Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Evdə qal, Əli Həsənov!


Müəllif: Arif Əliyev
Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda maliyyə yoxlamasının başlanması xəbəri ilk növbədə artıq prezidentin yanında olmayanları həyəcanlandırıb. 2019-cu ilin sonunda hələ ötən əsrdən tutduğu vəzifəsini itirmiş Əli Həsənov dairənin daraldığını hiss edir, bu və digər yoxlamaların izlərinin hara gətirib çıxaracağını hamıdan yaxşı bilir. Ona görə də həm qorxur, həm də nəzarətində qalmış saytların vasitəsilə “qorxudur”. İllərlə televiziyaları, böyük media təşkilatlarını, troll şəbəkələrini qoşduğu “düşmən obrazı” yaratmaq və şərləmək kampaniyasını indi məhdud resursları ilə davam etdirməyə çalışır. 
Dünən həmin resurslardan biri “Mediadakı qrant mafiyasına 1,5 milyonluq yeni tranş” başlıqlı yazı yerləşdirib. 2018-2019-cu illərdə alınıb xərclənmiş, yəqin hesabatları da bağlanmış qrantları, nədənsə, “yeni” adlandıran müəllif, heç nədən xəbərsiz həmin vəsaitin dövlət əleyhinə fəaliyyətə yönəldildiyini iddia edir və xüsusi orqanlar qarşısında “qrantalanlar”ın cəzalandırılması tələbini qoyur. Təbii ki, bu şəxslərin geniş siyahısı məhz Əli Həsənovun fəaliyyətinin tənqidçilərindən ibarətdir. Yazının başlıca məqsədi məqalənin son cümləsində əksini tapıb. Cümlə bir az baş-ayaqdır, amma müəllifin “yüksək üslubunu” saxlamaq üçün onu olduğu kimi veririk: “Media sahəsindəki dözülməz vəziyyət” barədə ab-hava yaratmaq, eyni zamanda prezidentə sədaqəti və səriştəsi ilə onların planlarına mane olduğu üçün Əli Həsənovun adı üzərində də xüsusi diqqət cəmlənib”.
Müəllif Amerika Birləşmiş Ştatlarının NED təşkilatından qrant alıb, onu dövlətə və “5-ci kolonun bəslənilməsinə yönəldənlər” sırasında Sevinc Osmanqızının, Xədicə İsmayılovanın, Emin Hüseynovun, Qənimət Zahidovun, habelə Bakı Mətbuat Klubunun (Press Klub) və onun təsisçilərinin də adlarını hallandırır. Biz, ümumiyyətlə, donor təşkilatları ilə əməkdaşlığa pis baxmırıq, lakin təəssüf hissi ilə bildiririk ki, Press Klub və fərd olaraq Klubun təsisçiləri NED-dən qrant-filan almayıblar. Yəni, yazı başdan-ayağa böhtandır. Feyk-məqalədə diqqət, bilirsinizmi, dünyanın yüzlərlə donoru arasında niyə məhz NED-ə yönəldilir? Çünki bu təşkilatın Azərbaycan hakimiyyəti ilə münasibəti, yumşaq desək, problemlidir, ona bağlı nümayəndəlik Əli Həsənovun qılıncının dalı-qabağı kəsən dövrdə ölkədən qalmaqalla çıxarılıb. Adama quyu qazanda, bax, belə qazarlar!
Müstəqil olmağın öz çətinlikləri var. Press Klubu, bir cinahdan “hakimiyyətə işləməkdə”, digər cinahdan “müxalifətlə əlbir olmaqda” ittiham edirlər. Məqalə müəllifi də sonunculara qoşulub, Mehman Əliyevi, Elçin Şıxlını və məni xaricdən alınan pulla “dövlətçiliyin dayaqlarını sarsıtmaqda” günahlandırır. Əvvəla, dediyim kimi, bu “NED-dən qrant söhbəti” ağ yalandır. İkincisi, 1,5 milyon nədir ki, onunla dövlətin dayaqları sarsılsın? KİVDF bu qədər vəsaiti bircə iclasında pay-püş edirdi. Üçüncüsü də, bir hakimiyyəti ki, milyon yarımla yıxmaq olar, onun elə çökməsi məsləhətdir.
Ölkə pandemiyanın problemləri ilə çarpışır. Bəziləri isə onun nəinki bugünü, gələcəyi üçün yeni problemlər yaratmaq və olanları dərinləşdirməklə məşğuldurlar. Cəmiyyətdə düşmən axtarışlarının, bir sıra müəmmalı həbslərin, son vaxtlar artan feyklərin sətiraltı mənası bundadır! Koronavirusla bərabər, ondan daha təhlükəli “ictimai virus” daşıyıcıları olan insanlar da canlanıblar. Hətta ehtiyacı olan ailələrə ərzaq paylayıb, bundan video-reportajlar hazırlayan, sonra demək olar, eyni şərhlərlə sosial şəbəkələrdə paylaşanların “yaradıcılığında” tanış xətt görürəm. Azərbaycanda “5-ci kolon” nə vətəndaş cəmiyyəti, nə açıq müxalifət deyil! Vəzifədə şişib-şişib, işdən çıxarılandan sonra sərvətini qorumağa çalışan və itirdikləri mövqeləri qaytarmaq məqamı axtaran “urusbaşlılardır”! Onların dövlət strukturlarında güclü əlaqələri, geniş maddi imkanları, media resursları hələ də qalır. 
Nə yaxşı ki, kabinetlərində deyil, evlərindədirlər. Yoxsa, əminəm ki, məqalə yazdırmaqla kifayətlənməzdilər





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10