Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qəriblər Ərazi nümayəndəsinin özbaşınalıqları



Masallı Rayonun Qəriblər kənd sakinlərinin ərazi nümayəndəsi Elnur İmamyarovdan şikayətlər günbəgün artır.
Onun haqqında şikayətlər Prezident Aparatından tutmuş Dövlət Təhlükəsizlik Xidmətinə qədər göndərilib.
Həmin şikatlərdən birini də sizə təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına;
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə;
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və digər əlaqədar təşkilatlara

Masallı Rayonunun Qəriblər kənd sakinləri
Ağayev Əlvan Xanoğlan oğlu,
Ağayev Şirvan Xanoğlan oğlu,
Ağayev Anar Güloğlan oğlu,
Ağayev Xanlar Güloğlan oğlu
Nəsirova Ruhiyyə Güloğlan qızı tərəfindən şikayət

Biz yuxarıda adları çəkilən şəxslər, demək olar ki, eyni ailənin üzvləri sizə ona görə müraciət edirik ki, ailəmiz Masallı İHB-nin Qəriblər Ərazi nümayəndəsi Elnur İmamyarov tərəfindən açıq təzyiqlərə, hədələrə və qanunsuz əməllərə məruz qalırıq.
Öncə məlumat üçün bildirək ki, Qəriblər kəndi Masallı rayonunun istirahət mərkəzlərindən sayılır. Bu kənddə qəriblərlilər həyətyanı torpaq sahəsi əldə edə bilməsələr də, Masallıda və qonşu rayonlarda çalışan və çalışmış onlarla məmur, hətta onların sürücüləri asanlıqla burada həyətyanı sahə alıb, dəbdəbəli villalar tikdirirlər.
Qəriblər kəndinin əkinə yararlı torpaqlarının münbit qatı vəhşicəsinə talan edilərək, dərin uçrumlar yaradılaraq kommersiya təşkilatları tərəfindən intensiv şəkildə daşınır.

Lakin bunlara güldən artıq söz deyən yoxdur. Yerli sakinlər isə dəfələrlə müraciət etmələrinə baxmayaraq, həyətyanı torpaq sahəsi ala bilmədiyi, özlərinə ev-şərait qura bilmədikləri üçün məcbur olub özlərinin, yaxud qonşularının payıbəlli torpaqlarında özlərinə ev, yaxud əkin-biçinə xidmət etmək üçün təsərrüfat xarakterli obyektlər tikirlər.

Təkcə Qəriblər kəndində 100-dən artıq şəxs payıbəlli torpaqda ev tikib. Həmçinin mətbuatda yayılmış məlumata əsasən deyə bilərik ki, Masallı rayonunda 2200-dən artıq şəxs payıbəlli torpaqda ev və digər obyektlər tikib, icra hakimiyyəti tərəfindən onlar məhkəməyə verilib, lakin heç bir şəxs cəzalanmayıb.

Bu günlərdə isə Qəriblər Ərazi nümayəndəliyinin təkidi və təşəbbüsü ilə bizim ailənin 4 üzvü payıbəlli torpaqda ev tikdiyi üçün hər biri 400 manat olmaqla 1600 manat cərimə olunub.
Görəsən buna səbəb nədir?
Səbəb çox sadədir. Qəriblər kəndinin indiki Ərazi nümayəndəsi Elnur İmamyarov bizdən istədiyi pulu ala bilmədiyi üçün bu oyunu qurub. Belə ki, E. İmamyarov bir ay öncə bizə bildirib ki, payıbəlli torpaqda ev tikdiyiniz üçün bizə rüşvət verməlisiniz. Həm də o, bu pulu yuxarıda əyləşən məmurların adından istəyib.
Xatırladırıq ki, Elnur İmamyarovdan bir neçə il öncə onun qardaşı Elsevər İmamyarov həmin vəzifədə işləyərkən eyni səbəbə görə bizi qorxudaraq pul almışdı.
Çox maraqlıdır ki, icra hakimiyyəti də onların nazı ilə oynayaraq inzibati komissiyada, bizim iştirakımız olmadan bizi cərimə edərək qərarın icrası üçün icra məmurlarına göndərib.

Biz sual edirik-qanun hamı üçündür, ya da ərazi nümayəndəsinin xoşu gəlməyənlər üçün? Elə ərazi nümayəndəsinin özü qanunsuz ərazidə ev tikib. Məlumat üçün xatırladım ki, Elnurun hazırda tikib yaşadığı ev vaxtı ilə 26 saylı SMD-nin ərazisinin feyxua əkilən bağ sahəsi olub. O nəinki bağ sahəsini məhv edib, kənddəki dövlət əhəmiyyətli obyekti sökərək materiallarını-beton və kubiklərini evinə daşıyıb və orada qanunsuz ev tikib. Biz isə açıq sahədə özümüz bağ salırıq, bizə mane olurlar. Eləcə də, onun 10-dan artıq yaxın qohumu payıbəlli torpaqda, həm də bir çoxu başqasının payıbəlli torpağında ev tikib.
Qəriblərdə strateji əhəmiyyətli “Viləşçay” dəryaçasının mühafizə zonasında 50-yə yaxın ev tikilib, onlara susur, kəndin imkanlı adamları qanunsuz obyektlər tikir, onlara susur, kim pul vermir, onları cərimələtdirir.
Biz qanuna hörmət edən, ölkə başçısının siyasətini dəstəkləyən insanlarıq. Qanun hamı üçündürsə, bütün rayonda kütləvi hal almış payıbəlli torpaqda ev tikənlərin hamısına cərimə tətbiq edilsin, bizə də tətbiq edilsin. Biz ərazi nümayəndəsinin bu qərəzli, qanunsuz hərəkətinə etiraz edirik (Məhkəməyə də müraciət etmişik və həmin şikayət məktuba əlavə olunur), şikayətimizin də əsas səbəbi xalqı hökumətdən narazı salan məmurların cəzalandırılmasıdır.
Xahiş edirik, şikayətimizin bizim iştirakımızla yoxlanılmasını təmin edəsiniz.
Ağayev Əlvan Xanoğlan oğlu,
Ağayev Şirvan Xanoğlan oğlu,
Ağayev Anar Güloğlan oğlu,
Ağayev Xanlar Güloğlan oğlu
Nəsirova Ruhiyyə Güloğlan qızı
20 avqust 2016-cı il






Önceki Sonraki
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10