Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təftişlər ümid yaradır– Tanınmışlar Mədəniyyət Nazirliyindəki son hadisələrdən danışdılar



 Ədəbiyyat və sənət adamlarının Mədəniyyət Nazirliyində baş verən son hadisələrə münasibətini öyrənib. Cavabları təqdim edirik.

Anar

Gallery


- Evdə oturmuşam, heç nəyə baxmıram. Baş verən son hadisələrdən də xəbərim yoxdur.

Sabir Rüstəmxanlı

Gallery


- Dövlətin etibar elədiyi adamların apardığı əməllər ortaya çıxdı. Bundan əvvəl məktəb direktorları, icra başçıları, icra başçılarının müavinləri səviyyəsində yoxlamalar aparıldı. Ümumiyyətlə, bu proseslər cəmiyyətin rəyləri əsasında Dövlət Təhlükəsizlik Xidmətinin araşdırmaları nəticəsində üzə çıxdı. Bunlar hamısı göz qabağındadır. Hazırda rayon səviyyəsindən nazirlik səviyyəsinə qalxır. Mən çox təəssüflənirəm ki, bu ilk olaraq Mədəniyyət Nazirliyindən başladı. Əslində, zahirən görünür ki, qurum korrupsiyadan, rüşvətdən, yeyintilərdən daha uzaq nazirlikdir. Çünki ticarətlə, mal ixracı ilə, böyük tikintilərlə məşğul deyil. Niyə Mədəniyyət Nazirliyi? Düzü, buna təəccübləndim. Gərək Mədəniyyət Nazirliyi bu cəhətdən nümunəvi bir nazirlik olsun. Amma təəssüf ki, burda da çox ciddi qüsurlar olub.

Qulu Məhərrəmli


Gallery


- Prosesləri izləyirəm, yoxlamada aşkara çıxarılan faktlarla tanışam. Sadəcə olaraq biabırçılıqdır!

Səfər Alışarlı

Gallery


- Hər bir müəssisə onun rəhbərinin peşəkarlığının və digər keyfiyyətlərinin təcəssümüdür. Mən bir ədəbiyyat adamı olaraq nazirliyin müasir ədəbiyyata, onun inkişafına münasibətində ciddi və innovativ heç nə görməmişəm. Yazıçılara verilən ədəbi mükafatlar qəpik-quruş səviyyəsindədir, kitabla, ədəbi tədbirlərlə bağlı layihələr gözdən pərdə asmaq üçündür. Halbuki, dövlətin ayırdığı böyük vəsaitlərlə bütün ilboyu ölkə trendinə çevriləcək ədəbi tədbirlər təşkil etmək olar. Bunların heç biri edilmir, çünki o müəssisənin rəhbərləri yaradıcı təfəkkürdə olan insanlar deyil.

Bu günlərdə bir status yazdım, mədəniyyət nazirinin keçmiş, bəlkə də ən qısamüddətli müavini, dostum Ağamalı Sadiq Əfəndi haqqında. O, müharibənin şıdırğı vaxtında nazir müavini kimi ölkənin mədəni inkişaf konsepsiyasını bir sıra görkəmli mütəxəssislərlə birlikdə işləyib hazırlamışdı. Məlum səbəblər üzündən həyata keçirə bilmədi. A.S.Əfəndi işin içindən deyirdi ki, mədəniyyətimiz sanki qəsdən dağıdılır ki, bu xalq öz milli kimliyinin olub-qalanını da unutsun. Mənim gördüyüm mədəni mənzərədə o vaxtdan bəri az şey dəyişib.

Mehriban Vəzir

- İnkişaf etmiş toplumların bir standartı var: kadrlar peşəkarlığına və dürüstlüyünə görə seçilməlidir. Gördüyümüz kimi seçkin kadrlar dürüst deyil, peşəkar da deyil. Çünki dürüstlüyün olmadığı yerdə ilk çökən peşəkarlıq olur. Bu nə seçimdir belə? Bu, kimin, kimlərin seçimidir? Çox düşünürəm: hədəf nədir?

Qorxmaz Şıxəlioğlu

Gallery


- Mədəniyyətdə bu hallar adamı sarsıdır. Məncə, çox güclü nəzarət olmalıdır. Sözdə yox, əməldə. Nəzarət mexanizmini hazırlamaq lazımdır. İşlək bir mexanizm...

Aqşin Yenisey

Gallery


- Bu cür neqativ halların olduğunu, əslində, cəmiyyət çoxdan bilir. Çünki bu qurumlar əhali ilə işləyirlər. Və “kim, harda, neçəyə" məsələsi təəccüb doğurmur. Yaxşı haldır ki, dövlətimiz diqqətini daxili siyasətə yönəldib. Əvvəl məscidin içi məsələsi... Ona görə, bu cür təftişlər xalqda ümid yaradır. Azərbaycanın daxili siyasətindəki problemlər həllini tapsa, bu, beynəlxalq məsələlərdə də öz müsbət təsirini göstərəcək. "Mədəniyyət, mədəniyyət, mədəniyyət" deyirdi böyük şair.

Şəhriyar Del Gerani

Gallery

- Korrupsiya bütün müstəvilərdə iyrəncdir, amma gözləniləndir. Mədəniyyət Nazirliyindən isə gözlənilmirdi. Düzü, başqa sahələrdəki hoqqabazlıqlar bir o qədər ağrıtmır məni. Mədəniyyət Nazirliyinin ifşasından əməlli-başlı pəjmürdə oldum. Nədən ki, mənim də aid olduğum müstəvidir burası. Bir köynək yaxınımdır.

Füzuli Hüseynov

Gallery


- Bir kəlimə onu demək istəyirəm ki, bu sahə çoxdan laxlamışdı. İşin başına peşəkarlar gətirilməlidir. Bu sahəyə diqqət lazımdı. Çünki bir kinonun, yaxud da teatr tamaşasının gördüyü işi heç kim görə bilməz. Məncə, bu sahə üçün nəzərdə tutulan fəxri adlar, orden, medallar da ləğv olunmalıdır.

Kamran Yunis

Gallery


- İllərdir nazirlikdə qanunsuzluqlar baş alıb gedir. Vəzifədən götürülən şəxslərin yerinə onlardan daha fərqli düşüncəyə sahib məmurların gətiriləcəyinə açığı inamım yoxdur. Beyin dəyişməyəcəksə bu dəyişikliyin elə də əhəmiyyəti olmayacaq. 20 ildir Mədəniyyət Nazirliyi eyni adamları mükafatlandırır. Hansı ki, o adamların Azərbaycan mədəniyyətinə o ada, o mükafata layiq bir töhfəsi olmayıb. Nə zaman ki, sənətçi çəkdiyi zəhmətin müqabilində layiq olduğu pulu qazanacaq, o zaman islahatların olduğuna inanacam. Aktyor dövlətdən gələn evə, pula gözünü dikib yaşamamalıdır. Dövlət aktyora, müğənniyə pul, ev verməməlidir. Sadəcə şərait yaratmalıdır ki, sənətçi özü, öz güzəranını qursun. Bu şərtlər altında hansı sənətdən söhbət gedə bilər? Sənətçiyə bu cür dəyər verilməz.

Kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10