Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

190 manatla bağlı SMS-dən narazı qalanların sayı daha çoxdur - ŞƏRH



İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bununla bağlı məlumat yayıb. Bu xəbər çoxu üçün gözlənilməz olduğu qədər də acılı oldu.
Çünki Nazirlik bildirmişdi ki, hətta may ayında müraciələr qəbul ediləcək. Axı karantin rejimi hələ yekunlaşmayıb. Birdə ki, e-sosial.az portalına müraciət edən, lakin qaneedici cavab almayan vətəndaşlara Nazirlik söz vermişdi ki, aldıqları SMS-dəki iradı düzəldən şəxslər yenidən portala müraciət edə bilərlər. Bəs onda verilən söz harda qaldı? Axı müracət edənlərin böyük əksəriyyəti aldığı SMS-dən haqlı olaraq narazı qalıb. Xüsusi rejim olduğu üçün bu şəxslərin müvafiq qurumlara getmək imkanları yoxdur. Bu kateqoriyadan olan insanlar bu baxımdan həsrətlə mayın 4-nü gözləyirdilər.
Ümid edirlərdi ki, karantin götürüldükdən sonra gedib problemlərini həll edib yenidən nazirliyə müraciət edəcəklər. Və dövlət başçısının onlara göstərdiyi qayğıdan qədərincə bəhrələnırlər. Çox təəssüf ki, ƏƏSMN  yoxsul vətəndaşlara bu imkanı vermədi. Səbəbsə bəllidir. Onsuz da nazirlik əvvəldən vətəndaşlara qarşı həssaslıq göstərmədi. Bir SMS-lə vəzifə borclarını bitmiş hesab etdilər. Göndərilən SMS-lərdən haqlı olaraq narazı qalan vətəndaşların səsi isə birmənalı eşidilmədi. Hətta İqtisadiyyat Nazirliyinin aprelin 25-də yaydığı məlumata da ƏƏSMN heç bir reaksiya vermədi. Halbuki İqtisadiyyat Nazirliyi haqlı olaraq bildirdi ki, VEÖN-ə görə 190 manatın verilməməsi düzgün deyil. Bu və digər səbəblər onu göstərir ki, ƏƏSMN  işləməyən vətəndaşların sosial müdafiəsi barədə dövlət başçısının tapşırıq və tövsiyələrini yarıtmaz icra edir. Bu yerdə haqlı sual otraya çıxır. Görəsən, nazirlik əməkdaşları xalqı narazı salmaqda nə məqsəd güdürlər?
Dövlət başçısı əhalinin sosial müdafiəsi üçün büdcədən bir dünya pul ayırıb. Amma nə yazıq ki, nazirlik “Ərəbzəngi” kimi dayanıb birdəfəlik müavinətlərin kasıb-küsuba çatması üçün min-bir bəhanə uydurur. Qardaş, pul dövlətin, sərəncamçısı da Prezident. Bəs sən kim olursan ki, 2 aydır evdə oturan yetim-yesirin risqinə girirsən? Heç olmasa barışıq, xeyirxahlıq ayı olan Ramazanda bir az insafa gəl., kasıbı sevindir. Özü də şəxsi pulunla yox, Dovlətin və onun rəhbəri olan Prezidentin ayırdığı vəsaitilə…
Təəssüf doğuran məqamlardan biri də odur ki, həmin kasıb-kusubun səsi ilə deputat kreslosu qazanan hörmətli millət vəkilləri belə bir həssas məqamda susurlar. Susmaqları azmış kimi Milli Məclisin aprelin 24-də keçirilən son iclasında hörmətli deputatlarımız nəyin davasın döysələr yaxşıdır?! Köməkçilərinin təyin olunmasının gecikməsini. Məşədi İbad demiş: heç hənanın yeridir.
Bu gün koronavirus pandemiyası təkcə dövlətləri sınağa çəkmir, həm də insanların imanını, sədaqətini və əqidəsini imtahan edir. Bu gün Prezidentə sözdə deyil, əməldə sadiq olanlar dövlətin xalqa uzanan əlinə dəstək olmalıdır. Bu xeyirxah əli şəxsi maraqları üçün bükmək istəyən büroktarlar isə ifşa olunmalıdırlar. Bu vəzifə isə ən öncə hörmətli millət vəkillərinin üzərinə düşür.
Surxay Atakişiyev





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10