Biz bu “cəza”ya çox yaxınıq
Cenub.az. Çoxlarına bəlli olduğu kimi həftə sonu, konkret olaraq 13-14, 15 iyun tarixlərində Masallının istirahət mərkəzlərində böyük tünlük yaşanıb. Belə ki, Bakıdakı, eləcə də digər şəhərdəki qadağalardan qaçanlar şimal və cənub bölgələrinə, o cümlədən Masallıdakı turist mərkəzlərinə üz tutublar. İyunun 14-də artıq heç bir istirahət məkanındakı otaqlarda boş yer qalmayıb. Qiymətlər bəzi yerlərdə 2 dəfəyədək qalxıb. Ən bərbad, yayın qızmar günlərində belə müştəri qıtlığı çəkən, otaqlarının bəzisi bərbad gündə olan məkanların belə “bəxti açılıb”. Bütün bunlara baxmayaraq bəzi qonaqlar maşınlarında gecələməli olub. Əhalinin sıx olduğu turist məkanlarında pandemiya qaydaları gözlənilməyib.
Növbəti gün Bakının girişindəki kilometrlərlə uzanan maşın karvanının sıxlığı da bunun aydın təzahürü olub.
Növbəti həftə bu mənzərənin daha kütləvi forma alacağından ehtiyatlanan hökumət qabaqlayıcı tədbirlər görməyi planlaşdırır. Sərt karantin qaydalarına məruz qalacaq rayonlar içərisində Masallının adı öndə çəkilir. Necə deyərlər, sağ və solunda, Lənkəran və Salyanda belə qaydaların artıq tətbiq olunduğunu, eləcə də turist məkanlarının çoxunun Masallıda yerləşdiyi nəzərə alsaq, narahatçılıq göz qabağındadır.
Hökmətin qərarı isə bu gün və ya sabah aşkarlanacaq.
Turan Alisoy . Cenub.az