Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əli NƏCƏFXANLI



Kəpənəyi oldum, arısı oldum,
Güllər gəncliyimi alıb apardı.




APARDI


Zaman dedikləri alıcı quşdu,

İllər gəncliyimi alıb apardı.

Sandım ki, başımdan papağım uçdu,

Yellər gəncliyimi alıb apardı.


Dəyişə-dəyişə ayrısı oldum,

Sözə könül verdim, sayrısı oldum...

Kəpənəyi oldum, arısı oldum,

Güllər gəncliyimi alıb apardı.


Bilməzdim qocallam, düşər rütbələr,

Sevinc tək-tək olar, qəm cüt-cüt gələr.

Alçaq badalaqlar, xain fitnələr,

Fellər gəncliyimi alıb apardı.


Başımın üstündə bitdi qocalıq,

Həmən qanadımı ütdü qocalıq.

Üzümü torpağa sürtdü qocalıq,

Sellər gəncliyimi alıb apardı.
***
YAXALANARIQ
Məni huş aparar, səni qan tutar,
Hərəmiz bir yolla yaxalanarıq.
Fələyin yazdığı bəxtin altına
Çəkdiyimiz qolla yaxalanarıq.

Canı ceviz kimi ləpələyərik,
Günahı üst-üstə təpələyərik.
Ömrü sağa-sola səpələyərik,
Gah sağla, gah solla yaxalanarıq.

Başdan məhəbbətin havası getməz,
Səfası sovular, cəfası getməz.
Qönçə çiçəklərə əlimiz yetməz,
Tikanlı bir kolla yaxalanarıq.

Bir gün ölməyə də yaşımız düşər,
Divarımız qopar, daşımız düşər.
Kəkliyimiz azar, başımız düşər,
Dua deyər molla – yaxalanarıq.
***
BƏZİ KİŞİLƏR
Çox dilli-dilavər kişilər var ki,
Dinib danışmırlar yeri gələndə.
Kolun arxasına dovşansayağı
Sinib danışmırlar yeri gələndə.

Söhbətə başlayıb yaxşı-yamandan,
Misal da çəkirlər Sahib-zamandan.
Amma nə sirdisə, dindən, imandan
Dönüb danışmırlar yeri gələndə.

Səngərə çevirib dalanı, tini,
Atəşə tuturlar şeytanı, cini...
Külək hardan əsir, bilirlər yəni -
Sönüb danışmırlar yeri gələndə.

Elə qızırlar ki şöhrətə, taca,
Dönürlər yuxanı yandıran saca.
Ar-ayıb demədən lap ayağacan
Enib danışmırlar yeri gələndə.
***
ELÇİLİK
Qapı açdıq, qarşılayan olmadı,
Mehribanlıq aşılayan olmadı,
Bu təşrifi “yaxşı”layan olmadı,
Aman Allah, nə uğursuz güzardı.

Görüşdülər soyuq-soyuq, əlucu,
Keçin görək, söylədilər dilucu.
Bəri başdan anlatdılar son ucu,
Səhvimizi başa düşdük, qızardıq.

Dinən kimi ağzımızdan vurdular,
Varlı-kasıb məhkəməsi qurdular.
Çığırdılar, bağırdılar, hürdülər,
Sözümüzə yaraşmadı sözardı.

İstəyiniz xam xəyaldı, dedilər,
Uzlaşarmı alilərlə adilər?!
Başımızın lap ətini yedilər,
Elə bil ki, qız evi yox, bazardı.

Çaşıb qaldıq bu dərsdən, bu hesabdan,
Kor-peşiman geri döndük biz “ov”dan.
Bəyə dedik, baş tutmadı bu sevdan,
O da dönüb üstümüzə bozardı.
***
İT BOYDA PİŞİK, PİŞİK BOYDA İT
Yenə bir ağızdan verdi səs-səsə
İt boyda pişiklə pişik boyda it.
Mağıl dincələrdik bir az həsləsə
İt boyda pişiklə pişik boyda it.

Boğuşa-boğuşa bir böyüyübdü,
Bəslənə-bəslənə kür böyüyübdü,
İndi darlıq edir yer – böyüyübdü
İt boyda pişiklə pişik boyda it.

Davaya qaşınır, gicişir elə,
Ağnaşır, çeynəşir, didişir elə.
Sanki biri qurddu, biri şir elə
İt boyda pişiklə pişik boyda it.

Bunlar - cinsipozuq, qudurğan, qanıq,
Şivən qoparınca qaynayır qanı.
Nə gecə anlayır, nə səhər qanır
İt boyda pişiklə pişik boyda it.

Başımız, beynimiz dağılıb daha,
Bitsin bu it-pişik nağılı daha.
Bəhəm eyləməz ki, ağılı daha
İt boyda pişiklə pişik boyda it.

Demirəm, işini bitirin, getsin,
Aparın, azdırın, itirin, getsin.
Havayı veririk, götürün, getsin
İt boyda pişiklə pişik boyda it.
***///***





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10