Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Təəssüf ki, belə korrupsionerlərin simasında Sirus Təbrizlinin məşhur ifadəsi öz təsdiqini tapdı…”


“Cənab Prezident, bu cür erməni xislətli partiya üzvləri və məmurlardan dövlətin, millətin yaxasını qurtarın…”
“Mən klassik heydərçi və YAP-çı  kimi daim saxtakarlığın da, korrupsiyanın da əleyhinə olmuşam və son nəfəsimədək belə də davam edəcəm...”


“Həmişə Yeni Azərbaycanı təmsil edən nazir, icra başçısı, rəis və s. şəxslərin kütləvi şəkildə korrupsiyaya bulaşması haqda xəbərləri oxuyanda, eşidəndə yadıma Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə həmin partiyanı minbir əziyyətlə yaradanlardan biri olan rəhmətlik Sirus Təbrizlinin  Milli Məclisdə söylədyi məşhur bir ifadə düşür....  Təəssüf ki,  belə korrupsionerlərin simasında rəhmətlik  YAP qurucusunun ifadəsi öz təsdiqini tapdı…”

Bu fikri Moderator.az-a açıqlamasında son dövrlərdə ölkədə əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının üzvləri olan nazir, icra başçıları, rəislər, direktorlar və digər məmurların rüşvətxorluq və korrupsiya əməlləri ilə bağlı işdən azad olunması və həbsi mövzusunda danışan,   Heydər Əliyevin yaxın silahdaşlarından, məşhur “91”-lərdən olan YAP-ın qurucularından, partiyanın ilk Siyasi Şura üzvlərindən biri, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, Fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov söyləyib. 

“Ölkədə baş verən bütün saxtakarlıqların, korrupsiyanın əsas səbəbkarı Yeni Azərbaycan Partiyası rəhbərliyində təmsil olunaraq yalnız öz şəxsi mənafelərini güdməklə partiyanın Ulu Öndərin müəyyən etdiyi kursdan uzaqlaşdırılmasına cəhd edən şəxslərdir. Onların  bu cür səbatsız, mənəviyyatsız siyasətini mən öz həyati təcrübəmdə də yaşamışam... 2005-ci ildə doğulduğum Balakən rayonundan  Milli Məclis üzvlüyünə namizədliyimi irəli sürərkən səslərin çoxunu topladığım halda tam əsassız olaraq  nə bu xalqa, millətə,  nə  həmin regiona, nə də partiyamıza dəxli olan birinin deputat seçilməsinə şərait yaradan da məhz onlar oldu. Bundan sonra seçkilərin nəticələrindən narazı qalmış namizədlərin geniş müşavirəsində çıxış edərək bildirdim ki, mən klassik heydərçi və YAP-çı  kimi qəti olaraq saxtakarlığın  əleyhinəyəm... Həmin çıxışım ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi... 

O seçki zamanı Balakən rayonunda açıq-aşkar saxtalaşdırma faktları əlimdə idi. Bu haqda Prezidentə də məlumat verdim və bundan sonra rayon başçısı vəzifədən azad edildi. Bir müddət sonra isə  mənim əvəzimə saxta yolla seçilmiş,  nə bu xalqa, millətə,  nə  həmin regiona, nə də partiyamıza dəxli olan həmin şəxsə korrupsiya əməllərinə görə 14 il 6 ay iş verdilər və bacanağı Cahangir Hacıyevlə birgə hazırda da həbsdə yatır... 

Bu gün də təkrar edirəm ki, mən klassik heydərçi və YAP-çı  kimi saxtakarlığın da korrupsiyanın da əleyhinə olmuşam və bundan sonra da son nəfəsimədək buna davam edəcəm...”- deyə Əsədulla Qurbanov bildirib.

“Onu da deyim ki, bu gün korrupsiya, rüşvətxorluqla bağlı həbs edilən icra başçıları və digər yüksək vəzifəli məmurlar da  həmin postlara hakim partiyadakı seçkilərin saxtalaşdırılmasına şərait yaradanların diqtəsi ilə, təqdimatıyla  təyin olunanlardır. Ləyaqətsiz, səriştəsiz, sərçə təfəkkürlü, ayı təbiətli   erməni xislətli həmin məxluqlar da vəzifəyə keçən kimi nə xalqı, nə dövləti, nə  Ulu Öndərin və YAP-ın aparıcı ideyalarını, nə Prezidenti nəzərə almadan yalnız nəfslərini doyurmaqla, xalqı, bölgələri çapıb-talamaqla məşğul oldular. Nəticəsi də göz qabağındadır... 

Düzdü, möhtərəm Prezidentimiz son illər güclü kadr islahatlarına başlayıb, amma partiya rəhbərliyindəki məlum şəxslər yenə də dövlət başçısının etibarından sui-istifadə edərək  nazirliyə, başçılığa layiq olmayan şəxsləri təqdim edirlər. Kadrlar isə hər şeyi həll edir... Mən  Ulu Öndər Heydər Əliyevin ideologiyasını, cənab Prezidentimizin də kadr siyasətinin  ağıllı məsləhətlərlə   aparılan məqamlarını bəyənirəm. Amma hələ ötən ilin sonunda qəzetlərimizdən birində dərc etdiyim bir yazıda  dediyim fikri bir daha təkrar etməyə məcburam: Təəssüflər olsun ki, sərçə təfəkkürlü, ayı təbiətli, erməni xislətli bir para məmurlar və partya üzvləri Ulu Öndərin də,  Prezidentimizin də daxili və xarici siyasət kursuna əngəl olurlar. Ona görə də dövlət başçısına bir ağsaqqal kimi tövsiyə xarakterli müraciət edirəm ki, Ümummilli Liderin və Sizin doğru siyasətinizin düzgün həyat keçirilməsi üçün təcili şəkildə ətrafınızdakı  sərçə təfəkkürlü, ayı təbiətli, erməni xislətli partiya üzvləri və məmurlardan həm öz yaxanızı, həm də dövlətin, millətin yaxasını qurtarın...”-deyə  YAP qurucularından, Heydər Əliyevin silahdaşlarından biri  hakim partiyada da islahatların zəruriliyini vurğulayaraq öz çıxışını tamamlayıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10