. Onlar küsülü idilər. Papa evdə qonaqlıq verirdi, sonra onlar gəlib bu otaqda oturub, söhbət elədilər. Papa da burda onları barışdırdı. Biz uşaq idik, amma bunun şahidi olmuşuq.
“Stolüstü kitabları hansılar idi?”
“Hər dəfə bir şeylə maraqlanırdı. Elə olurdu ki, dini kitablara baxırdı. Öz kitablarını da varaqlayırdı. Son vaxtlar İslam dini ilə çox maraqlanırdı, Quranı çox oxuyurdu. Ensklopedik, fəlsəfi kitablar da oxuyurdu. Atamın kitabları çox idi.
“Amma öz kitabların çoxu da köhnə əlifba ilə çap olunanlardı. Yeni əlifba ilə çap olunanlar yoxdu?”
“Hə istəsəniz bu kitabları çəkə də bilərsiniz. Hamısı kirillədir. Latın əlifbası ilə özümüz ölümündən sonra çap etdirdiklərimizdir”.
“Hansı kitablardı?”
““Yazılmayan yazı”, “Biz yenə görüşəcəyik” və “Axirət sevdası””.
Aytən xanım deyir ki, Sabir müəllim sovet dövründə çap olunan bir çox jurnallara abunə olub:
““İnostrannaya literatura” jurnallarının hamısını oxuyurdu. O vaxtı biz ordakı evimizdən köçəndə, mən dedim, bəlkə ataq bunları. Qoymadı, dedi, yox hamısını yığın təzə evə aparaq”.
Sabir müəllim ömrünün son illərində yazıçı kimi sözə və mətnə sadiq qalan insanlardan idi. Oğlu Məhəmmədin 24 yaşında Murovda şəhid olmasından sonra o, insan kimi xeyli sarsılmışdı, amma bu faciə belə onun yazıçılığına mane olmamışdı. “Axirət sevdası” romanı ilə yazıçı öz dərdini izhar edərək, həm də müasir dövrün ən yaxşı əsərlərindən birini ortaya qoydu. Roman bioqrafiq olduğundan yazıçı oğlunun ölümünə qədər və ölümündən sonra yaşadıqlarından bəhs edir. İlk dəfə bu romanı oxuyanda ordakı yaşlı insanın, həm də bir yazıçının yaşadığı iztirabları hiss edəndə çox sarsılmışdım.
Gallery
Bu səbəbdən də məncə "Axirət sevdası" romanı Sabir Əhmədlinin ən böyük əzabla yazdığı roman olub. Amma yenə də bu barədə övladlarından xəbər almaq istəyirəm və çox ehtiyatla Etibar bəydən soruşuram:
“Etibar müəllim, ən ağır yazdığı əsər hansı olmuşdu? Xatırlamırsınız?”
Hissiyyatım məni aldatmır, Etibar bəy mənim bildiyim cavabı verir:
“Yəqin ki, “Axirət sevdası””.
Bu sözlərədən sonra onun səsi qırılır, danışmaqda bir qədər çətinlik çəkir, amma fikrini sona qədər ifadə edir:
“Həyatında baş verən hadisələr təzə idi. İndi də o əsəri oxuyanda yazıçı əzabı hiss olunur. Bir də 20 yanvar hadisələri zamanı yazdığı 20 hekayəni də əziyyətlə yazmışdı. Çünki o hadisələr gedə-gedə atam həmin hekayələri də yazırdı, həm də hekayələrdə baş verən hadisələrin çoxunun şahidi olmuşdu, amma ümumiləşdirmələr də vardı”.
Qəribə bir məqam var ki, Sabir Əhmədli 20 yanvar hadisələri zamanı yazdığı bir hekayəsində baş qəhrəman gecə hadisələrə qoşulub gedən oğlunu axtarmaq üçün bütün xəstəxanaları və morqları gəzir və nəhayət sonuncu morqda öz oğlunu başından vurulmuş vəziyyətdə tapır. Eyni hadisəni yazıçı sonradan öz həyatında da yaşayır. Oğlu alnına dəyən snayper gülləsindən şəhid olur.
Gallery
Bu haqda Yaqut xanım da maraqlı fikirlər səsləndirir:
“Bax, o hadisələr zamanı biz də hiss edirdik ki, Qarabağ hadisələrindən ailə olaraq itkisiz ötüşməyəcəyik. Çünki özü də müharibəyə can atır, burda qalmırdı. Bunu bizə də təlqin edirdi. Tez-tez cəbhə bölgələrinə gedirdi. Hətta uşağın başına o hadisə gələndən sonra özü bir dəfə dedi ki, - məni neçə dəfə güllə tutan yerdən çəkib çıxarıblar. Mənə heç nə olmadı, amma ona oldu. Bizim də elə bil ürəyimizə dammışdı ki, o hadisələrdə ailəmizə nə isə olacaq. Çünki özü yerində dayanmırdı, heç nə ilə barışmırdı”.
“Bu evdə yaşamaq onun üçün çətin deyildi ki?”
“Bu evə həvəslə köçdü. Ona neçə yerdə ev təklif etsələr də, dedi ki, yox mənə ev verilirsə, elə Yasamaldan versinlər. Çünki atam Bakıya gələn ilk illərdən elə Yasamalda yaşamışdı. Bura öyrəşmişdi. “Yaşıl teatr” əsərində Yasamalda kirayə qaldığı evdən yazıb”.
Etibar bəy isə xüsusilə vurğulayır:
“O vaxtı həmin əsərə də ilişmişdilər. Əxalqi baxımdan düzgün hesab etmirdilər. Senzura qoyulmuşdu”.
“Əsərlərinin çoxuna senzura qoyulub?”
“Heç bir əsəri birinci dəfədən qəbul olunmayıb. Jurnallarda çap olunub. Çünki redaktorlar Əkrəm Əylisi və başqa tanıdığı adamlar olub. Ona görə də jurnallarda çap olunmaq problemi olmayıb. Amma kitab çapı məsələsində çox çətinlikləri olub. Onun demək olar ki, on ildə bir kitabı da çap olunmayıb. Bu günə qədər iyirmi iki romanı çap olunub. İki romanı isə çap olunmayıb. Onları anam hazırlayıb, amma çap olunmayıb.
Söhbətimiz bitir, fotoqrafımızı fotoaparatı söndürür, mən isə diktafaonu. Sabir Əhmədli yaradıcılığını ifadə edən otağa son dəfə nəzər salıram. Özüm üçün ayırdığım mənəvi payı götürüb, bu sakit, ilıq otaqdan ayrılıb, narahat dünyamıza qayıdıram.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10