Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması ilə nəticələnən meşə yanğınlarını törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır.
İnsanların həyat və fəaliyyətində mühüm rol oynayan, sözün həqiqi mənasında onların qayğısına qalan meşələrin özünün daim qayğıya ehtiyacı var. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.
Meşələrin məhv olmasının əsas səbəblərdən biri onun xüsusən yay aylarında yanğınlara məruz qalmasıdır. Meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Birinci növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin üzərinə düşür.
Meşə Təsərrüfatı Mərkəzlərinin mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və ona riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri mütəmadi olaraq yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini yoxlamalı, işçilərlə yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə bağlı təlim məşqləri keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsinin təşkil edilməsi də zəruridir.
![](/uploads/posts/2020-06/medium/1592919644_unnamed.jpg)
Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğının söndürülməsi üçün mövcud vəsaitləri təşkil etməlidirlər.
Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların qalanması xüsusilə təhlükəlidir. Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir. Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılmasına icazə verilməməlidir.
![](/uploads/posts/2020-06/thumbs/1592919662_images.jpeg)
![](/uploads/posts/2020-06/medium/1592919685_-yanginlarin-uzun-surmesinin-sebebi-kuresel-isinma-1505452826.jpg)
Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan 3-5 metr aralıda saxlanmalıdır. Əgər ehtiyac yoxdursa, çox hündür ocaq qalamaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcım düşsün. Xüsusən də küləkli havada bu, daha təhlükəlidir. Tonqalı yandırarkən küləyin gücü və istiqaməti nəzərə alınmlıdır. Çünki kənara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki, yarpaqları qurumuş budaqlardan istifadə edilməsin, çünki bu
zaman qırağa təkcə qığılcımlar deyil yanan yarpaqlar da səpələnə bilər. Ərazini tərk edən zaman tonqalı tam söndürməli, üzərinə su atmalı, sonra isə üstü torpaqla örtülməlidir. Əgər tonqalın içində közərən kömür parçaları olarsa, tonqala yenə də su tökülməlidir. Söndürülmüş tonqaldan tüstü və ya buxar çıxarsa, ondan aralanıb getmək, tələsmək olmaz. Gedərkən tam əmin olmaq lazımdır ki, tonqal tam sönüb və sonradan alışma ehtimalı yoxdur.
Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə meşə tör-töküntülərindən, yanar materiallardan təmizlənməli və yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşələrin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə əhatəli təbliğat işi aparılmalı, yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə olunmalıdır.
![](/uploads/posts/2020-06/medium/1592919742_mese_yanqin.jpg)
Meşə yanğınları zamanı təhlükəli zonadan uzaqlaşarkən tüstüdən və dəm qazından zəhərlənməyə məruz qalmamaq üçün külək istiqamətində deyil, əksinə hərəkət etmək lazımdır. Bir daha xatırladırıq ki, hər bir vətəndaş yadda saxlamalıdır ki, meşə yanğınları ağacları, kolları – bütün yaşıllığı məhv edir. Yanğın nəticəsində meşənin bir sıra xüsusiyyətləri itir, fauna məhv olur, yaşayış məntəqələri ziyan çəkir. Bəzi hallarda isə meşə yanğınları insan itgisi ilə nəticələnir, kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükə yaranır. Bunları nəzərə alaraq bir daha vurğulayırıq ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə biz ölkəmizin iqtisadiyyatının inkişafına, vətəndaşlarımızın sağlamlığına xidmət edirik.
Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi