Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Doğum, nikah azalıb, ölüm artıb, təbii artım 42,1 faiz aşağı düşüb – -Dövlət Komitəsindən şərh...


Dövlət Statistika Komitəsinin yanvar-aprel aylarına aid hesabatından bəlli olur ki, koronavirus pandemiyası dövründə Azərbaycanın demoqrafik vəziyyətində, doğumların, ölümlərin sayında, əhalinin təbii artımında, həmçinin nikah və boşanmaların sayında ciddi dəyişikliklər baş verib.
Belə ki, 2020-ci ilin yanvar-aprel aylarında ölkədə 34 min 749 nəfər doğulub. 2019-cu ilin yanvar-aprel aylarında 44 min 741 nəfər doğulmuşdu. Deməli, doğum sayında 9992 nəfər və ya 23,2 faiz azalma var. Əhalinin hər 1000 nəfərinə doğum göstəricisi 13,8-dən 10,6-ya düşüb.
Ölənlərin sayı 384 nəfər artıb. 2019-cu ilin yanvar-aprel aylarında 20 min 135 nəfər dünyasını dəyişmişdi, bu ilin eyni dövründə 20 min 519 nəfər vəfat edib.
Əhalinin təbii artımı (doğulanlar və daimi yaşamaq üçün gələnlərlə ölənlər və ölkəni tərk edənlərin nisbəti) üzrə geriləmə var. 2019-cu ilin ilk dörd ayının göstəricisi 24 min 606 nəfər, bu ilin eyni dövrünün göstəricisi 14 min 230 nəfərdir. Təbii artım 10 min 376 nəfər və ya 42,1 faiz azalıb. Əhalinin hər 1000 nəfərinə təbii artım göstəricisi 7,6-dan 4,4-ə düşüb.
2020-ci ilin ilk dörd ayında nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalıb. Mayın 1-dək Azərbaycanda 13 min 738 nikah rəsmiləşib. Bu, 2019-cu ilin yanvar-aprel ayları üzrə göstəricidən 4535 nikah və ya 25 faiz azdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin yanvar-aprel aylarına nəzərən 5,6-dan 4,2-yə düşüb.
2020-ci ilin ilk dörd ayında 2019-cu ilin eyni ayları ilə müqayisədə boşanmalar da azalıb, 5562-dən 4287-yə enib. Bu, 1275 fakt və ya 23,5 faiz azalma deməkdir. Əhalinin hər 1000 nəfərinə düşən boşanmalar 1,7-dən 1,3-ə düşüb.

-Bu rəqəmlər nədən xəbər verir? Dəyişikliklərə səbəb nədir? Sözügedən dəyişikliklərin nəticəsi necə ola bilər? Bəzi dəyişikliklər, xüsusilə təbii artımın 42,1 faiz azalması demoqrafik fəlakətin göstəricisi kimi qiymətləndirilə bilərmi?

Moderator.az saytının suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova cavablandırıb. 

O deyib: "Dünya ölkələrinin çoxəsrlik tarixi göstərir ki, hər bir konkret tarixi inkişaf mərhələsində ölkədə baş verən demoqrafik proseslər onun sosial-iqtisadi vəziyyətini müəyyət edən başlıca amillərdəndir. Ölkə başçısı cənab İlham Əliyevin bununla bağlı fikirlərini diqqətinizə çatdırımaq istərdim. O qeyd edirdi ki, “bizim iqtisadi imkanlarımız əhalinin artımını daim üstəməlidir”. Demoqrafik proseslərin tənzimlənməsində və demoqrafik vəziyyətin yaxşılaşdırılmasında məqsədyönlü demoqrafik siyasətin həyata keçirilməsi mühüm rol oynayır. Dövlətin səmərəli demoqrafik siyasətinin həyata keçirilməsində isə mövcud demoqrafik vəziyyətin, onun regional xüsusiyyətlərinin və sosial-iqtisadi proseslərlə qarşılıqlı əlaqəsinin öyrənilməsi, habelə gələcək vəziyyətin proqnozlaşdırılması mühüm əhəmiyyət kəsb edir".

Aynur Veysəlova qeyd edib ki, dünya əhalisi öz birinci millyardına 1820-1830-cu illərdə, ikinci millyardına 1930-cu ildə, yəni 100 il ərzində çatmışdısa, cəmi 30 il ərzində 3-cü millyarda, 25 il ərzində 4-cü millyarda, 13 il ərzində 5-ci millyarda, 12 il ərzində isə 6-cı millyarda çatıb: 

"Dünyada əhalinin artım tempi heç vaxt XX əsrin axırlarında olduğu kimi yüksək olmayıb. Eyni zamanda qeyd etmək lazımdır ki, əhali artımında regionlararası müxtəliflik nəzərə çarpacaq dərəcədə artıb: inkişaf etməkdə olan ölkələrin əhalisi sürətlə artıb, inkişaf etmiş ölkələrdə isə əhalinin artım tempi aşağı düşüb. XX əsrdə, xüsusən də onun ikinci yarısında, dünya regionları əhalinin məskunlaşmasına görə də fərqlənib".

Aynur Veysəlovanın sözlərinə görə, müasir dövrdə əhalinin qocalması prosesinin güclənməsi ictimayyətin qarşısında ciddi sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial və etik problemlər qoyur:

"Bunların arasında işçi qüvvəsi, ictimayyətin iqtisadi yükünün artması, istehlak səviyyəsinin xarakterinin dəyişməsi, ahılların sağlamlığı və tibbi-sosial kömək üçün vəsaitlərin artırılması və s. ilə bağlı problemləri göstərmək olar. Əhalinin demoqrafik quruluşunda ən vacib göstəriciliər sırasında birinci yerdə əhalinin yaş-cins strukturu dayanır. Əhalinin yaş-cins strukturu 3 əsas prosesin təsiri altında formalaşır: doğum; ölüm; əhalinin miqrasiyası. Əlbəttə, biz çox sevinirik ki, Azərbaycanda əhalinin sayı artıq 10 milyonu ötüb, ancaq ölkə əhalisinin sayının artmasının əsas səbəbi əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalının stabil qalması (artıq neçə ildir ki, 5,9 olaraq qalır), miqrasiyanın müsbət saldo ilə izlənilməsi və doğulanda gözlənilən ömür uzunluğunun yüksəlməsidir. Digər göstəricilər üzrə isə statistika narahatedicidir. 2011-ci ildə nikahların sayı 88 min 145 idisə, 2019-cu ildə bu rəqəm 63 min 869 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,7-dən 6,4-ə qədər azalıb. 2011-ci ildə boşanmaların sayı 10 min 747 idisə, 2019-cu ildə 17 min 148 olub. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,2-dən 1,7-ə qədər artıb. Son illər əhalinin cinslər üzrə sayı demək olar ki, bərabərləşib, belə ki, əhalinin 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.  

Ölkədə ümumnəsilvermə əmsalında da azalma müşahidə edilir. Belə ki, 2011-ci ildə bu əmsal 2,4 idisə, 2019-cu ildə 1,8-ə qədər düşüb. Son illərdə ölkə üzrə doğum səviyyəsini aşağı düşməsi müşahidə olunur, belə ki, 2011-ci ildə əhalinin hər 1000 nəfərinə bu göstərici 19,4 idisə, 2019-cu ildə göstərici 14,3-ə qədər enib. Azərbaycanda 2000-2018-ci illərdə abortların sayı da 17 min 500-dən 36 min 100-ə qalxıb. 1999-cu ildəki siyahıyaalmanın məlumatlarına əsasən, 18 yaşadək uşaqları olan ailələr arasında 1 uşaqlı ailələrin (288 min 200) sayı 22,5%, 2 uşaqlı (450 min 700) ailələrin sayı 35,3%, 3 uşaqlı (326 min 200) ailələrin sayı 25,5%, 4 və daha çox uşaqlı (213 min 900) ailələrin sayı 16,7% təşkil edib. 2009-cu ildəki siyahıyaalmaya əsasən isə 1 uşaqlı ailələr (396 min) 30,1%, 2 uşaqlı ailələr (529 min) 40,3%, 3 uşaqlı ailələr (261 min 900) 19,9%, 4 və daha çox uşaqlı ailələr (126 min 700) 9,7% təşkil edib. Rəqəmlərdən də bəlli olur ki, 1 uşaqlı ailələrin sayı 7,6 faiz, 2 uşaqlı ailələrin sayı 5 faiz artıb. 3 uşaqlı ailələrin sayı 5,6 faiz, 4 və daha çox uşağı olan ailələrin sayı 7 faiz azalıb. Bu tendensiyanın davam etməsi göstərir ki, fərq bir qədər də arta bilər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Moderator.az -a açıqlamasında demoqraflara və sosioloqlara istinadla bildirib ki, əslində, ailədə 3 uşaq olmalıdır: biri atanın, biri ananın, biri isə yeni nəslin davamı üçün: 

"Eyni zamanda, psixoloqlar hesab edirlər ki, ailədə uşaqların sayının çox olması uşaqların psixologiyasına müsbət təsir göstərir. Həmin uşaqlar kompleksiz olur, özünə qapanmırlar, paylaşmağı bacarır, ünsiyyətə girməkdə çətinlik çəkmirlər. Əlbəttə ki, ailədə uşaqların sayının az olmasının digər səbəbləri var, məsələn, ananın saglamlığı və ya mənzil şəraitin yetərli olmaması, ailənin planlı şəkildə idarəedilməsi və s.

Sözsüz ki, uşaqların sayının çox olması demoqrafik proselərə müsbət təsir göstərir. Lakin ailə də öz imkanlarını nəzərə almalı, uşaqların ehtiyaclarını ödəyə bilməli, onları düzgün tərbiyə etməlidir. Bəzən bu məsələyə səthi yanaşma sonradan bir sıra çətinliklər yaradır. Valideyn narahat olur ki, övladının ehtiyaclarını qarşılaya bilmir, uşaq isə özünü həmişə narahat hiss edir, istəklərini ya dilə gətirmir, ya da davamlı olaraq valideyni günahkar sayır. Bu baxımdan valideynlər dünyaya övlad gətirməyin məsuliyyətini  dərk etməlidirlər. Çünki əsas məsələ uşaq dünyaya gətirmək yox, ona zaman ayırmaq, tərbiyələndirmək, sevgi və qayğı ilə əhatə etməkdir. Əgər ana və atalar övladlarının həm maddi, həm də mənəvi baxımdan ehtiyaclarını ödəyə biləcəklərsə, onda təbii ki, onların 2 və daha artıq uşağa üstünlük vermələri məsləhət görülür".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10