Son zamanlar Prezident Administrasiyasının ləğv olunmuş ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Moskvada tələbəlik illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdurəhman Vəzirova ünvanladığı məktub aktuallığını saxlamaqdadır. Bu məktubda qeyd olunan məqamlar, eyni zamanda, sadalayacağımız bir çox faktlar Moskva Dövlət Universitetində təhsil aldığı müddətdə Ulu Öndər Heydər Əliyevin əleyhinə kampaniya aparan Əli Həsənovun dövlətə "sadiqliyini” nümayiş etdirir.
Araşdırmalar nəticəsində məlum olub ki, Əli Həsənov Prezident Administrasiyasının ləğv olunmuş ictimai-siyasi məsələlər şöbəsinin müdiri işlədiyi dövrdə ictimai nəzarətin olmaması ucbatından bəzən nöqsanlar ört-basdır olunub, həqiqəti əks etdirməyən, müəyyən dairələrin işinə faydalı olacaq yalan məlumatlar verilib, bəzi insanlar, hadisələr və faktlarla bağlı yanlış ictimai rəy formalaşdırılıb.
Belə ki, “Nardaran hadisələri”, “MTN işi”, “Tərtər hadisələri”, “Gəncə hadisələri” və digər proseslərin cərəyan etdiyi dövrdə Əli Həsənovun trollarının bu istiqamətdə fəaliyyətlərini xüsusi vurğulamaq olar. Sabiq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının ləkələnməsi kampaniyasına rəhbərlik edən Əli Həsənov heç bir əsası olmadan uydurma məlumatları mediada həqiqət kimi təqdim etmək üçün əlindən gələni əsirgəməyib. Belə qənaətə gəlmək olar ki, Əli Həsənovun bu gün artıq bütün ictimaiyyətə bəlli olan məkrli həyatı və fəaliyyətini, kimlərə xidmət etməsini və onlarla birlikdə dövlət başçısını aldatmasını, naqis işlərini, əməllərini həmin MTN əməkdaşları o dövrdə artıq ifşa ediblər.
Şübhəsiz ki, fəaliyyəti dövründə Əli Həsənovun əsas məqsədi bir dövlət vəzifəlisi olaraq xalqa xidmət etmək deyil, öz maraqlarını üstün tutmaq olub. Qeyd edilən “fəaliyyət” çərçivəsində Əli Həsənov sabiq həmkarı Elnur Aslanovdan sonra FETÖ terror təşkilatının rəhbəri Fəttulah Gülənin ölkəmizdəki varidatına sahib çıxaraq qanunsuz şəkildə “Xəzər TV”, “Çağ” öyrətim işlətmələri şirkəti (hazırda "KASPİ" adı ilə tanınır), “Nil” dəftərxana ləvazimatları, "Güloğlu" şirniyyat mağazaları şəbəkələri, Qafqaz Universiteti və sairə obyektlərin böyük hissəsini ələ keçirib.
Əli Həsənovun mənəviyyatını, sədaqətini ayna kimi göstərən bütün sadalanan faktlar bir daha sübut edir ki, öz mənafeyini hər şeydən üstün tutan, Əbdurəhman Vəzirovu müdafiə etmək məqsədilə məktub ünvanlayan belə birisindən hər münaqifliyi gözləmək olar...
Zaur Hacılı
Demokrat.az