Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Adolf Hitler


Milyonlarla ananı gözüyaşlı qoyan cəlladın "ANA" şeiri

İkinci Dünya müharibəsinin səbəbkarı, milyonlarla insanın qatili, həmçinin yəhudi soyqırımının müəllifi, böyük şər kimi adı XX əsrin tarixinə yazılan diktator. Faşist Almaniyasının fürer-rəhbəri, hərbçi, eyni zamanda uğursuz rəssam və şair Adolf Hitler. 

Adolf Alois Şiklqruber - Adolf Hitler 1889-cu ildə Macarıstan-Avstriya imperiyası ərazisində, Braunauaminndə, yəni Avstriyada doğulub. Adının mənası qədim alman dilində "əsilzadə canavar" mənası verən Adolfun atası Aloislə anası Klara əmioğlu-əmiqızı idilər. Çoxuşaqlı ailədə böyüyən və gələcək Almaniyanın əliqanlı hökmdarına çevriləcək Hitler atası Aloisin ikinci nikahdan olan 6 övladından biri idi. Uşaqlıqdan adamayovuşmaz və inadına görə tez-tez sərt cəzalandırılan Adolf 13 yaşında atasını, 18 yaşında isə çox sevdiyi anası Klaranı itirib. 

Onun ilk hərbi təcrübəsi elə dəhşətli savaş meydanından başlayıb. Tarixin yaddaşında böyük qurbanları ilə iz salan Birinci Dünya müharibəsində zabit kimi, yefreytor, kiçik kapral rütbəsi ilə iştirak edən və bir neçə dəfə möcüzə nəticəsində ölümdən dönən Hitler bu müharibədən sonra evə qayıdır. Ölkəsinin biabırçı sazişlərindən, Rusiyaya məğlubiyyəti xəbərlərindən sarsılan Hitler Avstriya hakimiyyətində, eləcə də daxili və xarici siyasətdə baş verən proseslərdən qəzəblənir. 1925-ci ildə Avstriya vətəndaşı olduğuna görə utandığını söyləyən Adolf Hitler Avstriyanın vətəndaşlığından imtina edərək Almaniyaya, Münhenə köçür. Və burada siyasi həmfikri olan dostunun, kapitan Ernst Römün tövsiyəsi ilə Alman Fəhlə Partiyasına qoşulur. 
Tezliklə siyasi meydanı alovlu çıxışları ilə vəcdə gətirən Hitler az keçmir ki, partiyada da liderliyi ələ ala bilir. Partiyanın yaradıcılarını və köhnə loyal komandanı tamamilə Alman Fəhlə Partiyasından uzaqlaşdıran Hitler ətrafına millətçiləri toplayıb nümayişkaranə şəkildə pariyanın adının dəyişildiyini elan edir. Beləliklə, XX əsrin Almaniyasında yer üzünün bəlasına çevriləcək bir siyasi təşkilat - Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDAP) ortalığa çıxır. 

Alovlu çıxışlarına görə fürer-rəhbər adlandırılan Adolf Hitler növbəti dəfə səs-küylü, hərbi çeviriliş təki qiymətləndirilən məşhur "Pivə qiyamı"nın əsas təşkilatçısı və siyasi fiquru kimi ölkədə tanınır. Lakin uğursuz silahlı çeviriliş cəhdi onun yolunu zindana salır. 1923-cü ildə həbs edilən və hərbçi-siyasətçi kimi mühakimə olunan Hitler "Böyük Almaniya", "Almaniya almanlar üçündür" kimi millətçi və radikal şüarlarından imtina etməyi düşünmədən cəmiyyətə daha bir nifrət toxumu səpir. Nasizmin ideoloqu həbsxanada "Mənim mübarizəm" adlı kitab yazır. 
Bu qanlı diktator barədə çox yazmaq olar, ən azı ona görə ki, tarixin unutmadığı bu cəllad ən çox öyrənilən 100 şəxsiyyət sırasında beşinci yerdə qərarlaşıb. Adolf Hitler 1933-1945-ci illər ərzində III Reyxin reyx-kansleri və prezidenti olub. Müharibəni başlayan və sonda biabırçasına uduzan faşist lider 20 aprel 1945-ci ildə Berlində yerləşən bunkerdə arvadı Yeva Braunla birgə intihar edib. 

Adolf Hitler 1915-1920-ci illərdə fasilələrlə bir neçə şeir qələmə alsa da, bioqrafları onun 15 yaşından şeir yazmağa başladığını qeyd edirlər. Zalım adamın, ruhunu iblisə satmış birinin qoca ana haqqında şeir yazması isə oxucuya qəribə gələ bilər. Axı "Ana" şeirinin müəllifi milyonlarla ananı gözüyaşlı qoyan Adolf Hitlerdir.

ANA

Nə vaxtsa qocalanda, 
yorulanda ayağı,
seçməyəndə gözləri 
onun bu həyatı, 
uzat əllərini, 
arxasınca get onun, 
hər sualına cavab ver, 
qayğısına qal onun. 
Anlamasa, başa sal,
axı yaşlı, qocadı,
bezmə ondan hələ sən,
çünki gün gələcək,
daha o qoca səndən
heç nə istəməyəcək.  

Oqtay Qorçu





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10