Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda “zərərli” saytları bloklamaq üçün anonimayzerləri bağlamaq istəyirlər



Ali Məhkəmənin Plenumu nazirliyin bu tələbini əsaslı hesab etdiyindən əvvəlki bütün qərarları ləğv edib, işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib.

 

Azərbaycanda anonimayzerlər – ölkədə bloklanmış saytlara – “Meydan” TV, “Azadlıq” radiosu, “Azadlıq” qəzeti, “Turan” TV və “Azərbaycan saatı” giriş imkanları yaradan proqramlar bağlana bilər .

“Meydan” TV-nin məlumatına görə, Ali Məhkəmənin Plenumu bu qərarı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kassasiya şikayəti əsasında çıxarıb.

İlk dəfə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hələ 2017-ci ilin aprelində Azərbaycanda adı çəkilən beş saytın bloklandığı zaman anonimayzerlərin bloklanmasını məhkəmədə tələb etmişdi. Səbayel Rayon Məhkəməsi iddianın bu hissəsini təmin etməmişdi, Bakı Apellyasiya və Ali Məhkəmə isə qərarı qüvvədə saxlamlşdı. Üç il sonra nazirlik bu məsələni yenə qaldırıb və Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verib.

Xatırladaq ki, sözügedən saytlar Azərbaycan hakimiyyətinin siyasətini kəskin tənqid edirlər. Məhz bu səbəbdən onlar ölkə ərazisində bloklanıb. Lakin bu resurslar Facebook və Youtube-da uğurla fəaliyyət göstərir, buna görə anonimayzerlərin bloklanması arzuedilən nəticəni verməyəcək.

Media sahəsidə hüquqşünas Xalid Ağəliyev hesab edir ki, Rabitə Nazirliyi bloklamanın arealının daha da genişləndirilməsini tələb edir. 2017-ci ildə nazirlik 5 resursun bloklanması üçün məhkəməyə müraciət edəndə iki tələb irəli sürmüşdü. Tələb edilirdi ki, həm 5 sayt, həm də onların Facebook və Youtube səhifələri bloklansın, habelə, həmin saytların materiallarını yayan saytlar bloklansın.

Həmin vaxt məhkəmələr yalnız birinci tələbi təmin etdilər, 5 medianın saytı blok edildi. İndi ikinci tələbin də təmin edilməsi istənilir. Ali Məhkəmənin Plenumu nazirliyin bu tələbini əsaslı hesab etdiyindən əvvəlki bütün qərarları ləğv edib, işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib.

Hazırda saytların bloklanmasından cameleo.xyz , NoBlockMe.ru, daidostup.me, www.sostav.ru , browsec və başqaları vasitəsilə yan keçmək mümkündür.

Digər ölkələrdə anonimayzerlərin bloklanması praktikası uğursuz olub.  (Turan İA)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10