Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Maska taxmaq cəriməsi gəlir; apteklərdə ajiotaj başladı


Koronavirusa yoluxanların sayının kəskin çoxalması, ictimai nəqliyyatda maska məcburiyyəti və yeni qanun layihəsi alıcıların sayını birə-beş artırıb

Tibbi maska taxmayanları cərimə gözləyir deyə, Bakıda maska taxanların sayı artıb. “Yeni Müsavat” üçün reportaj hazırlayarkən həm şəhərdə maska taxanların çoxaldığını gördük, həm də apteklərdə son günlər maska satışının artdığını öyrəndik.
Parlamentdə maska taxmamağa görə cərimə tətbiq olunması barədə qanun layihəsinin ilk oxunuşdan keçməsi və böyük ehtimalla təsdiqlənəcəyi indidən insanlarda məsuliyyət hissini artırıb.
Bir müddətdir ki, maska taxanların sayı azalmışdı. İnsanlarda arxayınlıq yaranmışdı və karantinin tamamilə yumşalması belə təəssurat yaratmışdı ki, maskaya ehtiyac qalmayıb.
Lakin son 10 gündə koronavirusa yoluxanların sayının kəskin artması, ölü sayında artım əhalini həyəcanlandırıb. Ən əsası isə maska taxmamağa görə 50 manat cərimə qərarı yaxınlaşır deyə insanlar apteklərə axışaraq maska alırlar.
Aptek əczaçıları da təsdiqləyirlər ki, son vaxtlar maska alanların sayı çoxalıb. Metroda maska məcburiyyəti, avtobuslarda maska taxmaq tələbi də satışa təsir edib.
Hazırda apteklərdə maskanın qiyməti dəyişməz olaraq qalır və 30 qəpiyə satılır. Lakin bununla belə, Bakıda bir çox apteklərdə maska olmamasının, bəzilərində limitlə satılmasının da şahidi olduq. 
Əczaçılar deyirlər ki, hava şəraiti maska taxmağı çətinləşdirir.
Buna baxmayaraq, insanlar karantinin sərt dövründə olduğu kimi yenidən maska taxmağa üstünlük verirlər. Eyni zamanda spirt alanlar da artıb.
Satıcılar deyirlər ki, maska taxmamaq səbəbindən cərimə tətbiqinə başlansa, apteklərdə alıcıların sayı daha da artacaq.
“Heç kəs 30 qəpiyə görə 50 manat cərimə olunmaq istəməz. Bunu da millətin sağlamlığı üçün edirlər. Nə qədər karantin yumşalsa da, yoluxma artır. Hər gün 200-dən çox yoluxma var”, - deyə əczaçı söylədi.
Şəhərdə müşahidələr apararkən da maska taxanların çox olduğunu gördük. Onların bəziləri məlumatsızlıqdan irəli gələrək cərimə olunacaqlarını düşünüb maska taxırlar və qanunun hələ qəbul edilmədiyini, qüvvəyə minmədiyini bilmirlər.
Bəzi adamlar isə virus təhlükəsinin getdikcə genişləndiyini fikirləşərək maska taxmaqla özünü qoruduğunu hesab edir. Söhbətləşdiyimiz paytaxt sakinləri arasında bir qrupu belə qənaətdədir ki, ictimai nəqliyyatda maska taxmaq vacibdir. Onların sözlərinə görə, insanlarda məsuliyyətsizlik var.
“Televiziyalar dönə-dönə xəbərdarlıq elədi, həkimlərin danışmaqdan dili qabar oldu, dövlət rəhbəri neçə dəfə millətə çağırış etdi ki, arxayınlaşmaq olmaz, virus var və maska taxmaq lazımdır.
Ancaq camaata baxırdın ki, vecinə almırdı. İndi yoluxmanın artdığını görürlər, istər-istəməz qorxuya düşüb maska alırlar.
Həm də eşidiblər ki, 50 manat cəriməsi var, ona görə tez-bazar maska alıb taxırlar. Bizi belə idarə etməsən düzəlmir də..." -  Bakı sakini Nuriyyə Səlimova belə deyir.
Onun fikrincə, karantin yumşalsa da, koronavirus qurtarmayıb: “Hələ də karantindir. Bizə lazımdır ki, gərək evə yığsınlar, küçəyə çıxmaq olmasın, onda başa düşsünlər. Havalar yaxşı keçir, milləti bu qədər evdə saxlamaq da olmur. Ona görə gərək özümüzü qoruyaq, maska taxaq”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
Dəyişikliyə əsasən, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Müzakirələrdən sonra Milli Məclis qoruyucu maskadan istifadə etməyənlərin cərimələnməsini nəzərdə tutan qanun layihəsini ilk oxunuşda qəbul edib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Fotolar müəllifindir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10