Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirusa yoluxmuş jurnalistlə Atletlər kəndindən müsahibə


“Cümhuriyyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla və ailə üzvlərinin koronavirusa (COVİD-19) yoluxduğu beş gündür ki, təsdiqlənib. Amma jurnalist hələ də onlara lazımi tibbi yardım göstərilmədiyini deyir.
Bu barədə “Press Klub”a danışan M.Abdulla bildirdi ki, öncə həyat yoldaşında virusun əlamətləri özünü göstərib:
“Yüksək hərarətlə başladı, ağciyərin pnevmoniyasına gətirib çıxardı. Bundan sonra məndə də virusun əlamətləri büruzə verdi, hiss elədim ki, özüm də yoluxmuşam. Daha sonra bacımda da eyni əlamətlər müşahidə olundu. Proses çox sürətlə getdi. İyunun 18-də test verdik, bir gün sonra Ağciyər Xəstəlikləri İnstitutunda tomoqrafiya olunanda dedilər ki, bizdə COVİD-19 virusu var”.
M.Abdullanın sözlərinə görə, ilk günlər virus həyat yoldaşında daha çox ağırlaşmaya səbəb olub. Özünün vəziyyəti isə son günlərdə pisləşib:
“Həyat yoldaşımda daha ağır forma almışdı. Bacımda da kəskin halsızlıq, yüksək hərarət, iştahsızlıqla müşayiət olunurdu. Mənim vəziyyətim isə daha çox son günlərdə ağırlaşdı. Hərarətim yüksək olur. Bu gecə (iyunun 23-dən 24-nə keçən gecə) az qalmışdı ölüm… Yenə qızdırma və kəskin öskürək vardı. Öskürəkdən boğulurdum…”
Jurnalist qeyd etdi ki, koronavirusa yoluxduqları təsdiqlənsə də, onları evə göndəriblər. Evdə də tanış həkimin köməyi ilə müalicə alıblar:
“Buna görə ilk günlərdə proses yüngül keçdi. Sonradan gördük ki, vəziyyətimiz yaxşı deyil. Qərara gəldik ki, xəstəxanaya yerləşdirilmək üçün müraciət edək. Amma xəstəxanaya yatırmadılar. İyunun 23-də bizi Təcili Tibbi Yardım maşını ilə gətirib Atletlər kəndindəki binaya yerləşdirdilər. Bura isə xəstəxana deyil, karantin üçün nəzərdə tutulub. Etiraz elədik ki, burada qalmaq istəmirik. TƏBİB-ə müraciət olundu. Buna görə millət vəkili Qənirə Paşayevaya, baş redaktorumuz Rəfael Becanova, Mətbuat Şurasının sədri Əflatun Amaşova, bütün Azərbaycan mətbuatına təşəkkür edirəm. İşi diqqətdə saxladılar. İsrarlı müraciətlərdən sonra bizi xəstəxanalardan birinə yerləşdirməyə söz veriblər. Hələ ki buradayıq. Yəqin ki, yaxın saatlarda köçürərlər”.
M.Abdullanın sözlərinə görə, Atletlər kəndində müalicəsiz qalmasına etirazlardan sonra TƏBİB-in şöbə müdiri onunla əlaqə saxlayıb, deyib ki, orada saxlanılan şəxslərə yüksək səviyyədə tibbi xidmət göstərilir, lazımi şərait var. Amma jurnalist onun söylədikləri ilə razılaşmır:
“Faktiki, burda virusun qarşısını ala biləcək, bizim həyatımız üçün təhlükə yaradan problemləri aradan qaldıracaq hər hansı yüksək keyfiyyətli tibbi xidmət görməmişik. Burada primitiv formada tibbi yardım göstərilir. Məsələn, C vitamini vurulur, seftriaksion, antibiotik… Bu isə virusun qarşısını almır. Yaxud öskürəyə qarşı dərman verilir. Bununla xəstəliyi müalicə etmək mümkün deyil. Daha keyfiyyətli tibbi xidmət göstərilməlidir ki, insan sağalsın”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10