Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pandemiyaya Masallıdan baxanda – qaranlıq çoxdur, ya aydınlıq?


Rayonda neçə nəfərin bu virusa yoluxduğunu, sağaldığını, öldüyünü, yaxud test edildiyini bilməyin faciəsi çox olar, ya faydası?

Həmişə, hər işdə aşkarlığın tərəfdarı olmuşuq, elə pandemiya məsələsində də. Lakin arzu olunan aşkarlıq görünmür və bu da çaşqınlıq yaradır.

Pandemiya başlayanda məlumat yaydılar ki,  filan rayonlarda bu qədər yoluxan, bu qədər sağalan, bu qədər də ölən var.  Hansı faciə baş verdi ki,  sonralar belə məlumatlar gizlədildi?

Bəziləri mənə tövsiyyə edir ki, bununla bağlı çoxlu maarifləndirici yazılar, videolar paylaş. Biz imkan daxilində buna əməl etsək də, əhali  daha çox gördüyünə inanır.

Həmin ərazidə yaşayan bir  vətəndaş kimi bilmək istəyirəm, Masallıda  koronovirusa neçə nəfər yoluxub, yaxud neçə nəfər ölüb ki, bu rayonda  belə sərt karantin rejimi tətbiq olunub? Ya  yoluxma mənbələri hardandır?

Bu gün Masallı rayonunda koronavirus söhbətlərinin  əksəriyyətinin ünvanı deyəndə, rayonun Təzə Alvadı kəndini göstərirlər. Elə indicə həmin kənd sakinlərinin bir neçəsi ilə danışdım.

1-ci versiya. Kənddə olan yas məclisinə Lənkərandan bir neçə qadın gəlib, onlar da yasda olan digərlərinə yoluxdurub.

2-ci versiya. Həmin yasda olanlardan bir neçəsi sonra kənddə nişan mərasiminə gedib, ordakıların da bir neçəsini yoluxdurublar.

3-cü versiya. Təzə Alvadıdan onunla həmsərhəd olan Cəlilabadın Həziabad kəndinə kəndarası çox rahat yol var. Həmin kənddə də kifayət qədər yoluxan olduğu üçün xəstəlik bu ərazilərdə daha çox yayılıb.

Ortada rəsmi məlumat olmadığı üçün hərə bir rəqəm deyir. Biri 20, digəri 45, hələ 60-70 deyən də var.

Təzə Alvadıda yoluxanlar sırasında məktəb direktorundan tutmuş dövlət qulluqçusuna qədər, ailəlikcə tutulanlar barədə də bir neçə mənbədən məlumat var.

Lakin həmin kənd tam karantinə götürülməyib. Halbu ki, belə gərginlik yarananda Lənkərnanın bir neçə kəndi karantinə alınmışdı.

İndi Masallı şəhərinin bir neçə istiqamətinə - Digah, Şərəfə, Musaküçə, Ərkivan tərəfdən şəhərin girişinə və sair yerlərə postlar qoyulsa da, daha çox yoluxanların bildirildiyi Təzə Alvadı kəndinə qonşu olan Köhnə Alvadı, Güllütəpə, Böyük Xocavar, Binə Xocavar, Banbaşı, Çaxırlı, Xırmandalı və digər Muğan kəndlərindən bura rahat gəlmək mümkündür.

Bir ay öncə qonşumuzda bir nəfər koronavirusdan dünyasın dəyişdi. Hamı bildi, biz də,  daha bir neçə sayt da yazdı.

Yaxud dünən yazdılar ki, İsmayıllıda bu xəstəlikdən bir ailədən 3 nəfər ölüb. Əməkdar artist Bəhrəm ağır vəziyyətdədir, yaxud filan-filan vəzifəli şəxslərin vəziyyəti ağırdır. Nə faciə baş verdi?


Hər şeyi açıq yazsaq, axı nə olar? Deyirlər əhali vahiməyə düşər. Tutaq ki, bu gün mətbuat yazır ki, filan-filan kəndlərdə yoluxma çoxdur, filan qədər ölüm halı baş verib, yaxud hər ərazidə filan qədər adam testdən keçib və sair. Vallah, heç faciə baş verməz, insanlar daha ehtiyatlı olar, bu bəlanın daha da yaxında olduğuna, necə dəhşətlərə səbəb olduğuna inanar.

Təəsüf ki, belə deyil. Masallı Mərkəzi Xəstəxanasından deyirlər ki, TƏBİB-dən icazəsi bir kəlmə deyə bilmərik. TƏBİB-in Mətbuat Xidmətinin telefonuna  isə aramsız olaraq etdiyimiz zənglər cavabsız qalır. Daha dəqiq desək, onlara heç zəng çatmır.

Yerli əhalini maarifləndirmək üçün bir neçə nəfər koronavirusdan sağalmış xəstədən müsahibə almaq istədik, bizə belə xəstə tapa bilmirlər.

Bu gün Masallı xəstəxanalarında vəziyyət necədir? Çarpayı çatırmı, həkim çatırmı, təcili yardım maşınları kifayət qədərdirmi? Oğul istəyir bu suallara cavab tapsın.

Bir daha qeyd edim ki,   koronavirus bəlasından 4 ay vaxt keçsə də, hələ də öyrənə bilmirik ki, 230 minlik Masallı rayonunda Operativ Qərargahın üzvləri kimdir, daim istifadədə olan Qaynar Xəttin nömrəsi neçədir? Və.s. ilaxır.

Sonra da deyirsiniz ki, camaat inanmır. İnandırıcı deyin ki, inansınlar.  Mətbuat yox, amma partapart abunə pulu yığırlar. Bundansa, ən azı operativ qərargahın bir üzvü çıxsın canlı yayıma, pulsuz-parasız əhalinin suallarını cavablandırsın.

5 gündür Masallıda sərt karantin rejimi başlayıb. Biri deyir bu Masallıya aiddir, o biri deyir, Masallı rayonuna, başqa birisi deyir ki, Masallı şəhərinə. İcra hakimiyyətində bütün səlahiyyətlilərə zəng etsəm də, dəqiq cavab ala bilmirəm.

Allah hamımıza şəfa versin, həm koronalı, həm koronasız.

Zahir Əmənov. Cənub.az










Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10