Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rəşid Behbudov Atatürkün mavzoleyində – 1962-ci ildə korifey Türkiyədə necə qarşılanıb? (UNİKAL FOTO)


Azərbaycan müsiqisinin korifey sənətkarı Rəşid Behbudovun qızı Rəşidə Rəşid atası ilə bağlı maraqlı bir foto paylaşıb.
Cenub.az bildirir ki, 1962-ci ildə çəkilmiş fotoda Rəşid Behbudovun Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün anıt mavzoleyini ziyarəti əks olunub.
60-cı illərdə – “Xruşşov ilıqlaşması” illəri SSRİ-nin incəsənət ustalarının xarici ölkələrə məhdud səfərləri ilə də yadda qalıb. Bu sırada Azərbaycan da olub. Rəşid Behbudov bu illərdə iki dəfə Türkiyə Cumhuriyyətində səfər edərək konsert verib.
Araşdırmaçı Dilqəm Əhmədin yazdığına görə, Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin çap etdikləri “Mücahid” jurnalının 1961-ci il 35-36-cı qoşasayında “Azərbaycanlı sənətçilər Türkiyədə” başlıqlı məqalə dərc olunub. Məqalə həmin il Türkiyədə konsert verən Rəşid Behbudovun qastrol səfəri ilə bağlıdır. Yazıdan məlum olur ki, Rəşid Behbudov və heyəti 5 mart 1961-ci ildə Ankaraya gəlir, bir gün dincəldikdən sonra 7 martda “Renkli Sinema”da, 9 martda “Büyük Sinema”da konsert verir, ardınca İstanbula yola düşürlər. Martın 13 və 15-də İstanbulda “Atlas Sinema”da iki konsert verirlər.
Konsertlər böyük anşlaqla keçir.
Onu  pianoçu Çingiz Sadıxovun müşayət etdiyi qeyd olunub.
Rəşid Behbudov konsertinə özünün bəstələdiyi “Bakı-İstanbul-Ankara” mahnısı ilə başlayıb, “Bakıdan Ankara və İstanbula ürək dolusu salam gətirdiyini” deyib. Səhnəyə çıxdığı zaman tamaşaçıların dayanmadan alqışlaması nəticəsində mahnını ifa etməkdə çətinlik çəkib.
R.Behbudov bu konsertlərində “Küçələrə su səpmişəm”, “Qalasan yana-yana”, “Qalalı”, “Ağacda leylək”, “Dedim bir busə ver”, “Aman ovçu” kimi Azərbaycan mahnıları ilə yanaşı, “İncecikten bir kar yağar”, “Gülizar”, “Helvacı”, “Solgun durma, isteklen” kimi Anadolu türkülərini də oxuyub. Bəstəkar mahnılarından isə Səid Rüstəmovun “Sürəyya”, Tofiq Quliyevin “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Sənə də qalmaz”, Rauf Hacıyevin “Sevgilim”, Cahangir Cahangirovun “Aylı gecələr”, “Füzuli kantatası”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operettasından “Əsgərin ariyası”nı oxuyub.
R.Behbudov Türkiyədəki bu konsertlərini “Azərbaycan mahnısının zəfəri” adlandırıb.
Təqdim olunan foto həmin səfər zamanı çəkilib.
Azpost.info  





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10