Yaxud bizlər həbsdən gələnləri necə islah edirik?
Bəlkə də bu günümüzün ən maraqsız xəbərlərindən biri haradasa, kimdənsə filan qədər narkotik tutulması xəbərədir. Bu günlərdə belə xəbərlərdən birini də mən oxudum-DİN-in məlumatına görə Masallı səhər sakini Seyran Tahirovun üstündən 100,3 qram. Evində axtarış zamanı isə 1 kq-dan artıq tiryək tutulub. Heç bilirsiniz. bu Seyran Tahirov kimdir? Yaxşı olar ki, 10 il öncə “Cənub xəbərləri” qəzetində çap olunmuş yazı ilə bir daha tanış olasınız.
“Bir Qələtdi eləmişik...”
“ya bizi diri-diri basdırın, ya da müalicə elətdirib bir tikə çörək qazanmağa şərait yaradın”
Kimsə narkonmanların taleyindən silsilə romanlar yazmaq istəsə, yəqin ki, Azərbaycanda, elə cənub bölgəsində “qəhrəman” qıtlığı çəkməz. Elə həftə olmur ki, cənub rayonlarının hansındasa bu işlə məşğul olan qrup və ya şəxs yaxalanmasın. Əvvəllər heroini qram-qram tuturdularsa, indi kilo-kilo aşkarlayırlar. Bu günlərdə sumqayıtlı bir narkomanın “Azadlıq” radiosuna müsahibəsini oxudum. Deyir ki, hər gün Sumqayıtda 1,5 kiloqram heroin işlədilir. Bu, ayda 45-50 kiloqram edir. Deməli, təkcə Sumqayıtda ildə yarım ton heroin gətirilir. Təəssüf ki, cənub bölgəsində də bu rəqəm balaca deyil. Rəsmilər də etiraf edirlər ki, narkotiklə tutulanlar bu işlə məşğul olanların heç 10 faizini də təşkil etmir.
Amma bu yazımda narkomaniya ilə bağlı “qışqıran rəqəmlər”i sadalamayacağıq. Sadəcə, bir narkomanın taleyini sizə təqdim eləmək istəyirik.
Tahirov Seyran Qulu oğlu.
1968-cu ildə, yeni il ərəfəsində, dekabrın 29-da anadan olub. 2 bacı, 4 qardaş olublar. 2 qardaşı vəfat edib. Onlardan biri ruhi xəstə olduğu üçün 36 yaşında özünü maşın altına atıb, 2 uşağı yetim qalıb.
Hərbi xidməti bitirdikdən sonra baxıb ki, hərbi biletində “hərbiyə yararsızdır” yazılıb”
Seyran 8-ci sinifi bitirəndən sonra peşə məktəbinə qəbul olunub. Qaynaqcı olmaq istəyirmiş. Gözünə qığılcım düşdüyündən təhsilin yarımçıq qoyub. Sonralar Xabarovskidə hərbi xidmətdə olub. Özünün dediyinə görə hərbi xidməti bitirdikdən sonra baxıb ki, hərbi biletində “hərbiyə yararsızdır” yazılıb.
...30 min dollar pulum var idi
Onu tanıyanların və özünün bildirdiyinə görə, bir vaxtlar rayonda normal gənclərdən biri olub. Hələ 90-ci illərin əvvəllərində şəhər mərkəzində mebel sexi, 5-6 işçısı, 30 min dollara yaxın pulu varmış. Bir neçə “juqli” dəyişəndən sonra “Mersedes” alıb. Həm də idmançı imiş – ağırlıqqaldırma üzrə yarışlarda iştirak edirmiş.
Seyran:
- Hər şeyim var idi. Hətta bəzilərinə yardım da göstərirdim. Axmaqlığımdan Sankt-Peterburqda bir erməni qızı ilə qeyri-qanunu yaxınlıq edirdim. O, məni narkotikə öyrəşdirdi. Sonralar bir neçə dəfdə müalicə olundum, həbisxanaya düşdüm, lakin bu zəhrimarı tərgidə bilmədim. Qardaşım, yeznəm, digər qohumlar mənim düz yola qayıtmağım üçün çox çalışdılar, lakin özümlə bacara bilmədim. Mənum üçün maşın aldılar, toy etdilər... 2 ovladım var, hər ikisi məktəblidir. Ancaq bu əməlimdən əl çəkə bilmirəm. İynə pulunu əldə etmək üçün hər oyuna gedirdim.
2002-ci ildə əmanət kassasından 12 “məmməd”, yeni pulla 2 manat 40 qəpik oğurladım. 2 il şi kəsdilər. Orada müalicə olunsam da, çıxandan sonra iş tapa bilməyib, yenidən narkotikə qurşandım. İndi həyatım heçdir. Dilənçilər məndən yaxşı yaşayır. Yüz yerdə dilənirəm ki, iynə pulunu... bir də uşaqlar üçün bir tikə çörəy tapım. Biri qovur, o, biri söyür, biri başqa cür alçaldır... Ailəm anam, həyat yoldaşım və 2 uşaqdır. Anamın 50 manat pensiyasına göz dikmişik.
Gözümü açan kimi evdə danlanıram-qarğış, təhqir. Küçəyə çıxıram hamı mənə nifrətlə baxır. Ünvanlı yardım istəyirəm, deyirlər ki, get işlə. İş istəyirəm, deyirlər ki, narkomansan, götürmürük. Pensiya istəyirəm, vermirlər. Bu gün elə gücüm də qalmayıb ki, ağır işlər görəm. Savadım yoxdur ki, idarələrdə işləyəm; uzağı gözətçi, bağban işləyə bilərəm.
Bizim evdə 5 qəpik də puldur. Özümə aid nə var satmışam. Mən indi həm narkomanam, həm oğruyam, həm yalançıyam, həm səfiləm, həm də xəstəyəm. Yazıqları gəldikləri üçün məni tutmurlar. Bilirəm, 2-3 aya orada ölərəm, o 2 uşağa da baxan olmaz. Uşaqların da gözünə baxa bilmirəm. Yoldaşları ilə dalaşanda onlara “narkoman oğlu” deyib alçaldırlar. Gəlib yanımda ağlayırlar... Mən də qoşuluram onlara... ağlayıram... Toy nədir, yas nədir - bilmirəm. Bir xeyirxah insan var, deyir ki, gəl 200-300 manat maya qoyum, sənə müalicə elətdirim. Deyirəm ki, iş də tapacaqsan? Deyir onu söz verə bilmərəm. Tutaq ki, müalicə olundum, sonra yenə də bir tikə çörək üçün dilənəndə əsəblərim dözməyəcək, yenə də narkotik qəbul edəcəm. Hamı görür ki, hər il təkcə Masallı şəhərində ondan artıq gənc narkomaniyadan ölüb şəhər qəbiristanlığında dəfin edilir. Axı təkcə tutmaqla , təhqir etməklə iş bitmir. Bir qələtdir eləmişik. Ya bizi diri-diri basdırın, ya da müalicə elətdirib bir tikə çörək qazanmağa şərait yaradın.
Zahir
2007-ci il. 10 noyabr
Bəli, bu yazıdan 5-6 ay sonra Seyran Tahirov 2-ci dəfə (yazıdan bəlli olduğu kimi 1-ci dəfə 22 yaşında 2 manat 40 qəpiklik oğurladığına görə həbs olunmuşdu) həbs edildi və ona 6 il cəza kəsildi. Təxminən 4 ay olardı ki, Seyran həbsdən qayıtmışdı. Çox yazıqlaşmışdı. Soruşdum vəziyyətin necədir? Dedi ki, yenə həmin vəziyyətdir- pensiya vermirlər ki, get işlə, işləməyə nə yer var, nə güc, ünvanlı yardım da vermirlər. Məşğulluq idarəsinə iş üçün gedirəm, heç qapıdan içəri qoymurlar, gözümdə də yaralar günbəgün artır. İdarə-idarə düşüb 20-30 qəpik, ən yaxşı halda 1 manat üçün dilənirəm ki, ölməyim. Uşaqlar da böyüyüb..
... Bu söhbətdən sonra 1-2 dəfə polis rəsmiləri qarşısında məsələ qaldırdıq ki, həbsdən qayıdanlarla polisdə bir görüş keçirilsin, onların köhnə peşələrinə qayıtmaması üçün səylər göstərilsin. Təəssüf ki, ... asdım-kəsdimlə danışanlar buna məhəl qoymadılar.
Bu da son. DİN məlumat yaydı ki, keçmiş narkoman Seyran Tahirovun evindən 1 ki-dan artıq tiryək tapılıb. Bu qədər tiryəki olan 20-30 qəpik üçün niyə dilənirdi ki?
Əslində polislər Seyranı şərləməyib də. Onu tanıyanların bildirdiyinə görə, Seyran sadəcə vasitəsi imiş- narkotik satan da, istifadəçilər də özgələr olub - Seyran sadəcə “tranzit” imiş. Xətai parkında əyləşib, ona verilən narkotiki 1-2 manat müqabilində “çəkənlərə” ötürürmüş.
Görəsən, ömrün 6 (+2) ilini həbsdə keçirəndən sonra Seyran üçün cüzi də olsa bir çörək yeri yaradılsaydı, o, 1-2 manata görə özünü oda atardımı? Yəqin ki, Seyranın “kitabı” əbədi bağlanı. O vəziyyətdə onun zindanda sağ qala bilməsi möcüzə olardı. Yaxud, belə yaşamaqdansa zindanda 3 dəfə ala-babat havayı yemək onun üçün bəlkə daha rahat olar.
Bəs qazana kim oldu? Yəqin ki, polis. Hesabata əlavə edin-daha bir narkoman zərərləşdirdi...
Hələ 50 yaşı tamam olmamış insan belə “zərərsizləşdiril”. Belə “ilanlara” zəhər verən “kərkənkələlərin”, onlarla seyranları məhv edənlərin seyrəngahları, imarətləri, obyektləri isə göz deşir