Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

17 aprel 2017 - cı il Çəpərüstü söhbət



-Deyirəm, bir az da geciksəydik, bütün bu çəpəri-filanı söküb dağıtmışdılar.
- Mənə qalsa, istər çəpər oldu, olmadı, çoxları kitab-dəftəri tamam-kamal itirib.
- Orası düzdür e. Əksəriyyət ya nə istədiyini özü də bilmir, ya ağıllılıq xəstəliyinə tutulub, ya da harada gəldi günahkar axtarır.
- Yəni danışılası heç nə qalmayıb?
- O gün köhnə çəpərüstüləri varaqlayıram. Görürəm ki, o vaxt dediklərimizin azı 70 faizini indi nöqtə vergülünə toxunmadan bura əlavə etsək, elə bilərsən, bu gün üçün yazılıb.
- Lap bekara söhbətdən başlayaq. Bilirsən ki, son vaxtlar ətrafımızda söyüş söyənlərin yeni təbəqəsi yaranıb.
- Onların da öz “təbəqəsi” var?
- Əlbəttə. Bu günlərdə müşahidə etdiyim bir söhbət məni tamam-kamal çaşdırdı. Bir nəfərə məşhur hacı-maliyyəçinin borcu var, ala bilmir. Dostu ona deyir ki, xoşluqla vermir, söy-biabır elə. Borcun ala bilməyən də deyir ki, borclu olan hacı-maliyyəçi özü-özünü elə söyür ki, mən onu elə söyə bilmərəm. Yalanlarını əsaslandırmaq üçün bu, hacı-maliyyəçi dönə-dönə and içir və deyir ki, filan gün pulunu verməsəm, çox-çox üzr istəyirəm, arvadımı bütün kənd... İndi bu şərəfsizi mən necə söyüm ki, bundan betər olsun?
- O da sirr deyil ki, neçə ziyalının, hətta hüquq müdafiəçisinin edə bilmədiyini, həmin söyüşçü həyasız 2-3 dəqiqəyə həll edir. Belə ki, lazımi idarəyə girən kimi elə pilləkənlərdən başlamış 3 mərtəbəli söyüşləri sağa-sola səpir. Çavabdehlər də deyir ki, yola ver. Yadındadır da, bizdə 200-300 yardım, pensiya kartı olan dəllallar var idi. Rayonun aparıcı idarələrinin müdirləri onları görəndə maşından düşüb, qucaqlayıb, bağırlarına basırdılar.
- Bu 8 ayda səni təəccübləndirən ancaq bunlardır?
- Niyə ki? Mətbuat yazır ki, hər ay ölkədə 1000-dən artıq ailə boşanır. Elə bilirsən, onların hamısı ailə problemlərinə görə boşanır? Yox, bacı qurban. Onların bir çoxu əmlaklarını arvadlarının adına keçirib, sonra boşayırlar ki, izi itirsinlər.
- Nə zirək, uzaqgörən adamlardır e?!
- Külüm olsun o zirəkliyin başına. Bilirsən, necə biabırçı mənzərə yaranır? Bu zirəklər əmlaka görə arvadı boşayandan sonra həmin arvadın 2-3 uşağı olur. Əbdürrəhman Vəzirovun sözü olmasın, adamdan soruşmazlar ki, ay arvad, boşanmısansa, bu uşaqlar kimdəndir?
- Bəs bu qədər murdarlıqlara işıq salan yoxdur?
- İşıq dedin, yadıma işıq idarəsi düşdü. Bu idarənin özündə o qədər murdarlıq olur ki, heç bilmirsən, işıq hardadır, qaranlıq harda, yəni murdar-təmiz qarışıb bir-birinə. Harada görünüb ki, bir adam bir idarəyə 3 dəfə rəhbər təyin edilə. Bu adam yaxşı idisə, niyə vəzifədən uzaqlaşdırırdınız? Yaxud, pisdirsə, niyə təzədən vəzifəyə gətirirdiniz? Bəlkə, əxlaqına görə , 2-3 evi olduğuna, ya texniki şərt adı ilə hətta baş idarəyə də “atdığına” görə?
- Daha əvvəlki deyil e. Çax-çuxları azalıb.
- Heç inanmağım gəlmir. Məsələn, yaşadığım ərazidə bir ildən artıqdır ki, SİP kabel üçün dəmir dirəklər basdırıblar. Köhnə ağac və beton dirəklər də yanında göz dağı kimi dayanırdı, bu günlərdə bəzilərini yığışdırdılar. Guya yenisin quraşdırmağa pulları yox imiş. Adama deməzlər ki, pulunuz yoxdursa, bu bahalıq dövründə hər rayonda milyonluq ofisləri hansı pulla tikirsiniz, digər kef-damaqlarınızdan niyə qalmırsınız?
- Deyirəm, xalq qəfil oyana, belə murdarlara gücünü göstərə, bunlar onda bilərlər ki, şalvarındakı ləkə sarıdır, ya qırmızı.
- Sən deyənlər, məncə uzaq ölkələrdə baş verər. Bizim tərəfdə “din-iman” sahibi, pultla işləyəm “ziyalı” çoxdur. Bunların ucbatından bizimkilər qorxusundan belə bəd əməllərə qoşula bilməzlər.
- Ay-hay, sənə hacılardan, mollalardan elə şeylər danışaram, heç mıqq eləyə bilməzsən. El yolunda 5-10 manat xərcləməyə canı çıxan bəzi hacılar, hətta axundlar, murdar-murdar işlərə on min manatlarla pul xərcləyir, hətta məhkəmələrə düşürlər. Bir dəfə beynim qızacaq, yuxarıda üstüörtülü danışdıqlarımı, adbaad bu millətə çatdıracam, heç bilinməyəcək, aş hardadır, baş harda.
- Deyirəm, bu işlərin çoxu savadsızlıqdan irəli gəlir. Yəni camaatın kitab-jurnal almağa pulu yoxdur, ona görə savadsız olurlar.
- Necə pulu yoxdur ki, hər yas yerində salavat çəkdirmək üçün ayda hər arvad 4-5 manat (hər salavat 1 manatdan), 20-30 arvad 150-200 manat pul xərcləyir. Bu pula bilirsən, nə qədər kitab almaq olar?
- Bezdim e, bu söhbətlərdən. Digər millətlər elm və texnikadan möcüzələr yaradır, bizim kimilər isə yaltaqlıqda, iftira atmaqda ustalıqlarını artırırlar. O gün təsadüfən 2 şarlatanın söhbətini eşitdim. Biri deyir ki, filankəs bizə baxmır, bəlkə, ondan 4-5 şikayət məktubu yazaq. O birisi də deyir ki, məktuba vaxt sərf eləyən, buna görə poçta pul ödəyən kimdir e? Elə birdəfəlik şərləyib üzünə duraq, haqq-hesabımızı artıqlaması ilə alaq.
- Bacarıqlı adam hər şeydən, lap ölü milçəkdən də pul çıxarır. Məsələn, yeməkxanaya gedib yemək yeyir. Yeməyi qurtarana yaxın həmin ölü milçəyi atır nimçəyə. Nəinki xörəyə görə ondan pul almırlar, hətta lal olması üçün pul da verirlər.
- Yaxşı, vaxtımız qurtarır. Sənə 2 sual verim, söhbəti yekunlaşdıraq.
- De gəlsin.
- Birincisi. Məktəbdə çalışan qadın müəllimə analıq məzuniyyətinə çıxanda ən çox kim sevinir?
- Əlbəttə, özü, ailəsi.
- Onlardan da çox, həmin məktəbin direktoru sevinir. Çünki məzuniyyətə çıxan müəllimənin dərslərini kimə həvalə edirsə, həmin pulun yarısı direktora çatır. 4 ayı vur 200-250-yə. 4-5 qadın analıq məzuniyyətinə çıxsa, ən azı min manatı var. Qaldı ki, 2-ci suala, bu bir az xatalıdır. Onu oxucular da cavablandıra bilər. Qonşu rayonlarda İcra başçısının bir qadın müavini var, hər yerdə deyir ki, mən rayonumuzun 1-ci xanımıyam. Mən bilən, hər rayonun 1-ci xanımı orada çalışan İcra başçısının həyat yoldaşı olur. Belə olanda həmin xanım rayonun 1-ci xanımıdırsa...
Elcan Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10