Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

25 milyon insanı qorxudan, özü bərbərdən qorxan oğlan – Kim Çen In komadan çıxmasa...



Dünya mətbuatının koronavirus pandemiyası ilə bağlı xəbərlərə zəbt olunduğu bir ərəfədə Şimali Koreya liderinin səhhəti haqqında yayılan məlumatlar ictimaiyyətin diqqətini özünə cəlb edib. Kim Çen Inın sağlıq durumunda yaranmış problemlər dünyanın siyasi liderlərinin maraq dairəsindən kənarda qalmadığı da açıq hiss olunur. Varisin kim olacağı haqqında aparılan təhlillər, Şimali Koreyanın gələcək taleyi haqqında söylənilən fikirlər deməyə əsas verir ki, Kim Çen Inın səhhətindəki problemlər kifayət qədər ciddidir. Deyəsən, bu gedişlə babasından qalmış hakimiyyət Kim Çen Ina da qalmayacaq.
Cenub.az mürəkkəb və ziddiyyətli xarakterə malik olan, şəxsi həyatındakı hadisələrlə və siyasi gedişləri ilə dünyanı təəccübləndirən Kim Çen In haqqında ən maraqlı faktları təqdim edir.


1. 2011-ci ildə Şimali Koreyaya rəhbərlik etməyə başlayanda, Kim Çen In dünyanın ən gənc siyasi lideri olub.
2. Kim Çen Inın doğum tarixi heç bir sənəddə dəqiq açıqlanmayıb. Bəzi mənbələr onun 1982-ci ildə, digər mənbələr isə 1984-cü ildə anadan olduğunu göstərir.
3. Kim Çen In İsveçrənin Bern şəhərində təhsil alıb. Təhsil aldığı illərdə o, Pak In təxəllüsünü daşıyıb. Hətta tələbə yoldaşları onun kim olduğunu bilməyiblər. Həmin illərdə Kim Çen In ingilis, alman və fransız dillərini öyrənib. O, əsasən evdə təhsil alıb. Naharını isə Bernin ən bahalı restoranlarında edib. Bu ölkədə olarkən Kim Çen Inın hər dəqiqəsini Şimali Koreyanın bu ölkədəki səfiri müşayiət edib.
4. Anası Kim Çen Inı “Dan ulduzu kralı” adlandırıb.


5. Kim Çen In ailənin üçüncü oğlu olmasına baxmayaraq, atası məhz onu öz varisi elan edib.
6. Kim Çen In hakimiyyətə sahib olana qədər ictimaiyyət arasında çox da tanınmayıb. 2006-cı ildə Koreya Əmək Partiyasının liderlərinə üstünə Kim Çen Inın şəkili həkk olunmuş ulduzlar paylananda, gələcəkdə onun atasının varisi olacağı haqqında kütləvi informasiya vasitələrində məlumatlar dərc olunub və hakimiyyəti atadan oğula ötürmək ənənəsi davam edib.
7. Kim Çen In eyni vaxtda bir neçə vəzifəni daşıyır. Koreya Əmək Partiyasının birinci katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı kimi vəzifələrlə o, ölkəsinin mütləq hakimidir.


8. Kim Çen In bir neçə dəfə plastik əməliyyat olunub. O, bunu gözəl görünmək və yaxud da özünü tanıtdırmamaq üçün deyil, Koreya Xalq Demokratik Respublikasının əsasını qoyan babasına oxşamaq üçün edib.
9. Koreya lideri 2009-cu ildə ailə həyatı qurub. Onun həyat yoldaşı Li Sol Çju rəqqasədir.
10. Kim Çen In Qərbin pop mədəniyyətinə meyl göstərir, Mel Gibsonun çəkildiyi filmlərə baxır, Amerika basketbol komandalarının oyunlarını həvəslə seyr edir.
11. Artıq çəkidən yaxa qurtara bilməyən Kim Çen In diabet və hipertoniya (yüksək qan təzyiqi) xəstəliklərindən əziyyət çəkir. Bəzi mənbələrə görə, bu xəstəlikləri qazanmasına onun alkoqollu içkilərə və siqaretə hədsiz dərəcədə meylli olması səbəb olub. Yəqin ki, elə bugünkü vəziyyətində də bu ziyanlı vərdişlər az rol oynamayıb.

12. Avtomobillə yaxın məsafələri qət edəndə Kim Çen Inı 12 nəfər mühafizəçi müşayiət edir.
13. Kim Çen In atası kimi nə evdə, nə işdə, nə də səfərlərdə ümumi tualеtdən istifadə etməyib. Onun üçün xüsusi mobil tualet hazırlanıb ki, həmişə Kim Çen Inın olduğu yerlərə daşınıb.
14. Kim Çen Inın bərbərlərə qarşı patoloji qorxusu var. Buna görə də o, saçlarını özü düzəldir. Onun saç düzümü isə Şimali Koreyada yeni dəbin meydana gəlməsinə səbəb olub. Belə ki, ölkə rəhbərliyinin qeyri-rəsmi göstərişi ilə kişilərə yaraşdı-yaraşmadı, belə saç düzümünün saxlanılması tövsiyə olunub


15. Kim Çen In özünü beynəlxalq aləmə hakimiyyətə gəldiyi ilk illərdən tanıdıb. Məhz onun hakimiyyətə gəldiyi ilk illərdə iki ballistik raket sınaqdan keçirilib, yeraltı nüvə raketinin sınağı bütün dünyanı təəcübləndirərək şoka salıb. Şimali Koreya bu sınaqları keçirməklə BMT Təhlükəsizlik Şurasınin iki qətnaməsinin (1718 və 1874) tələblərini pozub və bu təşkilatın məsələyə reaksiyası da tam gözlənilən olub, təcili toplantıda Pxenyanın təxribatçı əməlləri kəskin şəkildə pislənib. Şimali Koreyanın nüvə sınağından 3 həftə sonra isə BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı sanksiyaları daha da sərtləşdirib.
16. Kim Çen Inın miras aldığı diktatura rejiminin ən böyük dəhşətlərindən biri isə atası ilə bağlıdır. Belə ki, atası Kim Çen Inın anım günlərindəki tədbirlərdə kim az “kədərlənir”sə, gözlərində yaş görünmürsə, o, ən ağır cəzaya məhkum edilir.
Bəlkə elə bugünlərdə də 25 milyonluq Şimali Koreya xalqı öz lideri üçün qorxudan göz yaşları axıdır. “Bəlkə qayıtdı, bəlkə sağaldı” deyə boğazdan yuxarı sevgilərini ifadə edirlər. Digər tərəfdən, Kim Çen In heç qayıtmasa da, yəqin ki, hakimiyyət yenə də ənənəvi olaraq növbəti hakim ailənin üzvlərindən birinə keçəcək. Sonrası nə ola, ola...
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10