Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının kadr meydanı



Masallının kadr meydanı
Son 3 ayda Masallıya kimlər gəldi-kimlər getdi?

Dəyişikliklər təhsil sahəsindən daha çox hiss edildi. Belə ki, Yardımlı, Masallı, Cəlilabad rayonlarının təhsil şöbələri Masallı rayonu mərkəz olmaqla birləşdi. Adı da oldu Regional Maliyyə Hesablaşma Mərkəzi. Bu mərkəzin rəhbər isə əvvəllər Yardımlı-Masallı-Cəlilabad rayonları üzrə Regional Əmək Müfəttişliyinin sədri işləmiş, Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuş Ehtiram Muxtarov oldu. E. Muxtarovun əvvəl çalışdığı vəzifə isə hazırda boşdur.
3 rayonu əhatə edə Regional Maliyyə Hesablaşma Mərkəzinin Masallıda, Təhsil Şöbəsinin binasındakı (3-cü mərtəbə) yerləşən idarəsi isə indi yüksək dərəcədə təmir olunmuşdur. Keçmiş baş mühasib Rasim Nurullayev başda olmaqla mühasibatlığın köhnə komandanın əksər işçiləri vəzifələrindən kənarlaşdırılıb, onların yerinə yeni kadrlar təyin edilib.
May ayının sonunda isə Masallı Təhsil Şöbəsinin müdiri Astan İbişov vəzifəsindən kənarlaşdırılıb. Onun müavini, Tariyel Əkbərov bir aydan artıq o vəzifəni əvəz etsə də, daha sonra müdir təyin edilib. Astan İbişova isə hələlik şəhər 3 saylı tam orta məktəbin direktorluğu həvalə edilib.
Masallı Təhsil şöbəsinin pedaqoji tərkibində də xeyli dəyişikliklər olub. RTŞ-nin İnspektorları Soltanağa Cəfərov, Saleh Nəzərov, metodistlərdən Akif Məmmədov, Hüseyn Hüseynov, Əyyar Bürhanov, Vüsal Novruzov bu və digər səbəblərdən vəzifələri ilə vidalaşıb. Qısası, yaşı ötmüş keçmiş kadrların əksəriyyəti təhsil şöbəsini tərk edib. Bizə verilən məlumata görə, Soltanağa müəllimi “Hədəf” kurslarının təşkilatçılarından biri kimi keçmiş “həmkarların sədri” Asudə Məmmədova ilə birgə fəaliyyətini davam etdirir. Keçmiş təhsil metodisti Hüseyn Hüseynov isə Masallıdakı Birləşmiş Mühasibatlıqda yoxlayıcıdır. Nə qədər cərimə eləsi, o qədər ona faiz gəlir. Hazırda təhsil şöbəsində 2 inspektor, 5 metodist yeri boşdur.

Kadr inspektoru yetişdirən kənd
Bəllidir ki, bəzi kəndlər ancaq kadr, daha doğrusu müdir yetişdirir. Rayonun əhalisinə görə kiçik kəndlərindən biri olan Gəyəçöl isə əsasən təhsil şöbəsi üçün kadr inspektoru yetişdirir. 2000-ci illərdə gəyəçöllü Kamil müəllim bu vəzifəyə təyinat almışdı, bundan 5-6 il sonra digər gəyəçöllü Saleh Nəzərov həmin vəzifəyə təyin olundu. Saleh müəllim bu günlərdə həmin vəzifəni tərk etdikdən sonra, icra hakimiyyətində məsləhətçi işləyən digər gəyəçöllü Tofiq Əsgərov təhsil şöbəsinin kadr inspektoru təyin olundu. Beləliklə, 15 ildir ki bu posta gəyəçöllülər nəzarət edir.

Masallının yeni polis rəisi
Xəbər verdiyimiz kimi Masallı Polis Şöbəsinin rəisi, polkovnik, əvvəllər Tərtər rayonunda polis rəisi işləmiş Nəriman İmranov vəzifəsindən azad edilərək Nərimanov rayonuna polis rəisi təyin edildi. Onu da qeyd edək ki, Nəriman müəllim Masallıda rəis işlədiyi müddətdə yadda qalan ən maraqlı cəhəti “çətin adamlarla” çox tez dil tapması, onlarla dost, yoldaş kimi yollana bilməsidir. Yəqin elə bunun nəticəsidir ki, 2-ci devalvasiyadan sonra Masallıdan başqa bütün cənub rayonlarında etiraz aksiyaları keçirilmişdi. “Bağda” “ərik” qurtarandan sonra da Nəriman müəllimin həmin dostluqlarını davam edib-etməyəcəyi hələlik sual altındadır.
Bu günlərdə isə Masallıya yeni polis rəis təyin edilib - Şəmkir rayonunda anadan olmuş, Şamaxı rayonunda 5 ilə yaxın polis rəisi işləmiş, polkovnik Habil Əmiraslanov. Onun peşəkar və mənəvi keyfiyyətləri barədə isə yaxın vaxtlarda izləyicilərimizi məlumatlandırmağa çalışacağıq.

Qaz idarəsi
Masallı Qaz idarəsinə uzun müddət rəhbərlik edən Seyran Şahverdiyev isə Lənkərandakı regional idarəyə şöbə müdiri təyin edilib. Onun yerinə Xaçmaz Regional Qaz İdarəsinin Xızı rayon bölməsinin müdiri işləmiş 44 yaşlı Gülyar Hüseynov tətin edilib. Yaxın vaxtlarda onunla müsahibəni sizə təqdim edəcəyik.

Kənd təsərrüfatı idarəsi
Hər rayonda olduğu kimi Masallıda da yeni yaradılan Kənd Təsərrüfatı idarəsinin binasında təmir işləri tamamlanmasa da, əvvəllər icra hakimiyyətində müavin işləyən Seymur Nuriyev həmin quruma rəhbər təyin edilib. Həmçinin xəbər vermişdik ki, Nəsir Muxtarlı S. Nuriyenin tərk etdiyi posta rəhbər təyin olunmuşdur.

Regional Mətbuat Yayım İdarəsi
Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik rayonlarını əhatə edən Regional Mətbuat Yayım idarəsinin mərkəzi də Masallı rayonu olmuşdur. Əbülfəz Nuriyev həmin quruma rəhbər təyin edilmişdir. Bu qurum üçün Mətbuat Evi tikmək də nəzərdə tutulmuşdur. Mətbuatım dar qəfəsə salındığı və əksər rayonlarda sıfır səviyyəsinə endiyi vaxtda bu Mətbuat Evinin nə ilə məşğul olacağı çoxlarına qəribə gəlir.
(Bu barədə hazırladığımız və FB-də paylaşdığımız xəbəri də bu yazıya əlavə edirik.


Masallıda Mətbuat Evi tikiləcək
Daha dəqiq desək, region mətbuatımız olmasa da, onun Evi olacaq

Masallıda Mətbuat Evi tikilməsi barədə oxuyanda heç bilmədim sevinim, ya qəmlənim.
AZƏRTAC xəbər verirdi ki, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon mətbuatyayım şöbələrinin rəislərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən "Azərmətbuatyayım” ASC-nin sədri Süleyman Salmanlı Masallıda Mətbuat Evinin tikilməsinin nəzərdə tutulduğunu bildirib.
Hazırda Masallıda gah 500, gah 800 tirajla 4 səhifəlik (!!!) bir hökumət qəzeti çıxır. Bir də maliyyə vəziyyəti imkan verəndə, 6 aydan bir, 5 min tirajla, ölkə üzrə 2-3 müstəqil qəzetlərdən biri olan “Cənub xəbərləri” qəzeti işıq üzü görür. İndi bir neçə mərtəbəli Mətbuat Evində “bu qədər” qəzeti necə çeşidləyəcəklər, bilinmir.
Vaxtilə, Masallıda Mətbuat Evi olmayanda
həftədə 3 dəfə 15-16 min tirajla çıxan “Çağırış”adlı hökumət qəzeti, son vaxtlara qədər isə həftədə, 10 gündə bir dəfə 5 min tirajla çıxan “Cənub xəbərləri” qəzeti var idi.
Məşədi İbadın təbirincə desək, burada yadıma 2 maraqlı müqayisə düşdü. Hansı ağıllı isə sual edir ki
- Niyə XX-XXI əsrlərdə ötən əsrlərə nisbətən az dahi yetişir? Cavab:- Çünki keçmişdə indiki kimi təhsil nazirliyi olmayıb.
- İkinci ağıllı isə bildirib ki, bizdə söz də var, azadlıq da. Lakin söz azadlığı yoxdur.
Elə bu fikrin sübutu odur ki, bu Mətbuat Evi ilə bağlı tədbirə hamını çağırmışdılar, təkcə cənubdakı müstəqil jurnalistləri, o cümlədən “Cənub xəbərləri” qəzetinin nümayəndəsini yox.
Allah doğulmamış “ölən” Mətbuat Evinizi rəhmət eləsin.
Qeyd: Bir də deyirlər ki, bu həm də “QHT Evi” olacaq. Cənubda Lənkərandakı 4-5 (onların da çoxu fəaliyyətini dayandırıb) və Masallıdakı 1 qeydiyyatdan keçən QHT istisna olmaqla cənubda QHT var ki, onun da Evi olsun?”



ƏSMM və DSMF-nin Masallı şöbəsi də birləşdi

Sosial Müdafiə Nazirliyində gedən struktur dəyişiklikləri çərçivəsində digər rayonlarda olduğu kimi Masallıda da Əhalinin Sosial Müdafiə Mərkəzi ilə DSMF-nin Masallı şöbəsi birləşdi. İndi bu idarənin olduqca uzun bir adı var - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu Masallı şöbəsi. Birləşmiş idarənin rəhbəri isə Arzuman Hüseynov təyin edilib. İki birləşmənin nəticəsində cəmi 2 nəfər ixtisara düşüb, bunlar da xadimələrdir.
Hazırda Arzuman müəllim 2 bölmə müdiri ilə DSMF-nin Masallı şöbəsinin binasında əyləşir. Bu şöbənin əvvəlki müdiri Akif Əliyev hələlik bu şöbəyə baş məsləhətçi kimi sənədləşsə də, verilən məlumata görə işə gəlmir və onun yaxın vaxtlarda hansısa bir idarəyə müdir göndəriləcəyi gözlənilir.
Birləşmiş idarələrin isə hansının mərkəz olacağı yaxın vaxtlarda bəlli olacaq.
Əminə Seyidzadə nazir müavini oldu
Əslən Masallı Rayonun Türkoba kəndində anadan olmuş Əminə Seyidzadə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu sədr müavini vəzifəsinə təyinat almışdır


Masallı 3 rayonun mədəniyyət
şöbələrinin də mərkəzi olacaq
İlin sonuna kimi Cəlilabad-Yardımlı-Masallı mədəniyyət şöbələrinin Masallı rayon mərkəz olmaq birləşdirilməsi, eləcə də eyni rayonlar üzrə yenə Masallı mərkəz olmaqla Təhsil Şöbələrinin birləşdirilməsi nəzərdə tutulub.
“ASAN kƏND”-ə kim rəhbərlik edir?
6 rayonu əhatə edən Masallıdakı “ASAN KƏND” ASAN XİDMƏT kompleksinə isə Təzə Alvadı kəndində anadan olmuş, bu vaxta qədər Bakıda icra strukturlarında işləmiş Vidadi Muxtarov rəhbərlik edir.
Masallıda 30-a yaxın boş olan məktəb direktorluğu yerlərinə namizədlərin taleyi isə yaxın günlərdə bəlli olacaq.

Masallıdakı Dövlət Yol Polisində çalışan leytenant, Hüseynov Xəyal Mirqabil oğlu isə Lənkəran Polis Şöbəsinin Dövlət Yol Polisi idarəsinə komandir təyin edilmişdir.
Qeyd: Yaxın günlərdə daha bir kadr dəyişikliyi gözlənilir. Bu təyinat yeni “dastanın” başlanğıcı olmasa yaxşıdır. “Dastan”larda isə nağıllardakı kimi göydən 3 alma düşmür. Bəzi “qəhrəmanlar” daha fərqli meyvələrə də tuş ola bilir.
Hazırladi: Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10