Bu şikayətimdə yazıb sizə bildirirəm ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qoçuluqla, özbaşınalıqla məşğul olur. O, bu cür qanunsuz əməlləri icra başçısı Əhəd Abıyevin göstərişi ilə edir.
27.05.2020-ci il tarixdə yay mövsümünün gəlişi ilə əlaqədar olaraq öz köçümü yaylağa apararkən Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Namiq Süleymanov rayonun giriş postunda bizi qanunsuz olaraq saxlatdırdı. Mən Daşkəsən rayon icra hakimiyyəti tərəfindən 04.05.2020-ci il tarixdə yaylaq ərazisində torpağın icarəyə verilməsi ilə bağlı müqaviləni ona təqdim etdim.
Buna baxmayaraq Namiq Süleymanov mənə dedi ki, sözügedən yaylaq icra başçısı tərəfindən Qaraşov Nofəl Bahadur oğluna məlum qiymətə satılıb. Bu yuxarının göstərişidir, sizi buraxa bilmərəm. Hətta, icra başçının müavini məni saatlarla gözlətməli oldu. Köç avtomobilində 7 nəfər azyaşı uşaq olmaqla, 14 nəfər səhər saat 06:00-dan saat 16:00-a kimi ac-yalavac qızmar günəşin altında saxlanıldı. Namiq Süleymanov bizə olmazın əziyyəti yaşatdı. Hələ bu azmış kimi həmin vaxt azyaşlı nəvəm Atayev Yusif Nurlan oğlunu avtomobil vuraraq, ona ağır bədən xəsarəti yetirdi. Hazırda baş verən yol qəzası ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi qaldırılaraq istintaq aparılır.
Törədilən həmin yol-nəqliyyat hadisəsinin bir başa baiskarı icra başçısının "Yaylaq biznes”inə baxan müavini Namiq Süleymanovdur.
Sual edirəm ki, hansı qanunvericilikdə yazılıb ki, icra başçısnın müavini köç maşınlarını saatlarla saxladıb onlara olmazın işgəncə versin? Axı bu cür hallar Daşkəsəndə baş verən ilk hal deyil. Bu rayonda özündənrazı, korrupsiyaya qurşanmış icra başçısı Əhəd Abıyevin "mükəmməl idarəetmə”si sayəsində məmur özbaşınalığı ən pik həddə çatıb.
Çox hörmətli cənab Prezident, Sizcə digər rayonlarda olduğu kimi Daşkəsənə də "dur” demənin vaxtı deyilmi?
Həmin günü baş vermiş yol-nəqliyyat hadisəsinin bir başa günahkarı bizi saatlarla orada saxlatdıran Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanovdur
Mən mətubat vasitəsi ilə hörmətli Baş Prokuror cənab Kamran Əliyevdən xahiş edirəm ki, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanovun baş verən cinayət hadisəsi ilə bağlı qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verəsiniz.
Atayev Zabil Mansır oğlu,
məcburi köçkün
Kainat.tv