Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir günlük reyxkansler, axsaq arvadbaz, fanatik nasist – Hitlerin ən məşhur kadrlarından olan Göbbelsin sonu


“Kütləvi informasiya vasitələrini mənə verin, mən istənilən xalqdan donuz sürüsü düzəldim...”
                                                                                                                   Yozef Göbbels
Onun adı 20-ci əsrin tarixinə nasist Almaniyasının ən nüfuzlu siyasi fiqurlarından biri kimi düşüb. Ziddiyyətli və mürəkkəb, bacarıqlı və hiyləgər, qəddar və amansız xarakterə malik olan Yozef Göbbels Adolf Hitlerin ən yaxın silahdaşlarından və dostlarından biri sayılıb.
1897-ci ildə Almaniyanın Reydt şəhərində anadan olan Göbbelsin uşaqlığı xəstəliklərlə keçib. 4 yaşında bud sümüyündə keçirilən əməliyyatdan sonra onun bir ayağı 10 sm qısalıb ki, bu da onun ömürlük axsaqlığna səbəb olub.
Fiziki baxımdan qüsurlu olan Göbbels uşaqlıq illərindən həmyaşıdlarının istehzası ilə üzləşib, onu “axsaq” deyə çağırıblar, məhəllə oyunlarına qatılmağına imkan verməyiblər. Göbbels üçün digər bir sıxıntını ailənin maddi vəziyyətinin aşağı olması yaradıb. Belə ki, yeddi nəfərlik ailəni zavodda mühasib işləyən atası çox da yüksək olmayan maaşla dolandırıb. Bütün bunlar Göbbelsin uşaqlıq illərinə xoşagəlməz izlər buraxıb. Həyatdan incik düşən Göbbels baş verənləri ədalətsizlik kimi qiymətləndirib.

Ətrafdan təcrid olunan Göbbels uşaqlıq və yeniyətməlik illərini kitablara, mütaliəyə bağlayıb, tarix, ədəbiyyat və musiqiyə daha çox üstünlük verib, oxuduğu gimnaziyada biliyinə görə həmyaşıdlarından fərqlənib, müəllimləri onun gələcəyinə ümidlə baxıblar.
Göbbels 4 universitetdə təhsil alıb, elmi iş müdafiə edib, 1924-cü ildən jurnalistika fəaliyyətinə başlayıb. 1927-ci ildə nasistlərin təsis etdiyi “Der Angriff” (“Hücum”) qəzetinin baş redaktoru olanda, o, fərqli bir reklam nümayiş etdirib. Birinci reklam lövhələrində “Hücuma bizimlə birgə” ifadəsi həkk olunub. İkinci reklam lövhələri daha çəlbedici görünüb: “Biz iyulun 4-də hücum edirik!” Beləliklə də, 1927-ci il iyulun 4-də qəzetin ilk sayı işıq üzü görüb və qısa müddət ərzində qəzet böyük oxucu auditoriyası qazanıb.

Yozef Göbbelsin natiqlik qabiliyyəti müqayisəyə gəlməz dərəcədə qiymətləndirib. Mükəmməl nitq, məntiqi ardıcıllıq, inandırmaq və özünə cəlb etmək bacarığı onu ölkənin ictimai və siyasi həyatında kifayət qədər populyarlaşdırıb.
Qatı Hitlerpərəst olmağı ilə seçilən Göbbels bir-birinin ardınca yazdığı məqalələrdə, kütləvi tədbirlərdə Hitlerin bir nömrəli təbliğatçısına çevrilib. Hətta o, yazdığı kitabların birini Hitlerə həsr edib. Təbii ki, bu sədaqət və canfəşanlıq nəticəsiz qalmayıb. Ədəbiyyat və jurnalistikadan siyasətə transfer olunan Göbbels siyasi karyerasında sürətlə irəliyə doğru addımlayıb.

Berlin şəhərinin müdafiə komissarı, sonra Berlinin qulyayteri (vilayət miqyaslı rənbəri), nasist partiyasının təbliğat idarəsinin başçısı vəzifələrini daşıyan Göbbels 1933-cü ildə Almaniyanın xalq təhsili və təbliğat naziri təyin edilib.
Bu vəzifəyə təyinatından sonra Göbbelsin daha bir “bacarığı” üzə çıxıb. Nazir kimi o, ölkənin bütün mədəniyyət, incəsənət, təhsil, ədəbiyyat, kino, teatr sahələrinə rəhbərlik edib. Qadınların daha çox çalışdığı bu sahələrdə fiziki qüsurlarına görə gənclik illərində seksual əyləncələrdən məhrum olan Göbbels üçün yeni imkanlar açılıb. Film və teatrlarda rol almaq istəyənlər Göbbelslə intim yaxınlıq etməyə məcbur olublar. Onun şəhər kənarandakı bağ evi və şəxsi yaxtası əsl fahişəxananı xatırladıb. Həyat yoldaşı və altı övladı olmasına baxmayaraq, Göbbels eşq macəralarından əl çəkməyib. Amma sonda o, bu vəhşi şəhvətinə görə Hitlerin qarşısında diz çökməyə məcbur olub.

Göbbels nasist partiyasının üzvü olan Maqda Kvandt ilə ailə həyatı qurub. Maqdanın birinci həyat yoldaşı məşhur “BMV” şirkətinin təsisçilərindən biri olub. Göbbelsin nitqinə vurğun olan xanım onunla ailə qurmağa qərar verib. Ailəvi dostluq etdiklərindən, Hitler Maqdaya böyük hörmət bəsləyib. Maqda həyat yoldaşının xəyanətindən xəbərdar olsa da, məsələni çox qabartmayıb. Amma o, Göbbelsin növbəti sevgilisi ilə bağlı Hitlerə müraciət etmək məcburiyyətində qalıb. Belə ki, Göbbels bütün çərçivələri keçərək növbəti məşuqəsi olan çex aktrisa Lida Barovanı evinə dəvət edib. Xanımlar açıq söhbətə başlayıblar, Göbbelsi necə “böləcəklərini” müzakirə ediblər. Maqda həyat yoldaşının aktrisa ilə münasibətlərinə razılıq verib. Amma bir şərtlə ki, onların uşaqları olmasın. Maqda bunu öz ailəsini dağıtmamaq məqsədi ilə edib. Bu həmin Lida Barova olub ki, ona ilk dəfə Hitler göz salıb. Almaniyada gedən çəkilişlərin birində Hitler aktrisa ilə sırf təsadüf nəticəsində tanış olub. Tanışlıqdan sonra fürer onu çay süfrəsinə dəvət edib. Bu cür görüşlər bir neçə dəfə olub və bu görüşlərdə Göbbels də iştirak edib. Növbəti görüşlərin birində Hitler təcili işlə bağlı görüşə gələ bilməyib. Göbbelsin ixtiyarında qalan aktrisa nazirin toruna düşüb və o, böyük “ustalıqla” Lida Barovanı fürerdən təcrid edib. Artıq xəyanətlərə tab gətirməyən Maqda Göbbelsin əməlləri haqqında Hitleri məlumatlandırıb. Fürer Göbbelsi “xalça” üzərinə çağırıb. Nazir onun qarşısında diz çökərək əfv diləyib. Bu hadisədən sonra aktrisa Lida Barova arzuolunmaz şəxs kimi Almaniya ərazisinə buraxılmayıb.
 

Hitler komandasının ən savadlı və bacarıqlı kadrı sayılan Göbbelsə II dünya müharibəsi zamanı fürer tərəfindən xüsusi səlahiyyətlər verilib. Onun müdafiə sənayesi, səfərbərlik, məxfi əməkdaşlıq və s. məsələlərə də müdaxilə etmək hüququ olub.
Müharibənin sonuna yaxın Hitler Berlini tərk etmək etmək fikrinə düşəndə, məhz Göbbels onu bu fikirdən daşındırıb, “siz bəşəri adınızı qorumaq üçün bu addımı atmamalısınız” deyə onu Berlini tərk etməkdən çəkindirib.
Göbbels müharibənin son anına qədər mübarizə aparıb. Hitler intiharından əvvəl onu reyxkansler təyin edib. Göbbelsə bu vəzifəni daşımaq cəmi bir gün qismət olub - 1 may 1945-ci ildə.

Uşaqlığı acınacaqlı keçdiyi kimi, Göbbelsin sonu da acınacaqlı olub. Tərəflərin danışıqlara getmədiyindən, SSRİ-nin qeyri-şərtsiz kaputilyasya tələbindən sonra, Göbbels əvvəlcə uşaqlarını zəhərləyərək öldürüb. Fürerin bunkerindən çıxanda, telefonçuya “siz mənə daha lazım deyilsiniz, gedə bilərsiniz” deyə həyətə çıxıb, özünü və həyat yoldaşını güllələyib. Əvvəlcədən isə meyitlərinin yandırılmasını vəsiyyət edib.
Beləliklə də 47 yaşlı təbliğat nazirinin, bir günlük reyxkanslerin siyasi karyerasına son qoyulub...
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10