Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının yeni rəisi||--||





Ötən sayımızda xəbər vermişdik ki, Qəbələ rayonunun polis rəisi Masallıda eyni vəzifəyə təyinat alıb. Artıq bu xəbər reallaşıb. Mart ayının ilk günlərindən o Masallıda fəaliyyətə başlayıb. Əldə etdiyimiz məlumata görə yeni rəis Yusifov Əkbər Arif oğlu Naxçıvan Muxtar Respublikasında anadan olub. 49 yaşı var. O keçmiş SSRİ dövründə Rusiyada təhsil alıb, Omsk şəhərində Polis Akademiyasını bitirib. Bir müddət Rusiya Federasiyasının DİN sistemində cinayət-axtarış sistemində aparıcı və rəhbər vəzifələrdə çalışıb. 1990-cı illərdə ölkəmizin ərazi bütövlüyünə təhlükə yaranan vaxtlarda könüllü olaraq Azərbaycan DİN sisteminə dəyişdirilib. Ə. Yusifov Azərbaycana gəldikdən sonra öncə Nərimanov rayon polis şöbəsində narkotiklərə qarşı mübarizə xidmətinə, daha sonra cinayət-axtarış şöbəsinə rəhbərlik edib. Bir müddət sonra isə Xətai rayonuna eyni vəzifəyə təyinat alıb. Nəhayət, 2006-cı ildə Qəbələ rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Polis polkovnikidir. Ailəlidir.

Bəs yeni rəis Masallıya hansı məramla gəlib? Bu sualımızı Masallı Polis Şöbəsinin qərargah rəisi, şöbənin mətbuatla əlaqələndiricisi Allahşükür Zahidov cavablandırdı. O bildirdi ki, yeni rəisin şöbənin əməkdaşlarına birinci tələbə o olub ki, əhali ilə olduqca mədəni və səmimi rəftar etsin, şikayətçiləri qapılarında gözlətməsin, onların müraciətlərinə olduqca həssaslıqla, ədalətlə və obyektivliklə yanaşsınlar. Hər yerdə insanların hüquq və azadlıqlarının qorunmasına, mülkiyyət hüquqlarının pozulmamasına yardımçı olsunlar. Yeni rəis Əkbər Yusifov cənabları açıq bəyan edib ki, əsil peşəkarlarla işləyəcək. Təsadüfi adamlara, polis adını ucuz tutanlara sıralarında yer olmayacaq. Elə fəaliyyətə peşəkar münasibətin nəticəsidir ki, qısa müddət rayon ərazisində baş vermiş, lakin açılmamış bir sıra oğurluq hallarının üzdəniraq ifaçıları müəyyənləşib. Yaxın vaxtlarda bu barədə daha ətraflı açıqlama verəcəyik.

P.S. Redaksiyamız da yerli sakinlərin arzusunu ifadə edərək arzulayır ki, yeni rəis vədlərinə sədaqətli, mətbuata daha açıq olsun, aşkarlığa daha çox meydan versin, daha çox müstəqillik göstərsin, heç vaxt kimlərinsə sifarişi ilə işləməsin. Son illər Masallıda çalışan polis rəisləri bəzi qüsurlarına baxmayaraq, hər biri müəyyən izlər qoyub. İndi Ağdam rayonunun icra başçısı işləyən Nizami Sadıqov Şır-Şır bulağında əsaslı təmir işlər aparmağı ilə, Qambay Muradov yüksək intellekti, açıq fikirli ziyalılara xüsusi hörməti, buyruqla işləməməsi ilə. Dövlət Səfərov məscidlərə xalça paylaması ilə yadda qalıb.

Söhbət etdiyimiz bəzi ağsaqqallar və ziyalıların xahiş etdilər ki, onların aşağıdakı arzusunu yeni rəisə çatdıraq:

- Qoy, yeni rəis həmişə insanlığı uca tutsun. O, icra başçısının, el malını çapıb-talayan bəzi məmurların yox, xalqın rəisi olsun. Haqqı nahaqqın ayağında sürünməyə şərait yaratmasın, mənəviyyata daha yüksək dəyər versin.

Biz də öz növbəmizdə yeni rəisi yeni postda təbrik edir və arzu edirik: - Elə çalışsın ki, onun haqqında tənqid yazmağa çətinlik çəkək. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10