Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İntihar, ya qəsd||--||



Söhbətləşdiyimiz zaman bir an da göz yaşlarını saxlaya bilməyən Kamilə xanım yana-yana danışdı: Biz zülmlə yaşayırıq, o da uşaqlıq bilmədi, cavanlıq bilmədi, nə zülmlə böyüdü. 6-cı sinifdən məktəbdən ayrılıb küçələrdən dəmir qırıntısı, butulka yığıb evə çörək pulu gətirərdi.


40 yaşlı Kamilə Şahmarova ilə onların arzusuna müvafiq olaraq Lənkəranda görüşdük. Görüşdə onun baldızı və bacısı da iştirak edirdi.

Kamilə xanım bildirdi ki, Lənkəranın Aşağı Nüvədi kəndində yaşayır. 2 oğul və 1 qız anasıdır. Həlak olan Elşən ailənin ilki olub. Ailənin maddi durumu həddən artıq acınacaqlı olduğundan o, 6-cı sinifdən məktəbi atıb. Kiçik bir araba düzəldərək səhərdən axşamadək, hərbi xidmətə gedən günə bir neçə saat qalana qədər küçələrdən dəmir qırıntısı və butulka yığıb ki, bu evdə bir tikə çörəyimiz olsun. Çünki 6 nəfərlik evə (onlardan da biri əlildir) çörək gətirənlərdən biri o idi.

Əsgər yaşı çatanda istədik ki bütün olan-olmazı satıb onu xidmətdən saxlayaq, lakin razı olmadı. Komissarlıqdan dedilər ki, yaxşı pul versəniz, yaxşı yerə saldırarıq, ona da razı olmadı.

Bu 15 ayda 7 dəfə Tərtərə, ona dəyməyə getdim. Son vaxtlar konturunun pulunu çatdıra bilmirdik. Ən azı hər ay 100-150 manatlıq kontur istəyirdi-gah dərman pulunu ödəmək üçün, gah əsgər geyim üçün. Məzuniyyətdən hərbi hissəyə qayıdanda benzindən tutmuş, polietilen örtüyə qədər özü ilə aparardı. Həm də məzuniyyətə gələndə sifəti elə günə qalmışdı ki, baxmalı deyildi.

Söhbət əsnasında məlum oldu ki, 1992-ci ildə bu ailənin daha bir üzvü, Kamilənin qaynı, Elşənin əmisi İman Dadaşov Qarabağ döyüşlərində həlak olub və Lənkərandakı Şəhidlər Xiyabanında dəfn edilib.

Kamilə xanım: - Çox pis vəziyyətdə yaşayırıq. Həyat yoldaşım da, özüm də qapılarda fəhləlik edib, çörək qazanırıq. Evimizdə 1 əlil baldızım da var. Ümidimiz ona idi ki, Elşən hərbi xidmətdən gəlib evə dayaq olar. Mən onu çox zülmlərlə böyütdüm. O, dəmir qırıntısı toplayıb, 3-5 manat qazananda evdə toy-bayram olurdu.

Az qala hər gün onunla telefonla danışardıq. Düzünə desəm, çox qorxaq uşaq idi. Çətinliklərə hazır deyildi. Komandirlərindən yaman qorxurdu. Sonuncu dəfə, yanvarın 12-də bizlə telefonla danışanda ağlayırdı. Səbəbini də demirdi. Həmin gün onun üçün 10 manatlıq kontur vurdurum. İki gündən sonra, yanvarın 14-də, səhər tezdən meyitini kəndə gətirdilər.

Rəsmi rəydə yazılmışdı ki, guya oğlum özü-özünü vurub. Mən qətiyyətlə deyirəm ki, oğlumda heç vaxt o cəsarət olmaz ki, özünü vursun. Bir də o məni o qədər çox istəyirdi ki, ən azından mənə görə özünü öldürməzdi.

Oğlum hərbidə çox təzyiqlərə məruz qalırdı. Bir neçə ay öncə bildirdilər ki, oğlunuz hərbi xidmətə yeni gələn əsgərləri incidir, təhqir edir. Buna görə onun haqqında cinayət işi açılıb. Elşən də buna görə AKM markalı TT 4617 saylı avtomatla qarın nahiyəsinə atəş açaraq özünü öldürüb. Halbuki meyitin müxtəlif istiqamətlərdən çəkilmiş şəkillərindən bəlli olur ki, güllə onun kürəyindən dəyib. Adam özü-özünü arxadan necə vura bilər?

Söhbətinə davam edən Kamilə xanım onu da bildirdi ki, Elşən hərbidə 6 aydan sonra oxuyub serjant olmuşdu. 10 əsgəri var idi. Məzuniyyətə gələndə dedi ki ermənilər bir nəfər əsgərimizi vurub, buna görə məni günahkar bilib və serjantlıqdan çıxarıb ön cəbhəyə yollayıblar. Sonra da müstəntiq məndən 1500 manat aldı ki, guya işi məhkəmədə bizim xeyrimizə həll edəcək. Daha sonra məlum oldu ki, heç məhkəmə-filan olmayıb. Həmin pula görə əlil baldızımın plastik kartını banka girov qoymuşuq, hələ də həmin borcun heç yarısını ödəyə bilməmişik. Fəhləlik etdiyim evlərin hamısından borc almışam. Evin qarşısındakı dükana 600 manata yaxın borcumuz var. Bizi hərbi hissəyə aparan sürücüyə də borcluyuq. İndi isə həmin müstəntiqə heç nə sübut edə bilmirik.

Uşağın meyiti həyətə gələn gün baldızım həmin pul verdiyim müstəntiq Elçin müəllimə zəng vurdu. Müstəntiq dedi ki, sizin oğlunuzu bir bakılı oğlan avtomatla vurub. Sonra dedilər ki, həmin oğlan bakılı yox, gəncəlidir. Sonra bildirdi ki, sən pul söhbətini heç yerdə demə, mən bəzi məlumatları sizə çatdıraram. İndi heç nəyi boynuna almır. Onu da bildirim ki, mən onun səsini telefona yazmışam.

Hərbi prokurorluqdan tutmuş bütün əlaqədar təşkilatlara müraciət etmişik. Səsimizə səs verən yoxdur. Oğlumun ölümü bir yana, onun ölüm səbəbinin belə saxtalaşdırılması məni çox üzür.

...Onlar hələ də ümidlidir ki, istintaq işi ədalətlə araşdırılacaq. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10