Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zorlandığı üçün 8 əsgər yoldaşını güllələyən və həbsxanada yatmayan Sakalauskas – Qatarda qisas


Sovet ordusunda uzun illər həqiqi hərbi xidmətdə olan əsgər və serjantlar arasında “dedovşina” adlı rejim hökm sürüb. Heç bir hərbi nizamnamə ilə tənzimlənməyən “dedovşina” qanunlarına görə, daha çox xidmət edənlər yeni çağırışçıların, az xidmət edənlərin üzərində mütləq hakimiyyətə malik olublar. Bu münasibətlər işgəncələrlə, qidadan və yuxudan məhrum olunmaqla, alçaldıcı əməllərlə müşayiət olunub. Xüsusilə, 1960-cı illərdən başlayaraq “dedovşina” rejimi sovet ordusunun hərbi hissələrində daha geniş vüsət alıb. Sözsüz ki, bu cür qeyri-qanuni münasibət forması bəzən böyük cinayət və faciələrə də səbəb olub. 1987-ci ilin fevral ayında baş verən hadisə kimi...
Hadisədən beş gün sonra, 1987-ci ilin fevralın 28-də Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov ölkənin ən yüksək vəzifəli hərbçilərini Kremlin iclas zalına toplayıb. “Cəza xalçası”nın üstünə isə SSRİ-nin daxili işlər naziri general-polkovnik Aleksandr Vlasov və daxili qoşunların komandanı general-polkovnik Yuri Şatalin dəvət olunub. Qəzəbli görünən Qorbaçov müşavirəni generallara müraciətlə başlayıb:
- Siz ütülü general mundirləri geyinib isti kabinetlərinizdə mürgülüyəndə, tabeliyinizdə olan hərbi hissələrin əsgərləri bir-birini zorlayıb, sonra da güllələyirlər.

Maraqlıdır, hansı hadisə Qorbaçovun qəzəblənməsinə səbəb olub? General-polkovnik rütbəsi daşıyan iki yüksəkçinlini hansı hadisə “xalça” üzərinə gətirib?
23 fevral 1987-ci ildə Leninqrad-Novosibirsk marşrutu ilə hərəkət edən 934 nömrəli poçt-baqaj qatarı Leninqraddan Novosibirskə istiqamət alıb. Qatara dustaqları aparan xüsusi vaqon da qoşulub. Dustaqlar Novosibirskdə təhvil verilib və həmin vaqon bir nəfər bələdçi və 8 konvoyla geriyə, Leninqrada boş qayıdıb. Bələdçi mülki şəxs, konvoylar isə daxili qoşunların hərbçilərindən, bir gizir (praporşik), bir serjant və 6 sıravi əsgərdən ibarət olub. Qeyd edək ki, daxili qoşunlar SSRİ Daxili İşlər Nazirliyinin strukturuna daxil idi.
Vaqonda yolboyu əsgər yoldaşları tərəfindən 3-4 ay əvvəl xidmətə çağrılmış əsgər Arturas Sakalauskasa qarşı alçaldığı hərəkətlər, işgəncələr tətbiq edilib. Əsgər yoldaşları və karaul rəisi praporşik Pilipenko stansiyaların birində əldə etdikləri spirtli içkilərin qəbulundan sonra daha da azğınlaşıblar.

Gecə saatlarında isə iki əsgər vaqonun tualetində onu zorlayıb. Bu hərəkət Arturas Sakalauskasın psixoloji durumuna ciddi təsir edib və o, nəyin bahasına olursa-olsun qisas almaq üçün fürsət axtarıb.
Səhərə yaxın Sakalauskas tualetə gedəndə karaul rəisinin kupesinin qapısının açıq olduğunu, özünün isə yatdığını görüb. Kupedə yerləşən dəmir silah qutusu isə açıq olub. Sakalauskas kupeyə keçərək dəmir qutudan iki tapança və bir neçə güllə darağı götürüb, kupenin qapısını bağlayıb, praporşik Pilipenkonu iki güllə ilə öldürüb. Daha sonra o, kupedən çıxaraq vaqonun baş tərəfindəki konvoylar üçün nəzərdə tutulan kupeyə yaxınlaşıb və kupedəki 5 nəfər konvoyu da yerindəcə güllələyib. Bələdçinin kupesində olan bir konvoy və bələdçi atəş səsinə çıxanda Sakalauskas onları da 4-5 atəşlə öldürüb. Bu ərəfədə qatar Leninqraddan 344 kilometr məsafədə olan Babayevo stansiyasına yaxınlaşıb.

Sakalauskas praporşik Pilipenkonun hərbi formasını geyinib, saatını, pullarını və bir ədəd tapança götürüb stansiyada düşüb. O, yaxınlıqdakı qəsəbədə orta yaşlı bir qadının evində bir günlük otaq kirayə edib. Ev sahibəsi yatdıqdan sonra Sakalauskas evdə olan kişi paltarlarını götürüb aradan çıxıb və Leninqrada yollanıb. Sakalauskas öz doğma vətəninə, Litvaya qaçmağı planlaşdırıb.
O, planlar cızdığı vaxt qatar Leninqrada çatıb. Saatlarla dustaq daşıyan vaqonun qapılarının açılmaması dəmiryol işçilərinin şübhəsinə səbəb olub. Hüquq-mühafizə orqanları əməkdaşlarına bu haqda məlumat verildikdən sonra, onların iştirakı ilə qapılar açılıb. Vaqonda 8 meyid aşkar olunub.
Hadisə ilə bağlı dərhal cinayət işi açılıb, istintaqa peşəkarlar cəlb olunub. Qorbaçovun yenidənqurma və aşkarlıq siyasəti dövründə kütləvi informasiya vasitələrində hadisə sürətlə tirajlanmağa başlanıb. Məsələ ilə bağlı Kreml məlumatlandırılıb. Qorbaçov baş vermiş cinayət üzrə aparılan istintaqa şəxsən nəzarət edib. Əsgər Anaları Komitəsi sərt bəyanatlarla çıxış ediblər.

İstintaqın ilk saatlarından cinayətin məhz Sakalauskas tərəfindən törədilməsi müəyyənləşib. Onu axtarışa veriblər, Sakalauskasın şəkilləri Moskva və Leninqradda küçələrə, meydanlara, vağzallara vurulub.
Sakalauskas Litvaya keçməyini bir neçə gün ləngidib. Üç gün Leninqradda sərbəst gəzdikdən sonra o, küçələrdə öz şəkillərinə rast gəlib. Bundan sonra o, Litvaya yalnız qeyri-qanuni yollarla keçə biləcəyini mümkün sayıb. Amma planlarını həyata keçirə bilməyib. O, Leninqradda 47 saylı marşrurtda olarkən, sərnişinlərdən biri gördüyü şəkillərdən onu tanıyıb, növbəti dayanacaqda milis patrulu çağırıb. Sakalauskas silahlı olmasına baxmayaraq milislərə müqavimət göstərməyib.

Tibbi ekspertlər Sakalauskasın zorlanma faktını təsdiq ediblər. Həmçinin onun psixoloji durumunda problemlər də aşkarlanıb. Məhkəməyə hələ xidmətinin ilk ayında Sakalauskasın hərbi hissə rəhbərliyinə ünvanladığı bir neçə məktub da təqdim olunub. Həmin məktublarda o, daha çox xidmət etmiş əsgətlər tərəfindən incidildiyini və xidməti yerinin dəyişdirilməsi ilə bağlı hərbi hissə komandirinə müraciət edib.
Bir neçə ay davam edən məhkəmə yuxarıdakıları nəzərə alaraq Sakalauskası psixi xəstəliklər dispanserinə məcburi müalicəyə göndəriblər. SSRİ süquta uğradıqdan sonra isə Litva öz vətəndaşını Rusiyadan geri qaytarıb. Beləliklə, Sakalauskas “dedovşina” rejiminə görə güllələdiyi 8 nəfərə görə bir gün də olsun həbsxanada cəza çəkməyib.
Sakalauskasın gələcək taleyi məlum olmayıb. Kimlərsə onun Kaunas ətrafındakı qəsəbələrin birində yaşadığını söyləyib. Digərlərinin söylədiklərinə görə isə, o, Litvaya qayıtdıqdan sonra xəstəxanada vəfat edib. Dəqiq fakt isə odur ki, sovet ordusunda hökm sürən “dedovşina” rejimi çoxlarının taleyinin üstünə beləcə qara xətlər çəkib.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10