Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

17 may 2017- cı ilÇəpərüstü söhbət



- Qıza, yaz havası mənə bu ilki qədər heç ləzzət eləməmişdi; narın yağışlar, dərəmizdə bülbüllərin, qurbağaların və itlərin birləşmiş “xor”unun ifasında gecə konsertləri, daha nələr, nələr... Romantika adamın sağından girib, solundan uçurdu.
- Deyəsən, yaşlandıqca havalanırsan e... Millət günortaya qədər yatır ki, səhər yeməyi yeməsin, sən isə...
- Elə qəhrəman da odur ki, belə ağır zamanda təbiətdən, dünyadan ilham alsın. Şair demişkən, həyat səni güldürəndə gülmüsən, oğulsansa, ağladanda gül, görüm. Sənin sözün yadıma bir əhvalatı saldı. Deməli, keçmişdə, çəltikçiliyin biz tərəfdə gen-bol inkişaf etdiyi vaxtda xaricdən cənuba 2-3 kişi qonaq gəlir. Baxıb görürlər ki, buradaçəltikçiliklə məşğul olan gözəl-göyçək qadınlar qurşağa qədər palçığın içində işləyirlər. Onlardan biri zarafatla deyir ki, bu qədər palçığa girən qadınla bir yastığa necə baş qoyursunuz? Cənublu kişi də halını pozmadan deyir ki, əsil kişi elə odur ki, belə zəhmətkeşlə bir yastığa baş qoyur. Sizinkilərlə elə hamı bir yastığa baş qoyar.
- Bacılı, axır vaxtlar bir az solaxay, ədəbdənkənar söhbətlərə yaman meydan verirsən ha.
- Qıza, hər şey zəmanəyə görədir. Deyir, gərək ermənini elə erməni dilində söyəsən, onu türkcə söyməyin faydası olmaz. İndi hara gedirsən, hamı söyüşlə, təhqirlə danışır. Bunlarla mədəni danışmaq, milçək vızıltısı kimi bir şeydir.
- Elə yəqin bəzi işbazlar sənin kimi fikirləşir ki, bəzi yerlərdə “Həyasızlıq kursları”, “Həyasızlıq cəmiyyətləri” yaradırlar, ən yaxşı həyasızlar üçün mükafatlar təsis edirlər.
Bu həyasızların həll etdiyi problemləri 10-15 ziyalı, lap akademik illərlə həll eləyə bilmir.
- Bu tərəfdən də “halal” markalı işlərin sayı artır. Az qalıb bir “halal qumar”, “halal “o məsələ” də yaradalar. Keçən dəfə bir sual vermişdim e:- bizdə halal məscid var? Heç kim cavab verə bilmədi.
- Mən demişəm, yenə də deyirəm:-bizdə halal rəis, halal hakim, halal başçı, qısası halal hökumət olmayınca, başqa halalların bir qəpik dəyəri olmayacaq.
- Danışırsan da. Hökumət necə halal ola bilər ki, bəzi rayonlarda polis rəisi, prokurorluq məhkəmə sədri ilə davadadır ki, niyə bizim min zülmlə həbs etdiklərimiz oğrunu, qulduru sən “şor” qiymətinə azadlığa buraxırsan. Belə çıxır ki, bunlar zəifdir, ala bilmir, məhkəmə hakimləri zirəkdir, yaxşı alır.
- Söz ki, adam tutan idarələrdən düşdü, mən də bir-iki şey deyim. Bilirsən ki, həmişə polislərin fədakarlıqlarını, cəsarətini, əsil yuristləri yüksək dəyərləndirmiş, eləcə də fantyaziyalarına heyran qalmışam. Adi dirəkdən, sudan, buluddan pul çıxaran polislər barədə çox danışmışıq. Bu günlərdə isə yeni polis fantaziyaları meydana gəlib. Çox “toç”kalardakı qazanclardan əli üzülən bəzi polis rəsmiləri vətəndaşa heç bir xəbədarlıq məktubu göndərmədən onu məhkəməyə verib 80 manat cərimə tələb edirlər ki, bəs dükanda işlətdiyin soyuducunu dükanın qabağına qoymusan. Yaxud, yol polisi bir bədbəxt sürücünü yaxalayır ki, bəs, sükan arxasında kefli əyləşmisən. Bir imansız həkim də tapırlar ki, polis deyəni təsdiqləyir ki, düppədüzdür, illərlə dilinə spirtli içi vurmayan bu adam, anadangəlmə sərxoş imiş.
- Bunların elədikləri, toya getməlidir e. Əvvəllər eşitmişdik ki, çoxları polisə “iş verir”. Belələrinin bəzisinə “45 manatlıq” da deyirdilər. İndi zaman dəyişib, bəzi polislər özləri “iş verir”. Məsələn, bir nəfər borc-xərclə, qızıl-gümüşün satıb, kredit götürüb, balaca sex açıb. Polis nəfəri kəsdirib başının üstünü ki, bəs mənim haqqım!? 50 manat verib, razılaşmayıb, keçmiş təhsil şöbə müdirinin oğlunun dəllallığı ilə sifariş yollayıb ki, 300 manat verməlisən. Bu alınmayanda işverənlik edərək Əmək Müfəttişliyinə bildirib ki, bəs bu sexdə müqaviləsiz işçilər var. Kişini salıb zibilə.
- Deyirəm ki, nə yaxşı bizim polislər belə şeylərdən xəbərsizdir, çox mərdanə olduqları üçün belə cılızlıqlara getmirlər, heç kimlə hərbə-zorba ilə danışmırlar.
- Mənim yadıma isə vaxtilə polis idarəsinin qarşısında tikilmiş bulaq düşdü. Heç kim o bulaqdan su içmirdi. Qorxurdu ki, su içəndə polis onu yaxalayıb, cərimə edəcək ki, suyu QIRMIZI İŞIQDA içmsən.
- Eh, indi hər şey tərsə-məzhəb olub. Əvvəllər, böyüklər rayona gələndə heç olmasa bir günlüyə hər şey qaydasında olardı. İndi olub əksinə. “Rabitə naziri” rayonumuza gələndə internet lap yaman günə düşdü, hələ də düzəlmir ki, düzəlmir.
- Eşitdiyimə görə, nazir rayona gələndə başqa maraqlı hadisələr də olub. Bu sahəyə rəhbərlik edən ƏMİOĞLULAR naziri çaşdırmaq üçün 3-4 nəfər öyrədilmiş veteran-filan təşkil ediblər, nazirin qəbuluna düşüb, bunları tərifləsinlər ki, guya rayon bu əmioğluların başına and içir. Rayonun baş idarəsinin “əks-kəşfiyyatı” bunu bilib və həmin planı dağıdıb. Cəmi bir yaltaq özünü içəri ata bilib, onu da nazir qovub.
- Deyirəm, adam ki, bir şeyə adət elədi, çətin tərgidə. Məsələn, bizim yaşıl-burun adalarında ala-bula dana satan görkəmli təhsil şöbə müdirimiz var idi ha. İndi məktəb direktorudur. Bu adam öyrəşmişdi ki, həmişə üzü-üzünə söyülsün. İndi işdən çıxıb, pul atdıqları adamlardan aldığını vermir ki, qoy, yenə gəlib üz-gözün söysünlər. Məsələn, bir sabiq direktor var, dediyinə görə, 2 min verib ki, yaşı ötsə də direktorluqda saxlasınlar, bu iş üçün baza yaratmaqdan ötrü isə həm də 3 min manat verib ki, onun məktəbini “İlin məktəbi” adını versinlər. İndi it də gedib, ip də. Elə-belədə dırnağından darı düşməyən, qışda da ondan buz almaq mümkün olmayan bu direktorun halı dönüb, hesabını bilməyən, qazandığını ənlik kirşanə verən... nə isə. Bu dana satan müdirin iyrənc işləri bitib-tükənmir, xətkeşi stoluna çırpa-çırpa qadın bilmir, kişi bilmir, hamı ilə pul davası edir. Bu dilənçi balası dilənçi, rəhbərliyi “bağaja” qoymağı da unutmur:- özümçün yığmıram ki, yuxarı deyir, onlar üçün yığıram.
- Belə böyük-böyük işləri heç kefimə də almıram. Mənimki, xırda-para işlərdir ki, hər gün güzaranıma təsir edir. Məsələn, əvvəl kibrit qutusunda 50 çöp olardı, indi olub 40, çay 3 qaşıq şəkərlə şirin olurdu, indi heç 5 qaşıqla da şirin olmur, üz qırxan alırsan, 5 dəfə qırxan 3 dəfə qırxır, dəsmal alırsan bir dəfə burun silən kimi ortası deşilir...
- Guya sən bunları dedin, dünya düzələcək. Eşitdiyimə görə yuxarıdan tapşırılıb ki, yazılanlara qəti əhəmiyyət verməyin, imkan olan kimi, istənilən müxbiri şərləyib, sındırıb, atın içəri. Çamaatımızda da az yoxdur ha. İldə 2 dəfə qəzet pulu adı ilə müəllimləri mələdib, pullarını alıb, bəziləri kefə baxır, heç aldıqlarına görə abunəçilərə qəzet də vermirlər, buna heç kim dinmir. Biz yazıq 100 qəzeti həmin müəllimlərə havayı veririk, heç “sağ ol” deyən də yoxdur.
- Elədirsə, başqa yollar fikirləş. Get, möhkəm yat, bir də 20 ildən sonra ayıl.
- Eh, biri var idi elə yatmışdı. 20 ildən sonra ayılıb nə görsə yaxşıdır- elə həmin baş nazirdir, elə həmin nazirlərdir, həmin müdirlərdi, işıq-qaz pulu daha da bahalaşıb, işıq gündə yenə 5-6 dəfə sönür, boşboğazlar, həyasızlar daha da çoxalıb, hətta dəvətnamələr insanlara DƏHŞƏTNAMƏLƏR kimi görünür.
- Elə isə, sən get 50 illik yat.
Elcan Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10