Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əli Həsənov oğlu Şamxalı necə yedizdirib: prezidentin ayırdığı pulların taleyi…


Prezidentin sabiq köməkçisi Əli Həsənovun vəzifədə olduğu zaman səlahiyyətlərindən sui istifadə etməsi haqda silsilə yazılar dərc olunur. Bununla bağlı cumhuriyyet.az olaraq təqdim etdiyimiz məlumatlar Ə.Həsənovun oğlu Şamxal Həsənova dövlət büdcəsinin pullarını necə yedirtməsi ilə bağlıdır.

Məlum olduğu kimi, ölkə rəhbərinin 2011 və 2013-cü illərdə teleseriallar çəkilisi məqsədi ilə Milli Televiziya və Radio Şurasına (MTRŞ) 11 milyon manat pul ayırdı. 2013-cü ildə ayrılan 6 milyon manat vəsait MTRŞ tərəfindən özəl telekanallar (ANS, SPACE, Lider, ATV və ARB) arasında bərabər şəkildə bölündü. Bununla bağlı Azərbaycan Respublikasının əməkdar jurnalisti, «Qızıl qələm» müakafatı laueatı, tarix elmləri doktoru, professor Qafar Cəbiyev bildirir ki, ATV-yə ayrılan pulların da xeyli hissəsi birbaşa Ə.Həsənovun tapşırığı ilə oğlu Şamxal Həsənova verildi: “O, da guya prodakşın rəhbəri olaraq həmin pullar hesabına C.Cabbarlının “Aydın” pyesi əsasında eyni adlı teleserial çəkməli idi. Amma həmin teleserialı bu günədək efirdə görən olmadı. MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə bircə dəfə də olsun bu məsələni dilə gətirmədi”.

Bunula da bitmir. Belə ki, ayrılan 6 milyon manatın 1 milyon manatı “Xəzər” TV-yə verildi. “Xəzər” TV isə “Əli və Nino” serialı çəkilməsinə dair “Trem” prodakşınla müqavilə bağladı. Məlumat üçün cumhuriyyet.az olaraq bildirək ki, o dönəmdə artıq Leyla Əliyevanın təşəbbüsü ilə “Əli və Nino” filminin çəkilişi gedirdi. Bu haqda Q.Cəbiyev yazır: “Mən bu məsələ ilə bağlı Şura sədri N.Məhərrəmli ilə söhbət edərək dedim ki, bəlkə “Xəzər” TV ilə “Trem” prodakşının müqaviləsinə yenidən baxaq. Axı, eyni əsər əsasında paralel olaraq iki film çəkilməsinə nə lüzum?! N.Məhərrəmli isə, – “bunun nə ziyanı var, qoy iki film olsun”, dedi. Müddət başa çatdı, amma “Term” prodakşının filmi üzə çıxmadı. Bu haqda N.Məhərrəmlinin tapşırığı əsasında Şura sədrinin müavini olaraq mən “Xəzər” TV-nin o zamankı rəhbəri Hüseyn Dinləməzlə telefon əlaqəsi yaradaraq filmin çəkilişi vəziyyəti ilə maraqlandım. O, da dedi ki, pulu alıb gediblər, nə film var, nə də özləri. Belə olanda mən bir qədər sərt tonda sual etdim ki, “bəs belə bir qeyri-ciddi hüquqi şəxslə müqavilə bağlayanda gözünüz, ağlınız harada idi?”. H.Dinləməzin mənə cavabı da kifayət qədər sərt və gözlənilməz oldu. Dedi ki, abi o adamları mən heç tanımırdım da, onları mənə siz yön gördünüz.

Onun bu cavabı mənə bərk dəydi. Ona görə də səsimin tonunu bir qədər də qaldıraraq “Hüseyn bəy, Siz nə haqla mənimlə belə danışırsınız? İndiyədək mənim səninlə ya və şirkətinizlə hər hansı bir formada danışığım, yaxud da sizlərə xahiş və ya tapşırığım olub?!” O, səsinin tonunu lap aşağı salaraq “abi mən siz deyəndə Şuranı nəzərdə tuturam. Bəli, mənə şəxsən sədriniz N.Məhərrəmli Ə.Həsənovun adından dedi ki, pulu məhz “Trem” prodakşına verin, onlar “Əli və Nino” serialı çəkəcək”. Mən “Xəzər” TV rəhbərliyi ilə olan bu danışığımı dərhal və olduğu kimi sədr N.Məhərrəmliyə çatdırdım. O, qıpqırmızı qızararaq “gərək sən onunla o tonda danışmayaydın”, – dedi və bir daha həmin pullar üçün heç kəsdən hesabat tələb olunmadı. Beləliklə, ölkə prezidentinin teleseriallar çəkilişi üçün ayırmış olduğu pulları “xərcləndi”. Amma Azərbaycan tamaşaçısı o filmləri görmədi”.

Ə.Həsənovun oğlu Şamxal yaşı və başı hansı səviyyədə olub ki, eyni vaxtda 2 telekanalın (“Xəzər” TV və “Dalğa”) və 3 radionun (Xəzər FM, Araz FM və radio qrup) idarəçiliyi ona verilib.(Artıq “Xəzər” TV-nin idarəçiliyi ondan alınıb, bəs “Dalğa” TV və radioların taleyi necə olacaq?!). Necə “idarə” etdiyi də hər kəsə bəlli idi. Belə ki, cumhuriyyet.az ekspertlərin rəyinə əsasən bildirir ki, Şamxal Həsənovun idarə etdiyi dönəmdə “Xəzər” TV gün ərzində bəlkə də 25-30 dəfə reklam və teleticarətlə bağlı qanunvericiliyin tələblərini kobud şəkildə pozurdu. Teleradio Şurasının sədri nəinki Şamxala, heç onun işçilərinə belə yol verdikləri çoxsaylı qanun pozuntuları ilə bağlı irad deməyə cəsarət etmirmiş. “Xəzər” TV-nin bu şıltaqlığının qarşısı alınmadığından digər telekanallar da artıq üzə durmuşdu.

teref.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10