Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlıdan prezidentə sensasion məktub: "Qazı təkcə siz keçən əraziyə çəkdilər" - FOTOLAR


"Bizi rüşvətxor, yalançı, saxtakar, qanundan, cəzadan, hətta Allahdan belə qorxmayan məmurların əlindən xilas edin"



Yardımlı rayonunun bir qrup sakini rayonda hökm sürən məmur özbaşınalığından şikayət edirlər. "BakuPost"un redaksiyasına bununla bağlı rayonun Köryədi kəndinin 69 sakini tərəfindən imzalanmış məktub daxil olub. Məktubu imzalayan şəxslər səslərini Prezident İlham Əliyevə çatdırmağımızı xahiş edirlər.

Sözügedən məktubun mətnini təqdim edirik:

“Hörmətli Prezident!
Əvvəlcə qeyd etmək istəyirik ki, Yardımlının Köryədi kəndi rayon mərkəzi ilə birləşdirilib və rayondakı dövlət əhəmiyyətli müəssisələrin binaları - Rayon Polis Şöbəsi, Yol İdarəsi, yeni Olimpiya Kompleksi bu kəndin ərazisində yerləşir. Buna baxmayaraq, kəndimiz könüldən iraq qalıb. Kənd sakinləri illərdir bir sıra problemlərlə üz-üzədirlər ki, bunların da ən başlıcası qazsızlıq, susuzluq və yolsuzluqdur. Rayonun ən ucqar kəndlərinə asfalt yol çəkildiyi halda, mərkəzdə olan Köryədi kəndinin yollarına asfalt örtüyü döşənmir. Həmçinin, kənddəki 120 evə maye qaz çəkilsə də, 180 ev hələ qazlaşdırılmayıb.

Cənab Prezident!
2007-ci ildə kəndimizə qaz çəkildi və Siz şəxsən həmin açılışda iştirak etdiniz. Ancaq o dövrdə rayona rəhbərlik edən şəxslər Sizi aldatdılar. Belə ki, kəndin yalnız sizin görə biləcəyiniz hissəsinə qaz çəkilmişdi. O vaxt həmin məmurlar bizə bildirdilər ki, kəndin qalan hissəsi də qazlaşdırılacaq. Ancaq həmin müddətdən sonra rayonda 5 icra başçısı dəyişsə də, dərdimizə çarə edən olmadı. Gələn icra başçıları ancaq öz mənafelərini düşündülər, bizlər yaddan çıxdıq. Dəfələrlə Sizin adınıza şikayət ərizələri ilə müraciətlər etsək də, məktublarımızın Sizə yetişməsinə imkan vermədilər. İndi də şikayətlərimizə baxan yoxdur, bəzi mənbələrdən bizə bildirirlər ki, kəndimiz “Azəriqaz”da tam qazlaşdırılmış kimi göstərilib. Belə anlaşılır ki, kəndin tam qazlaşdırılması üçün ayrılmış vəsaiti kimlərsə mənimsəyib.

Möhtərəm Prezident!
Çox acınacaqlı vəziyyətdəyik, bir maşın odunu 300 manata alırıq, artıq həm meşələr tükənib, həm də oduna verməyə pulumuz. Avropaya qaz verən Azərbaycanın öz əhalisi “qaz” deyə fəryad edir. Sizdən üzləşdiyimiz bu dözülməz vəziyyəti nəzərə almağınızı, kənd sakilərinin problemlərinə biganəliyin səbəblərinin ciddi araşdırılması üçün tapşırıq verməyinizi xahiş edirik. Xahiş edirik ki, bizi rüşvətxor, yalançı, saxtakar, qanundan, cəzadan, hətta Allahdan belə qorxmayan məmurların əlindən xilas edəsiniz.

Cənab Prezident!
Biz mənən ölü kimiyik, nəinki yolumuz, suyumuz, qazımız, heç hüququmuz, azadlığımız, söz haqqımız belə yoxdur. Ya bizə sahib çıxın, ya da başqa ölkəyə deportasiya edin. Həmçinin xahiş edirik ki, şikayətimiz araşdırılması üçün Yardımlı Rayon İcra Hakimiyyətinə göndərilməsin. Çünki ancaq yerli məmurların hədə-qorxusuna tuş gələcəyik”.
Yardımlıdan prezidentə sensasion məktub: "Qazı təkcə siz keçən əraziyə çəkdilər"  - FOTOLAR
Yardımlıdan prezidentə sensasion məktub: "Qazı təkcə siz keçən əraziyə çəkdilər"  - FOTOLAR
Yardımlıdan prezidentə sensasion məktub: "Qazı təkcə siz keçən əraziyə çəkdilər"  - FOTOLAR
Yardımlıdan prezidentə sensasion məktub: "Qazı təkcə siz keçən əraziyə çəkdilər"  - FOTOLAR





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10