Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Başı bəlalı Krım tatarları: Sürgündən 76 il keçir


Çar Rusiyası və Sovet Rusiyasında olduğu kimi, yenə də repressiya siyasətinə məruz qalıblar
 
Bu gün Krım tatarlarının sürgünündən 76 il keçir. 1944-cü ildə SSRİ-nin rəhbəri İosif Stalinin qərarı ilə krımlılar vətənlərindən Orta Asiyaya sürgün ediliblər.
 
Belə ki, 3 gün ərzində 250 minə yaxın qadınlardan, uşaqlardan və qocalardan ibarət olan Krım tatarları heyvanların daşındığı qatar vaqonlarında Orta Asiyanın və Sibirin müxtəlif bölgələrinə sürgün ediliblər. Onların bəziləri şəraitin çətinliyinə görə yolda, bəziləri isə sürgündə dünyalarını dəyişiblər.
 
Krım bölgə olaraq tarix boyu Rusiyanın strateji hədəflərindən biri olub. Hətta, Çar Rusiyası dövründə başlanan repressiya və məhv etmə siyasətini daha sonralar Sovet İttifaqı və Rusiya davam etdirməyə başlayıb.
 
Krım xanlığı ilk dəfə 1768-1774-cü illərdə Osmanlı İmperiyası ilə Rusiya arasındakı Osmanlı-Rus müharibəsinə son qoyan və Osmanlı Dövlətində əhəmiyyətli torpaq itkisinə səbəb olan “Kiçik Qaynarca” müqaviləsi ilə Osmanlıdan ayrılaraq Rusiyanın tərkibinə keçib. Müqaviləyə bu adın verilməsi isə türklərin tarix ərzində məskunlaşdığı Cənubi Dobrudja bölgəsinin Kiçik Qaynarca qəsəbəsində imzalanmasına görə, nəzərdə tutulub. Lakin Rusiya 1783-cü ildə Krım xanlığını tamamilə işğal edir və bundan sonra Krım tatarlarına təzyiq göstərməyə başlayır. Hətta, bir çox Krım tatarı təzyiqlərə dözməyərək, yenidən Osmanlıya köç ediblər.
 
Krım ərazisi 2-ci Dünya Müharibəsi dövründə bir müddət Nasist Almaniyasının nəzarətində olsa da, daha sonra Qırmızı ordu tərəfindən geri alınıb. Krımlıların Sovet ordusunda döyüşmələrinə baxmayaraq, bəzi sovet komandirləri tərəfindən almanlarla əməkdaşlığa görə, ittiham ediliblər. Məhz Krım tatarlarının “təzyiq və məhv etmə” siyasətinə bəhanə olan bu iddia nəticəsində “Krım tatarlarının vətənlərindən qovulması” ilə bağlı qərar qəbul edilib. Bu isə Sovet Rusiyasının düşmənlərinə qarşı ənənəvi siyasətinin bir parçası idi: vətənə xəyanətdə ittiham və ağır cəzalandırmaq.
 
Krım 1954-cü ildə Stalinin ölümündən sonra Ukraynanın tərkibinə qatılıb. Sürgündə olan Krım tatarları 1965-ci ildə vətənlərinə qayıtmağa başlayıblar. Sovet İttifaqı dağılandan sonra Ukrayna Krım Muxtar Respublikası elan edilib. Lakin imperialist Rusiya 2014-cü ildə növbəti dəfə Krımı qanunsuz şəkildə işğal etdi. Krım tatarları Çar Rusiyası və Sovet Rusiyasında olduğu kimi, bu dəfə də repressiya siyasətinə məruz qaldılar. Təzyiqlər üzündən minlərlə Krım tatarı bölgəni tərk etməyə məcbur oldular. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10