Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Möminlər üçün Qiyamət gününün ən şirin anı hansıdır?..


Dünyada bəzi anlar vardır ki, bizim üçün çox mühümdür. Misal üçün, uzun müddət zəhmət çəkdiyimiz bir işin nəticəsini görmək anı kimi. Bu zaman ürəyimiz tez-tez vurmağa başlayar və qorxu ilə yanaşı, ümid də bəsləyirik.

 

İnsanı həyəcanlandıran həmin anlardan biri də axirətdə Qiyamət günü olacaqdır. Mömin dünyada etdiklərinin nəticəsini görmək üçün gözləyəcək və bu anlarda qorxu ilə yanaşı, ümidə də malik olacaqdır. Bu, elə imtahandır ki, onu bir dəfə verirsən və təkrarı mümkün deyildir.

Əgər qəbul olunsan – mükafatın behişt olacaqdır. Əgər qəbul olunmasan – cəhənnəm atəşində yanacaqsan. Allaha bu günün dəhşətindən pənah aparırıq.

 

Qurani-Kərim açıq şəkildə deyir ki, Qiyamət günü insanların əməlləri hesaba çəkiləcəkdir. “Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir”. (“Ənbiya” 47).

 

Qiyamət gününün hesabı nə qədər çətin və dəhşətli olsa da, möminlər üçün bir o qədər asan və şirin olacaqdır. Hədislərimiz buyurur ki, məhz onlar işıq sürətilə behiştə daxil olacaqlar. Quranda adı çəkilən Əraf səhabələri məhz onlardırlar. Onlar həmd bayrağının altında qərar tutacaq və başqalarının hesab verməsinə tamaşa edəcəklər. Məhşər səhnəsinə tamaşa etməkdən ləzzət alacaqlar.

 

Möminlər nə qədər vilayət nurunda qərar tutacaqlarsa, kafirlər bir o qədər zülmətdə qərar tutacaqlar. Onlar Qiyamətin ağır hesablarına dözməli olacaqlar. Onlara verilən suallara cavab verəcəklər. Onlar bu zülmətdə bir-birlərini görə bilməyəcəklər. Quranın da buyurduğu kimi, bədbəxtlik onların nəsibi olacaqdır.

Quran Qiyamət gününü təsvir edən zaman buyurur ki, Qiyamət gününün hesabı pis əməl sahibləri üçün çətin, yaxşı əməl sahibləri üçün asan olacaqdır. Bütün bunların səbəbi isə dünyada gördükləri əməllərdir.

 

O kəslər ki, dünyada vilayət yolunda irəliləyiblər, onlar Kövsər suyundan içəcək və həmd bayrağı altında qərar tutacaqlar.

O kəslər ki, havayi-nəfslərinin ardıcılı olarlar, onlar Qiyamət günü zülmətdə qərar tutar və ağır hesab verərlər. Nəticədə isə cəhənnəm atəşinə düşərlər. (Beytutə)

 

Beləliklə, deyə bilərik ki, mömin üçün Qiyamət gününün ən şirin anı odur ki, əməllərinin nəticəsini görər və ona görə sevinər. Çünki imtahanda qəbul olunmuşlardan olar və Kövsər suyundan içərək, behiştə daxil olar.

 

/Deyerler.org/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10