Bu günlərdə redaksiyanın elektron poçtuna Lənkəran Rayon Telekommunikasiya Qovşağının yeni rəisi barədə ciddi ittihamlarla dolu məktub daxil olmuşdu. Yazının müəllifi özünü “Akif Tapdıq” kimi təqdim etmişdi. Öncə bizə gələn e-mailə cavab məktubu yollayıb müəllifdən xahiş etdik ki, telefon nomrələrini yollasın və biz daha konkret, birbaşa əlaqələr quraq. Lakin bir neçə gün gözləsək də, şikayətçidən soraq olmadı. Bütün hallarda deyilənlərə aydınlıq gətirmək üçün məktubda yazılanları araşdırmağa başladıq.
Öncə məktubun qısa xülasəsini təqdim edək. Akif Tapdıq imzası ilə yazan müəllif Lənkəran Telekommunikasiya Qovşağına bu il yanvarın 15-də rəis təyin edilən Şahlar Vəlişah oğlu İsmayılovu obrazlı desək, “topa”tutub. Müəllif özü qeyd edir ki, Şahlar İsmayılovun 42 yaşı var və 1992-ci ildən, yəni 18 yaşından rabitə sistemində çalışır. Yazıda həmçinin qeyd olunur ki, vaxtı ilə Ş. İsmayılovun atası V. Əliyev də Lənkəranda rabitə sahəsinə rəhbərlik etmişdir. Yeni rəisin əsas günahı odur ki, onun atası Əlikram Hümbətovun tərəfdarı və təbliğatçısı olmuşdur. Müəllif ortaya heç bir fakt qoya bilməsə də, Telekom rəisini separatçılıqda, rüşvətxorluqda, digər qanunsuz əməllərdə suçlayır. Akif Tapdıq adlı müəllif hədləri o qədər aşır ki, heç bir fakta söykənmədən, hətta telekom rəsinin dostlarını da rüşvətdə onunla əlbir olmaqda günahlandırır.
Biz peşəkar jurnalistika qanunlarına əməl edərək qarşı tərəfin rəiyini də öyrənməyə cəhd etdik. Telefon zəngimizlə etdiyimiz sorğuları səmimiyyətlə cavablandıran telekom rəisi Şahlar müəllim öncə təşəkkür etdi ki, bu, qərəzli yazını çap etməzdən öncə onların rəyini öyrənmək istəmişik. Digərləri kimi araşdırmadan çap etməmişik.
Ş. İsmayılov:
-Bu məktubları təşkil edən adam qorxusundan gizlənir. Sual olunur: -Düz adamsansa, niyə özgə adının arxasında gizlənirsən? Bu, tamamilə qərəzli və şantaj xarakterli yazıdır. Mənim və valideynlərimin tərcümeyi-halı, əmək fəaliyyəti, siyası baxışları müvafiq təşkilatlar tərəfindən yoxlanılıb. Biz bu dövlətə, bu hakimiyyətə sadiq adamlarıq. Uğurumuz da var, nöqsanımız da, problemimiz də. Kiminsə doğrudan bu təşkilata ürəyi yanırsa, təkliflər versin, araşdıraq, faydalıdırsa, reallaşdıraq, əl-ələ verib Lənkəran rabitəsini daha irəli aparaq. Bu gün Lənkəran rabitəsində ciddi islahatlar gedir, nəticələr də göz önündədir. Bizə “xox” gəlməklə heç kim heç nə əldə edə bilməz. Biz bu işbazları tapıb onların qanuna müvafiq olaraq cəzalandırılmasına nail olacağıq. Artıq izə düşmüşük. Siz də sağ olun ki, fikirlərimizi söyləməyə imkan yaradırsınınız”.
Hazırladı: Əlizaman