
Bunu Moderator.az-a açıqlamasında “Azəri-Tük” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
Qurum sədri qadınlara işgəncə verən kişilərin sərt şəkildə cəzalandırılmasının vacibliyini vurğulayıb:
“Karantin rejimində ailədaxili zorakılığa məruz qalan qadınlar bizə müraciət etdilər, amma müraciətlərin sayı elə də çox deyildi. Bununla yanaşı, biz bilirik ki, təkcə karantin rejimində yox, elə əvvəllərdə bu münaqişələr var idi və onda daha çox müraciətlər olurdu. Dünya bu qədər ağır bir sınaqla üz-üzədir, bu necə bir vicdandır ki, sən evində xanımına, qadınına şiddət göstərirsən, bəlkə elə bu bəlanın bir ucu sənə gəlib çıxacaq. Hamımız nə qədər panikadan uzaq olağın desək də, qəlbimizin dərinliyində bu stressi əzizlərimiz üçün yaşayırıq. Bütün bunları bir kənara qoyub qadına qarşı işgəncə vermək yolverilməzdir. Bu gün hamının əsəbləri pis vəziyyətdə ola bilər. Koronavirus təkcə bizdə yox, bütün dünyada var. Belə bir dönəmdə qadına qarşı bu cür hörmətsizlik etməyi başa düşmürəm. Azərbaycan kimi təhsil sistemi yüksək olan, maarifləndirici işlər aparılan bir ölkədə bunlar baş verdiyinə görə insan xəcalət çəkir. Bu hansı zehniyyətin məhsuludur ki, ər arvadını zəncirlə itin yerində bağlayır. Bu necə bir cahillikdir, bunu necə edə bilir?! Belə adamlar üçün qanunlar dövriyyəyə girməlidir və onlar çox sərt şəkildə cəzalandırılmalıdır. Qadın şikayətçi olmasa belə qanunlarımız onu bağışlamamalıdır. Bu, əxlaqa sığmır. Günahkarlar cəzasını alsa, başqasına da dərs olar”.