Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zelenski Saakaşviliyə niyə yüksək vəzifə verdi? – Video



Mixail Saakaşvilinin Ukrayna Baş nazirinin müavini təklifi aldığı haqda paylaşdığı məlumat böyük rezonans doğurub.
CENUB.AZ Axar.az - a istenadla xəbər verir ki, Saakaşvilinin Ukraynada yüksək vəzifə tutması bu ölkənin siyasi istiqamətinə də ciddi təsir edən faktor sayıla bilər. Çünki M.Saakaşvili Rusiya və onun liderinə qarşı ən kəskin mövqeyi ilə seçilir.
Onun Ukraynada yüksək vəzifəyə gətirilməsini Kreml müsbət qarşılamayacaq.
Xatırlayaq ki, Odessa qubernatorluğundan korrupsiyaya qarşı mübarizə çərçivəsində hakimiyyəti tənqid etməsi səbəbindən istefa verən və sabiq Prezident Poroşenko ilə yollarını ayıran Saakaşvilinin Ukraynadan deport olunmasını Kreml böyük məmnunluqla qarşılamışdı. Hazırda Zelenskinin Rusiya ilə konflikti danışıqlar yolu ilə həll etməyə çalışdığı bir məqamda M.Saakaşviliyə vəzifə verməsi isə Ukrayna-Rusiya arasında əsirlərin qaytarılması ilə formalaşdırılmasına cəhd edilən kövrək inamın qırılması fürsəti ola bilər.
Buna baxmayaraq, Zelenski artıq təklifini edib və Saakaşvilini açıqlamasından aydın olur ki, o, bu təklifi qəbul edib.
Bəs, Zelenski niyə Saakaşviliyə ehtiyac duydu?
Ukrayna hazırda defolt ərəfəsindədir və Zelenski ölkəni uçurumdan xilas etmək üçün 8-10 milyard dollara təcili ehtiyac olduğunu bildirir. Ukrayna lideri bu vəsaiti tapmaq üçün bir neçə ölkə lideri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevdən də xahiş edib və Prezident Əliyev artıq 300 milyon dollarlıq kreditin ayrılmasına razılaşıb. Ukrayna tərəfinin də qeyd etdiyi kimi, bu, koronavirusun tüğyan etdiyi və ölkələrin yalnız öz problemləri ilə məşğul olduğu bir vaxtda İlham Əliyev tərəfindən Ukrayna xalqına böyük humanizmin nümunəsidir.
Ancaq Ukraynaya daha çox vəsait lazımdır. Bu işdə isə M.Saakaşvili mühüm rol oynaya bilər.
Əvvəla, ona görə ki, Saakaşvili Qərbdə korrupsiyaya qarşı kəskin mübariz kimi tanınır və onun ciddi reformlara gedəcəyinə inanırlar. Ukraynaya da əsaslı islahatlar, korrupsiyadan xilas olmaq üçün böyük siyasi iradə lazımdır. Məhz bu foktorlar Ukraynaya Qərbin yardımının qarşısını alır ki, bunları da Saakaşvili aradan qaldıra bilər.
Digər tərəfdən, az öncə Saakaşvili Gürcüstan üçün 5 milyard dollar civarında uzunmüddətli və aşağıfaizli kredit, hətta yardımlar tapa biləcəyi haqda məlumat yaydı. Bildirdi ki, ABŞ Prezidenti başda olmaqla, dünyanın bir çox nüfuzlu lideri onu şəxsi dostu adlandırır, hazırkı şəraitdə Gürcüstandakı siyasi rəqabəti donduraraq, xalqın əziyyət çəkməməsi üçün o, ölkəyə böyük kreditlər və yatırımlar cəlb edə bilər. Buna görə Saakaşvili heç bir vəzifə də istəməmişdi, yalnız ona kredit üçün danışıqlar aparmaq səlahiyyətinin verilməsinin kifayət olduğunu bildirmişdi.
Saakaşvili Gürcüstan kimi kiçik ölkəyə 5 milyard dollar kredit tapmağa əminliklə söz verirsə, Ukrayna kimi nəhəng ölkə üşün 10 milyardı əldə edə biləcəyi şübhəsizdir.
Görünür ki, bu fakt Zelenskini Saakaşvilini bir daha Ukraynada vəzifəyə gətirməyə sövq edir. Ancaq bu dəfə Saakaşvili qubernator yox, daha yüksək vəzifəyə gedir.
Əgər Ali Rada təsdiqləyərsə, Ukrayna üçün Saakaşvili-Zelenski tandemində yeni bir dönəmin başladığına şübhə yeri qalmayacaq. Eyni zamanda, Saakaşvili Poroşenkodan fərqli olaraq, “daha rusyönlü” imicindən də qurtara və Qərblə əlaqələri genişləndirmə fürsəti qazana bilər.
Əlbəttə, Saakaşvilinin gəlişi ilə Ukrayna-Rusiya münasibətlərinin daha sərt müstəviyə keçəcəyi də qaçılmazdır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10