Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. İcra Başçısının kartof yığmasının reklam olunması yaxşıdır, ya pis?


Sözümüzün Mustafası odur ki, belə ucuz şoularla rəhbəri dilə-dişə salmayın. Bundansa onun 6 aylıq fəaliyyəti barədə 4-5 dəqiqəlik babat video-çarx hazılansaydı daha effektli olardı.


10 gün öncə Masallıya gəlişinin 6 ayı tamam olan Masallı RİH Başçısı Şahin Məmmədovun sahədə əməkçilərlə birgə kartof yığması həm Masallı-ih.gov.az və ölkənin kifayət qədər tanınmış demokrat.az, Yenisabah.az, pravda.az və digər saytlarında və FB şəbəkəsində (hiss olunur ki, ortada gizli bir əlin izi var) bir neçə gözəl görüntülü foto şəkillərlə reklam olundu.

Bu yaxşıdır, ya pis? Pisdirsə, niyə paylaşırlar? Yaxşıdırsa, bəziləri niyə ironiya ilə yanaşırlar?
Yaxud bununla nə demək istəyirlər?

Bu sualları cavablandırmadan öncə xatırladaq ki, Şahin Məmmədovun Masallıya təyinat aldığı son 6 ayda kiçik qüsurlar istisna olmaqla əhalinin ciddi narazılığına və qıcığına səbəb olacaq elə bir hərəkatı olmayıb. Əksinə, əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi bir sıra yaxşı işlərə imza atıb – Köhnə bazar yolunun asfaltlanması, Yeni il şənliyinin daha orijinal təşkili, kəndarası yollara bir neçə yüz maşın çınqıl döşənilməsi, minlərlə ağac əkilməsi və sair və ilaxır.

Lakin hörmətli Şahin müəllimin “xüsusi təyinatlı” təbliğatçıları onun təbliğini təşkil edərkən mövcud olanlardan çox, kinayə doğracaq məqamları ölkə miqyasında yaymağa cəhd edirlər. Məsələn, şəhərdə məhəllələr arasında maska paylanlaması, yaxud, icra başçısının kartof yığımı məsələsi. Nə fövqalədə hadisə baş verib ki?

Nəzərə alsaq ki, görüş 28 mayda, Müstəqillik Bayramı, qeyri iş günündə baş verib, onda qəribə suallar yaranır. Axı, cənab prezident İlham Əliyev dəfələrlə deyib ki, heç kimi 8 saatdan artıq işlətmək olmaz, nəinki bayram günlərində. İşləməyə məcbur olsalar belə, əmək haqları 2 qat ödənilməlidir. Yaxud, belə əziz bayram günlərində onlara katof yığdırılmamalı hədiyyələr verilməli idi.

Daha onu demirik ki, icra başçısından başqa oradakılar hamısı maska taxmışdı.

Sözümüzün Mustafası odur ki, belə ucuz şoularla rəhbəri dilə-dişə salmayın. Yuxarıda dediyim kimi, onun daha yaxşı işləri var. 6 aylıq fəaliyyəti barədə 4-5 dəqiqəlik babat video-çarxı hazılansaydı daha effektli olardı.

Məsələn, bir Masallı sakini kimi mənə çox maraqlı olardı ki, İcra Başçısı canlı yayıma çıxıb, rayon əhalisinə məlumat verərdi ki, bu il Masallıda hansı quruculuq işləri aparılacaq. Əsas hədəfləri nədir və sairə. Yaxud, bir ideya müsabiqəsi elan edib, bununla bağlı mükafat təsis edib, əhalinin əsas maraqlarını öyrənərdi.

Yeri gəlmişkən Şahin müəllimin kadr siyasəti barədə də sual, mübahisə  doğuracaq maraqlı məqamlar var. Bəsiləri belə hesab edir ki, Masallı icra hakimiyyətinin indiki komandası heç vaxt belə zəif və alayarımçıq olmayıb. Lakin bizə çatan məlumata görə, yaxın həftələrdə bu sahədə ciddi addımlar atılacaq. Onu görə, bir qədər də gözləyək. Yəqin ki, təcrübəli bir rəhbər kimi o, bu sahədə də maraqlı gedişlər edəcək və biz də müşahidələrimizi sizinlə paylaşacağıq.
Cenub. Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10