Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı Departament sədri vəzifəsindən kənarlaşdırıldı


Cənub meşələrində “yaşıl soyqrım” həyata keçirən Ağaqardaş Qaraşovu qarşıda nələr gözləyir?



Masallılı tanınmışlarının uğurları bizi nə qədər qürurlandırırsa, yüksəldikcə əməlləri ilə bizə xəcalət gətirən həmyerlilərimizin qüsurlu fəaliyyətii  bizi  o qədər qayğılandırır. Son vaxtlar haqlarında yazılar paylaşdığımız Əsədulla Cəfərov, Elşən Hacızadə və digərlərinin ömür yolu nə qədər fərəhverici idisə, bu günlərdə vəzifəsindən uzaqlaşdırılan masallılı  Ağaqardaş Qaraşov haqqında yayılan məlumatlar bir o qədər ürəkağrıcıdır.


Bu günlərdə əksər ölkə saytları məlumat yaydı ki,  Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov işdən çıxarılıb.


O da məlum oldu ki,  nazir Muxtar Babayev Ağaqardaş Qaraşovun yerinə Namiq Xıdırovu təyin edib. Ağaqardaş Qaraşov isə eyni əmrlə müvəqqəti olaraq, vəzifəsi kiçildilərək  həmin departamentin direktor müavini təyin olunub. (Redaksiyaya daxil olan, hələ tam dəqiqləşdirilməmiş məlumata görə, A. Qaraşov ərizə versə belə, onu,  hələ ki, işdən çıxartmırlar. Onunla bağlı yuxarı təşkilatlara olunan aramsız şikayətlər, youtub kanalında yayılan videolar ciddi araşdırılır. Bəzi məlumatlara görə onun fəaliyyətində cinayət tərkibi olan məqamlar aşkarlandığı üçün araşdırmalar çox bəd sonluqla da bitə bilər)


Bəzi xatırlatmalar


Xatırladaq ki, Muxtar Babayev nazir təyin olunandan sonra özü ilə nazirliyə gətirdiyi Namiq Xıdırov ETSN-də  audit şöbəsinin müdiri işləyirdi. Qeyd edək ki, son zamanlar mediada ölkədə davam edən “yaşıl soyqırım”da əsas günahkarlardan biri kimi Ağaqardaş Qaraşovun adı hallanırdı.


İşdən çıxarılan Ağaqardaş Qaraşov kimdir?


Today.az. saytının yaydığı məlumata görə Ağaqardaş Qaraşov Masallı rayonunun Həsənli Ərazi Dairəsinə daxil olan Köçəkli kəndində anadan olub, 1989-cu ildən 1993-cü ilədək  Masallı Meşə İdarəsində sahə rəisi olub. O, sahə rəisi olarkən ərazisində, Qəriblər meşəbəyliyində  çətənə kolları aşkarlanıb.


 1993-cü ildən 2008-ci ilədək Masallı Meşə İdarəsinin direktoru olub . Elə o vaxtdan Vüqar Sultanovu (Hazırda Quba Regional Meşə Təsərrüfati Mərkəzinin direktorudur) yanından ayırmayıb.


Bu həmin Qaraşovdur ki, Masallı Meşə İdarəsinə direktor keçəndən sonra  cənub zonasında “yaşıl soyqırım” başlamışdı.


Bir müddət sonra Vüqar Sultanovun yaxından dəstəyi ilə onu yeni yaradılan “ Azəryaşıllanşaf” ASC-yə sədr qoyublar. 


Bu həmin şəxslərdir ki, 2014-cü ildə sabiq nazir Hüseynqulu Bağırov Aeroport yolunda min əziyyətlə əkilmiş ağacların qurumasına görə hər ikisini tutduğu vəzifədən azad etmişdi.


Ancaq nazirlikdə dəyişiklik olandan sonra, Muxtar Babayevin bilgisizliyindən istifadə edib, onun birinci müavini Firdovsi Əliyev yerlisi Qaraşovu yenə görəvə aldı. 



İndi gəlin Qaraşovun vəzifədən sui-istidadə edərək malik olduğu obyektlərə baxaq.


Belə ki, bu şəxsin Masallı rayonunda qudası ilə şərik olduğu


 mebel sexi, 

şəxsən özünə məxsus olan “Hədiyyələr dükanı”, 

MRX-nın yaxınlığında ikimərtəbəli mağazası, 

Masallı-Yardımlı yolunun üst hissəsində, daha dəqiq desək “Əli körpüsü”nə çatmamış “Piknik” çay evi

və Abşeron rayonunun Ceyranbatan qəsəbəsində “Masal mebel”i, 

“moyka”sı, “proflaktura”sı və s. kimi obyektləri var.


Məsələnin düşündürücü tərəfi odur ki, Ağaqardaş Qaraşovun bu gün təkcə Masallı rayonunun Binə xocavar və Xocavar kəndlərində 120-yə yaxın taxta sexlərinin fəaliyyət göstərdiyi bildirilir.

 Gündəlik Yardımlı meşələrindən onlarla maşın Cəlilabaddakı taxta sexlərinə kəsilmiş odun parçaları daşıyırlar. 


Yardımlı rayonunun Honuba kəndinin ətraf ərazilərindəki meşə zolaqlarından isə, Masallı rayonunun müxtəlif ərazilərində fəaliyyət göstərən taxta sexlərinə gündəlik kəsilmiş ağac materialları daşınmaqdadır.


Cəlilabad rayonunun Fətullahqışlaq, Oğrubulaq və Axtaxana kəndlərində kömür ocaqlarının fəaliyyət göstərmələri, birbaşa cənub bölgəsindəki meşə zolaqlarının məhvi ilə nəticələnir.


Cəlilabad rayonunun Ağdaş və Vənlik kəndlərinə məxsus odun bazarlarında, meşə zolaqlarından kəsilmiş müxtəlif ölçüdə odun parçalarının açıq şəkildə alqı-satqısının həyata keçirilməsi, məhz Ağaqardaş Qaraşovun üzərinə düşən vəzifəsini hansı formada yerinə yetirdiyini sübut etməyə əsas verir.


Onu da bildirək ki, hazırda departmantdə yoxlamalar aparıldığı barədə  məlumatlarda var.


Cenub.az-a bir neçə mənbədən daxil olan məlumatlara görə, A. Qaraşovla bağlı paylaşılan videolarda Masallı "meşə idarəsinin" sabiq və indiki müdirlərinin (xüsusən, meşə sahəsində təhsili olmayan, Masallı Məşğulluq Mərkəzində işləyərkən çox ciddi nöqsanlara yol verən Elsevər İmamyarovun) adları da hallanır. Hətta bildirilir ki, E. İmamyarov məlum videodan adının çıxarılması üçün hörmətli şəxslərin elçiliyi ilə bəxşişli xahiş də edib, lakin şikayətçilər susmayacaqlarını, bu sahədə  günahkar şəxslər cinayət məsuliyyətinə cəlb olunana qədər mübarizələrini davam etdirəcəklərini bildiriblər. Şikayətçilər A. Qaraşovla bağlı internet kanallarında olduqca kəskin məlumatlar paylaşırlar.


 Biz isə bu və digər məqamlara növbəti yazımızda (bu barədə yayımlanan videolarla birkə) detalları ilə (narkotik ticarətçiliyindən şişirdilmiş qiymətlərlə alınmış avadanlıqlara qədər) aydınlıq gətirməyə çalışacağıq.

Qaraşovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Lakin hər vaxt onun da mövqeyini işıqlandırmağa hazırıq.


                             Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10