Maska taxan boz-bulanıq buludlar - Aydın Uluxanlıdan yeni şeirlər Aydın Uluxanlının yeni şeirlərini təqdim edir.
PəncərəDostum Əlisəmid Kürə
Bu dünya bir pəncərəymiş, Əlisəmid,
pəncərənin o üzündə pəncərə yoxmuş.
Heç o üzü də yoxmuş pəncərənin,
bəlkə özü də yoxmuş, denən hey.
Bir hey varmış dünyada, qardaşım,
pəncərəsiz-filansız.
Dünya yoxmuş, pəncərə varmış, Əlisəmid,
ən azından yox kimiymiş.
Bir yox varmış dünyada, qardaşım,
bütün sevgilərə, bütün vədlərə rəğmən,
bütün sədlərə, bütün sərhədlərə rəğmən.
Sadəcə yox deyilmiş...
başqa şeymiş, sənətkar.
Pəncərə içində pəncərəymiş,
onun da içində bir pəncərə
və bu sonsuzluğa qədərmiş.
İçinin içindəymiş dünya,
İçin-içinmiş,
qursun-qurşunmuş,
qırış-qırışmış,
səhifə-səhifəymiş dünya.
Üzünün qırışlarıymış, Əlisəmid,
çayları, dərələri.
Bir pəncərə yaradıblarmış sən demə,
tağı-tağçası yoxmuş,
bağı-bağçası yoxmuş,
eləcə görüntüsü varmış plastikdən, ay qardaş.
Hap-gopu varmış, sürüntüsü varmış,
üzüntüsü, acısı, çürüntüsü varmış.
Bir də yadımdan çıxdı deyəm, Əlisəmid,
əclaf adamları varmış.
İndi mən neyləyim
əlimdə-ovcumda qalan çürüntüylə?
İndi mən neyləyim
bulaşmış əllərimlə?
Sən də köməyə gəlmədin,
sən də yoxmuşsan, qardaşım.
Pəncərə yuxusu görürəm,
pəncərə oyunu oynayıram,
ayılacam həlbət bir gün bu yuxudan.
Başağrısı verdim, bağışla,
olmayan pəncərənin
olmayan bu tayından.
06. 04. 2020. Saat-07:55
İçimin işıqları
Qucaq-qucaqdı, saçaq-saçaqdı,
içimə dolurdu içimin işıqları.
İlğım kimi axırdı sinəmdən,
silkələyirdi məni bir zaman,
çölümü də işıqlandırırdı,
əllərimdən işıq yağırdı,
çıraq-çıraqdı, bucaq-bucaqdı
içimin titrəyən işıqları.
Hər küncə-bucağa çatırdı,
aydınladırdı məni içimin işıqları.
İçin-için edirdi, qırçın-qırçın edirdi,
hövülləndirirdi məni içimin işıqları.
İşıq-işıq, üfüq-üfüq gəzirdim,
göyüzünə səpələyirdim ulduzlarımı.
Ulduz-ulduz dolaşırdım göyüzünü,
buludlara şimşək satırdım.
İşıq salamı göndərirdim göyüzünə,
əyirdim, qatdalayırdım üfüqlərin belini.
Qarşılayırdı məni bənövşə yağışlar,
çiçəklər, kəpənəklər işığımdan keçirdi.
İşığımda bərq vururdu qaranlıqlar.
İşıq-işıq olurdu sünbüllərin sarısı,
təndirlərdən işıq ətri gəlirdi.
Ətirlənirdi, kirşanlanırdı işıqlar,
qığılcımlar damarımdan axırdı.
Damar-damar olurdu işıq seli,
tüstüsü burnumdan çıxırdı.
Selə qapılırdım hər işıqlı axşamlar,
əl-üzümü işıq bulağında yuyurdum.
İşıqlı misralar yazırdım,
işıq süzülürdü qələmimin ucundan -
mürəkkəbli qaranlığın işığı.
İşıq nəğmələri oxuyurdum bir zaman
şəhərin qala divarlarına.
Küçə-küçə, səki-səki olurdu işıqlarım,
işıq cəngisi tuturdum.
Qaranlıqda işığı,
işıqda qaranlığı gizlədirdim.
İndi susub içimin işıqları,
susmağı öyrədiblər işıqlarıma.
İndi hanı o vədələr?
06.11.2019. Saat – 21:45
Ölüm mələyi buludlar
Yarpaqların xəbəri yoxdu
ölüm mələyi buludlardan.
Çəmənlərin, çiçəklərin xəbəri yoxdu
əynini dəyişən buludlardan.
Sifətini yeniləmişdi
inqilabın nəvəsi buludlar.
Şalvar geymişdi, maska taxmışdı
xortdayan boz-bulanıq buludlar.
Bulaqların xəbəri yoxdu,
budaqların xəbəri yoxdu,
bu dağların xəbəri yoxdu
dona girmişdi spor buludları.
Qılıfını dəyişmişdi göyüzü.
Qoyun açmışdı göyüzü
xortdan buludlara.
Sabahlar gecələrin qarnından çıxırdı,
günəşdən hamilə qalırdı gecələr.
Əsirdi, əsirdi göyüzü,
küləkləyirdi, körükləyirdi
düşmənin bulud üzü.
Üzü dönmüşdü,
üzü satın alınmışdı göyüzünün.
Göyüzünə üz qoymaq istəyirdi
üzü qaçmış insanlar.
Qaçırdı, qaçırdı insanların üzü,
pənah qaçırdırdı, umud qaçırdırdı,
tale qaçırdırdı insanların üzü.
Bənizləşmişdi, dənizləşmişdi üzlər,
dəniz axtarırdı üzlər göyüzündə.
Yiyə durmurdu göyüzü
insanların itmiş üzünə.
Qaçırdı, qaçırdı göyüzü
insanların üzünün altından.
Buludların xəbəri yoxdu
üz üstə üz taxanlardan.
Üz dəyişmə savaşı başlamışdı,
üzlərin xəbəri yoxdu insanlardan.
Üzləri əllərində gəzirdilər,
üz bazarı açılmışdı küçələrdə.
Vergi ödəyirdilər, dəyiş-düyüş edirdilər,
şahad alırdılar üzlərinə görə.
Üz-üz olurdu, bualud-bulud olurdu,
bulaşırdı, buludlaşırdı insanlar.
Kimi bulud çörəyi yeyirdi,
kimi üz çörəyi.
08.04.2020. Saat – 11:25