Turan Informasiya Agentliyinin mayın 28-də yaydığı məlumatda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov saxlanıldığı deyilir.
Bu barədə Turana AXCP-dən məlumat verilib.
Məlumata görə, Əmirov Masallı rayonunda saxlanılıb. "Günorta saatlarında o, paltar bazarında olarkən onu sahə müvəkkilin maşınına mindirəndə görüblər. Bundan sonra Ruslan Əmirovla əlaqə saxlamaq mümkün olmayıb. Çox güman ki, həbs olunub".
Turan İA-nın mayın 29-da yaydığı məlumatda isə bildirilir ki, bu gün, yəni mayın 29-da Bakının Qaradağ rayon məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib. O, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Əmirov apreldə karantin rejimini pozmaq ittihamı ilə 30 gün müddətinə həbs edilmişdi.
AXCP-nin sədr müavini Seymur Həzi bildirib ki, hazırda Kərimlinin üç cangüdəni və bir köməkçisi həbsdədir.