Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Uşaq bilmir ki, atası bu qədər var-dövləti necə əldə edib?”


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatları nəticəsində həbs edilən icra başçılarının övladlarının işdən çıxarılması cəmiyyətdə birmənalı qarşılanmır. Hüququn aliliyi prinsipini əsas gətirərək belə düşünənlər var ki, icra başçıları yol verdikləri qanunsuz əməllərə görə məsuliyyət daşısa da, onların övladlarını hər hansı formada cəzalandırmaq doğru addım deyil.

Yenisabah.az mövzunun aktuallığını nəzərə alaraq bu barədə tanınmış hüquqşünas Aslan İsmayılovla söhbətləşib. Aslan İsmayılov hüququn aliliyi prinsipinə görə atanın övlada, övladın isə ataya cavabdeh olmadığını xatırlatmaqla yanaşı, bildirib ki, burada reallığı da nəzərə almaq lazımdır.

“Real situasiya budur ki, həmin uşaqlar bu vəzifələrə korrupsiaya yolu ilə gəliblər. Hər kəs bilir ki, onların övladları universiteti zorla bitirblər. Amma Bakı Dövlət Universitetini qırmızı diplomla bitirənlər Azərbaycan iş tapa bilməyib xaricə üz tutublar.

Digər tərəfdən, 200 000-lik maşında gəzən uşaq bilmir ki, bu korrupsiya yolu ilə əldə edilib? Yaxud Korrupsiaya Qarşı Mübarizədə İdarəsində işləyən uşaq düşünmür ki, rəsmi maaşı 1000 manat olan atası bu qədər var-dövləti necə əldə edib? Əlbəttə bilir. Bu halda o necə korrupsiayaya qarşı mübarizə apa bilər?” , - deyə hüquqşünas vurğulayıb.

Aslan İsmayılovun fikrincə, bu cür xırda məsələləri qabartmaq əslində, gedən prosesə kölgə salmaq cəhdidir. “Bu gün Azərbaycanda inqilabi proseslər gedir. Əlbəttə bu proses çoxlarını narahat edir. Nazirlərin, icra başçılarının yaxın qohumlarının əksəriyyəti müxtəlif vəzifələrdə təmsil olunurlar. Bayaq dediyim ki, onlar bu vəzifələrə savadı, bacarığı və zəhməti ilə gəlməyiblər. İndi həmin məmurlar düşünür ki, proses onları da əhatə edəcək. Ona görə də ictimai rəyi çaşdırmağa çalışırlar.

Hesab edirəm ki, məmurların bütün yaxın qohumları vəzifədən çıxarılmalıdır. Traybalizmə son qoyulmalıdır. Korrupsiyanı çiçəkləndirən də elə bu kimi hallardır. Mixail Saakaşvili islahatlara başlayanda heç belə prinsiplərə fikir verməmişdi. İnqilabi proseslərdə hüququn bütün incəliklərini qoruyub həyata keçirmək mümkün deyil. Görülən işlərə “mız” qoymaqdansa prosesə dəstək vermək lazımdır”, - deyə hüquqşünas əlavə edib.

Xatırladaq ki, həbs edilən icra başçılarından Nizaməddin Quliyev(Ağstafa) və Vilyam Hacıyevin (İmişli) oğlanları işdən çıxaırlıb. Nizaməddin Quliyevin oğlu Ramal Quliyevlə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Korrupsiaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı olublar.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10