Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əli Həsənov vəzifədən uzaqlaşdırılmasını həzm edə bilmir


 
“Mediadakı “qrant mafiyası”na NED-dən 1,5 milyonluq yeni tranş”... Prezidentin sabiq köməkçisi Əli Həsənovun çökdürdüyü Azərbaycan mediasınının acınacaqlı mənzərəsi fonunda “Aznews” saytının atdığı bu manşet diqqətimizi çəkdi. Əli Həsənovdan qalma klassik üslubdur - istənilən yeniliyi hansısa “qaranlıq güclərə” calamaq, xoşu gəlməyənləri müxtəlif adlarla “mafiya” kimi təqdim etmək və nəhayət, hansısa xarici təşkilatın adını bu məsələdə önə çıxarmaq.
 
Bir də mütləq “milyon” sözü işlədilməlidir. Çünki onda daha cəlbedici olur və qarayaxma kampaniyasının “uğurlu” alındığı hesab edilir.
 
Bu manşet də Əli Həsənovun “mətbəxindən çıxan” qarayaxma kampaniyasının davamıdır. Halbuki, bu şəxs artıq sabiqlər sırasına daxildir və azad medianın yerində böyük xarabalıq yaradandan və buna görə vəzifəsindən gedəndən sonra susmalı, abrına qısılmalı idi. Axı dövlət başçısı onu vəzifəsindən uzaqlaşdırmaqla ən yüngül cəzanı verdi, vəzifəsindən sui-istifadə edərək qurduğu biznesinə də toxunmadı.
 
Lakin Əli Həsənov vəzifəsindən çıxarılması ilə hələ də barışmaq istəmir. Qəzəbini “dişsiz” saytları vasitəsilə körükləyərək, dövlət başçısının islahatlarına qarşı növbəti sabotaj oyunlarını oynayır. Adıçəkilən saytın məlum məqaləsini incələdikdə bunu daha aydın görmək mümkündür.
 
Birinci məqam odur ki, Əli Həsənov mediadakı köhnə trolları vasitəsilə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya İnstitutunun (NED) təşəbbüsü kimi cəmiyyətə sırımağa çalışır. Bununla demək istəyir ki, Azərbaycan Prezidenti NED-in istəyi ilə onu vəzifəsindən çıxarıb?!
 
Gülməli, həm də təhlükəli iddialardır. Prezidentin siyasi iradəsini hansısa xarici təşkilatlarla əlaqələndirmək Əli Həsənovun təhlükəli sularda üzməkdə israr etdiyini göstərir. Sabiq köməkçi faktiki olaraq, Prezident tərəfindən aparılan uğurlu islahatları gözdən salmağa və NED təşkilatının ayağına yazmağa çalışır. Halbuki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə yaradılan şəffaflıq və azad-sərbəst mühitin nəticəsidir ki, vaxtilə Əli Həsənovun amansız təzyiqləri ilə üzləşmiş KİV-lər belə, bu gün azad şəkildə öz fəaliyyətlərini bərpa edə bilib.
 
İkinci əsas məqam odur ki, sözügedən məqalədə Prezidentin Sərəncamı ilə ötən il 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuş görkəmli Xalq yazıçısı İsmayıl Şıxlının oğlu Elçin Şıxlı, eyni zamanda müstəqil Azərbaycanın tanınmış və nüfuzlu media simalarından olan Arif Əliyev, Mehman Əliyev və digər vətənpərvər jurnalistlərimiz hədəfə alınıblar. Bu, təsadüfi deyil, çünki adıçəkilən insanlar Əli Həsənovun xarabalığa çevirdiyi Azərbaycan mediasının xilas edilməsi uğrunda çox mübarizə apardılar. Bu mübarizədə Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, onlara qarşı apardığı təzyiq-şantaj kampaniyaları ilə üzləşdilər, lakin yollarından dönmədilər.
 
Sonda dövlət başçısının çoxşaxəli islahat kursu medianın da xilas edilməsi prosesinə səbəb oldu. Bu şəxslərin hər biri də Prezidentin islahatlarına açıq şəkildə dəstək nümayiş etdirdilər. Bu dəstək bu gün də davam edir. Medianın əvvəlki vəziyyəti ilə müqayisədə bu gün irəliləyişlər göz önündədir və bu işdə Əli Həsənovun hədəfə aldığı həmin media kapitanlarının da rolu danılmazdır.
 
Onlar kimdir?
 
Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev kimi peşəkar media mənsubları Azərbaycanda müstəqil medianın əsasını qoymuş ziyalılardır. Ancaq Əli Həsənov vaxtilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bu şəxslərə qarşı amansız təqiblər aparır, onların rəhbərlik etdiyi KİV-ləri məhv etməyə və susdurmağa çalışırdı. Çünki bu ziyalılar Əli Həsənovun medianı məhv edən oyunlarında iştirak etmək istəmirdilər.
 
Nəticədə Elçin Şıxlının rəhbərlik etdiyi “Ayna-Zerkalo” qəzetləri Əli Həsənov tərəfindən edilən amansız təzyiqlər nəticəsində fəaliyyətini bir müddət dayandırmalı oldu, Mehman Əliyevin rəhbəri olduğu “Turan” informasiya agentliyi və bu qəbildən olan digər KİV-lər də Əli Həsənovun təzyiqləri ilə üzləşdilər. Ancaq Elçin Şıxlı bu mübarizədən ölkə rəhbərliyinin və Azərbaycan xalqının qarşısında üzüağ çıxdı, 2018-ci ildə müstəqil Azərbaycan mətbuatının inciləri sayılan “Ayna” və “Zerkalo” qəzetləri elektron formatda fəaliyyətlərini bərpa etdi.
 
Bəs “Ayna-Zerkalo” qəzetləri necə bağlanmışdı?
 
Bu, uzaq tarix deyil. Əli Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hədəf seçdiyi KİV-lərə qarşı amansız mübarizəyə ləğv olunmuş keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu da cəlb edə bilmişdi. Bunun bariz nümunəsi kimi keçmiş MTN tərəfindən tutulmuş “Ayna” və”Zerkalo” qəzetlərinin Türkiyədəki xüsusi müxbiri Rauf Mirqədirovun həbsini göstərmək olar. Rauf Mirqədirov Əli Həsənov-Eldar Mahmudov cütlüyünün birgə sifarişi ilə həbs edilmişdi.
 
Sonrakı proseslər göstərir ki, Əli Həsənov bununla hədəf seçdiyi media kapitanlarına qarşı “tutarlı fakt” axtarışında imiş. Lakin həqiqət gec-tez ortaya çıxır - dövlət başçısının sərəncamı ilə Rauf Mirqədirov azadlığına qovuşdu.
 
Əli Həsənov peşəkar jurnalistləri niyə "düşmən" elan etmişdi?   
 
Sabiq köməkçinin Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev və digər peşəkar jurnalistləri “düşmən” elan etməsi, onların yaratdığı müstəqil medianı əzərək sıradan çıxarmağa çalışması öz maraqlarının təmin edilməsi gedişi idi. Çünki o, bununla özünü medianın “əvəzolunmazı” kimi təqdim edərək, illərlə dövlətin milyonlarla vəsaitini rahat mənimsəyə bilirdi.
 
Amma Əli Həsənovun bu xəyanətkar oyunu çox çəkmədi, vəzifəsindən çıxarıldı. Lakin bu gün Prezidentə, onun islahat kursuna qarşı başlatdığı qarayaxma kampaniyası onun “bəlkə qaytardılar” arzusundan qaynaqlanır və o, bu arzusu naminə dövləti sabotaj etməkdən belə, çəkinmir.
 
Sevindirici hal odur ki, Əli Həsənov öz məkrli niyyətlərini dövlətin vaxtilə ona vermiş olduğu səlahiyyətlərdən sui-istifadə edərək daha həyata keçirə bilmir. İndi Əli Həsənov dövlətə qarşı öz xain niyyətlərini yalnız nəzarət etdiyi bir neçə “dişsiz” saytlarında tirajlaya bilir və bununla ikrah hissindən başqa heç nə əldə edə bilmir...
 
Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10