Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şeyxülislam Allahşükür Paşazadənin səhvi nədir? - ŞƏRH


Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri,  Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa müraciət edib. Müraciətdə koronavirus dövründə ABŞ prezidentinin İran xalqına qarşı sanksiyaları dayandırılması, pandemiya zamanı bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulması, İran xalqının təcrid və böhrandan azad edilməsi istənilir. Lakin hörmətli Şeyxin bu müraciəti cəmiyyətimizdə birmənalı qarşılanmadı.
Hətta bəziləri irəli gedib bunu xəyanət kimi dəyərləndirdi. Olsun. Söz azadlığıdır. Hər kəs bu azadlıqdan istədiyi kimi yararlana bilər. Amma məsuliyyətsiz çıxışlar etmək heç kimə başucalığı və şərəf gətirmir. Hələ onu demirəm ki, bu məsuliyyətsiz çıxışlar mətbuatda edilir və iki dövlət arasında münasibətlərə ciddi zərbə vurur.
Birdə ki, qəhrəmanlıq sözlə deyil, əməllə olur. Onu bilirəm ki, bu günədək millət və dövlət kimi başımıza pis nə gəlibsə, onun tək səbəbi məsuliyyətsiz çıxışlarımız olub. Hər zaman ermənilərə yuxarıdan aşağı baxıb, həqarətlə danışmışıq. İş görməmişik, məhz danışmışıq. Və bir də baxıb görmüşük ki, lağ elədiyimiz erməni qədim-qayım torpaqlarımızda Ermənistan dövləti yaradıb. Amma yenə boş-boğazlığımızdan əl çəkməmişik. Əlimizə deyil, dilimizə güc gəlmişik. Nəticədə yenə itirən biz olmuşuq. Minlərlə şəhdimizin qanı bahasına qazandığımız müstəqil dövlətimizin torpaqlarının 20 faizini ermənilərə vermişik. Yenə ayılmamışıq.
Bu gün də boş-boş danışıqlarımızı yenə davam etdiririk. Və bizim bu tip “qəhrəmanlıqlarımız”ın bədəlini hər gün qonşu dövlətlərdə yaşayan soydaşlarımız canları, qanları ilə ödəyib. Bu yerdə söz qəhrəmanlarına xatırladım ki, Azərbaycan və İran BMT-nin tam hüquqlu üzvüdür. Hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır və strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq edir. Son 10 ilin regional siyasi mühitinə dönüb baxanda da görürük ki, İran dövləti beynəlxalq müstəvidə bizim tərəfdaşımız kimi çıxış edir. Respublika Prezidenti İlham Əliyev də iki dövlət arasında iqtisadi-siyasi əlaqələrin gücləndirilməsi üçün davamlı işlər aparır. Yavaş-yavaş da olsa, məqsədinə çatır. Şimal-Cənub nəqliyyat dəhlizinin  bərpası bunun bir təcəssümüdür.
MDB ölkələrindən başqa bizə viza rejimi tətbiq etməyən yeganə dövlət İrandır. Bu gün cənub sərhədlərimizdə yaşayan əhalinin xeyli hissəsi məhz İranla əlaqələr hesabına güzəranlarını qurur. Bir sözlə, İran qonşu kimi bizimlə münasibətlərin güclənməsində maraqlıdır. Amma dövlət kimi təbii ki, onun da öz maraqları var. Və bu maraqlar bizləri nə qədər qane edir, artıq bu, başqa bir müzakirə mövzusudur. Lakin bu yerdə bir haşiyəyə çıxmaq istəyiriəm.
Müstəqillik qazandığımız ilk illərdə erməni dığaları ilə bacarmadığmız bir vaxtda  qonşu İrana, Gürcüstana və hətta Rusiyaya meydan oxuduq, torpaq iddiasına düşdük. AXC hakimiyyət dövründə bu iddialar hətta dövlət səviyyəsində olurdu. Nəticədə Rusiya Ermənistanın arxasında durdu və 20 faiz torpaqlarımız işğal olundu. Dağıstandakı soydaşlarımıza təzyiqlər artdı. Hələ Gürcüstanı demirəm. Qamsaxurdiya hakimiyyəti dönəmidə Borçalı ellərindəki soydaşlarımızın dədə-baba torpaqlarından qovulmasına başlanıldı. Allahın Türkmənistanı da bizə düşmən kəsildi. Nəyə görə? Yenə deyirəm, məsuliyyətsiz çıxışlarımıza görə.
Türklərin qədim bir sözü var.Gücün çatmayan əli öpmək məcburiyyətindəsən. O zaman demək olar ki, bütün qonşularımız  bizə düşmən kəsilmişdi. Bu düşmənçiliyi aradan qaldırmaq və soydaşlarmızın dədə-baba torpaqlarından didərgin düşməməsi üçün ümummilli lider Heydər Əliyev o illərdə az əmək sərf eləmədi. Dövlətlərarsı siyasi gərginliyi yumşaltmaqla bərabər iqtisadi müstəvidə də həm Rusiyaya, həm də Gürcüstana müəyyən güzəştlərə getmək məcburiyyətində qaldı.
Qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və Bakı-Novorossiyski kimi layihələrin reallaşdırılması qonşu dövlətlə münasibətləri sağlamlaşdırdı. Nəticədə Rusiyaya və Gürcüstandakı soydaşlarımız yurd-yuvalarından didərgin düşməkdən xilas oldular. İranla münasibətlərimizin düzəlməsində isə dəyirman çox su apardı. Xaricdən qrant alan QHT-lərin və boşboğaz “millətçilər”in yerli-yersiz çıxışları İranla qarşılıqlı münasibətlərimizin düzəlməsinə uzun müddət imkan vermədi. Nəhayət Heydər Əliyevin dərin zəkası hesabına iki ölkə arasında münasibətlər dostluq səviyyəsinə qaldırıldı.
Çox təəssüf ki, söz qəhrəmanlarımız indi də boş dayanmır. Danışmaq, gündəmdə qalmaq istəyi ilə İranla bağlı ağıllarına gələni söyləyirlər. Məncə bu adamlara dur deməyin vaxtıdır. Çünki hər məsuliyyətsiz çıxış İran dövlətində qıcıq yaradır. Bu qıcığın da bədəlini cənublu soydaşlarımız ödəyir. Ordakı fəallara qarşı siyasi və fiziki təzyiqlər çoxalır. Acığa düşən qonşularımız bəzən bizi qıcıqlandırmaq üçün hətta Ermənistanla belə yaxınlıq edir.
Bax beləcə qaş düzəltdiyimiz yerdə göz çıxardırıq. Bu yerdə “qəhrəman” soydaşlarımıza bir neçə xatırlatma etmək istəyirəm.
Birincisi, Qarabağ problemini həll etmiyənə qədər özümüzə ikinci cəhbənin açılmasına imkan verməməliyik. Bu, bütün hallarda dövlətimizə, xalqımıza və cənublu qardaşlarımıza qarşı nankorluqdan başqa bir şey deyil.
İkincisi, ABŞ və Avropa  İranın parçalanmasında yox, siyasi rejimin dəyişdirilməsində maraqlıdır. Çünki bu ölkənin zəngin neft ehtiyatları var və qərbli demokratlar bu sərvətə sahib çıxmaq istəyir. Yəni görünən odur ki, cənublu azərbaycanlılarım maraqları və bizim “millətçilər”in istəyi türklər demiş Qərbin heç umrunda deyil. Ona görə də indiki vəziyyətdə Rusiya və Gürcüstana göstərdiyimiz dosluq münasibətini İrana göstərmək məcburiyyətindəyik.
O ki qaldı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin məlum müraciətinə, bunu sadəcə alqışlamaq lazımdır. Çünki bu müraciət eşidiləsi təqdirdə qazananlar arasında 30 milyondan artıq cənublu soydaşlarımız da olacaq. Vəssəlam!!!
Surxay Atakişiyev. Konkret.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10