Ramiz Rövşənin heç bir kitabına düşməyən 50 yaşlı şeiri – Mətn
Məşhur şair Ramiz Rövşənin 1971-ci ildə - 25 yaşında yazdığı və indiyədək heç bir kitabına daxil eləmədiyi “Məni saymayanlar” şeirini təqdim edir.Mənim bu dünyada xoşbəxt olmağa
görən haqqım varmı?
Yəqin ki, yoxdu.
Bir gün bu dünyadan qaçıb uzağa,
deyərəm: ilahi, dünyan soyuqdu.
Deyərəm: ilahi, bu necə işdi,
tüpür günəşə də, tüpür aya da.
Ya sən bu dünyanı tamam dəyişdir,
ya özgə gözlə bax bu dünyaya da.
Bir az yağışdan kəs, bir az buluddan,
qoy bu köhnə evin damı dammasın.
Bir az sevincdən kəs, bir az ümiddən,
qarışdır dərdimə, - havalanmasın.
Özün ki həmişə göydən baxırsan,
Mən axı kiməm ki, səni aldadam.
Kefim saz olanda -
yaddan çıxırsan,
Kefim pis olanda -
düşürsən yada.
İndi ha söz qoşum aya, ulduza,
Ha deyim, bu gecə gözəl gecədi.
Bu gecə mən sənə üz tutmuşamsa,
Özün bilirsən ki, kefim necədi.
Nə çoxdu kefimə soğan doğrayan,
Kefimdən xörəkmi bişirəcəklər?
Mən axı nə şaham, nə şah oğluyam,
Məni hansı taxtdan düşürəcəklər?!
Məni saymayanı mən də saymadım,
Artdı gündən-günə saymadıqlarım.
Sən mənim başıma ağıl qoymadın,
Onların başına ağıl qoy barı.
Məni saymayanlar axmaqdı, axmaq,
Onlar nə bilir ki, axı kiməm mən?
Məni saymayanlar bir vaxt sayacaq,
Onda görəcəklər; bir yox, minəm mən!...
Kulis.az